Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 20:25:00
Bakıda keçirilən elmi konfrans yekunlaşıb

Bakıda Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) dəstəklədiyi Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci beynəlxalq elmi konfrans (TECIS 2018) bu gün işini başa çatdırıb. AzEdu.az xəbər verir ki, konfransın bağlanış mərasimində “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və konfransın təşkilat komitəsinin sədri, texnika üzrə fəlsəfə doktoru Bahadur İbrahimov bir neçə ay davam edən təşkilati işlərdən sonra Bakıda keçirilən üçgünlük konfransın öz məqsədinə nail olduğunu deyib. Tədbirə dəstək verdiyinə görə Azərbaycanın dövlət qurumlarına və ali məktəblərinə minnətdarlığını bildirən B.İbrahimov 38 ildən sonra IFAC-ın konfransının yenidən Bakıda keçirilməsindən qürur hissi duyduğunu vurğulayıb.

 

IFAC-ın prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgover, Vyana Texnologiya Universitetinin professoru Peter Kopacek çıxış edərək konfransın təşkilindən, Azərbaycanın IFAC-a üzvlüyündən məmnunluqlarını, azərbaycanlı alimlərin IFAC-ın sıralarında fəal iştirak edəcəklərinə əminliklərini bildiriblər. “TECIS 2018”in onların gözləntilərini doğrultduğunu deyən alimlər bundan sonra da Azərbaycanda IFAC-ın konfranslarının müntəzəm keçirilməsinin tərəfdarı olduqlarını qeyd ediblər.

 

Sonra gənc alimlər IFAC tərəfindən mükafatlandırılıblar.

 

Konfransın son günü keçirilən sessiyalarda Azərbaycandan Manafəddin Namazov, Abbas Əlili, Nərmin Rzayeva, Yunanıstandan Bountis Anastasios, Türkiyədən Çingiz Hacıyev, Avstriyadan Valmir Hoxha, Bolqarıstandan İvan Simeonov, Fransanda Sorin Olaru və digər alimlərin iştirakı ilə “Ürək fəaliyyətində dəyişikliklərin spektral səs izləmə texnologiyaları”, “İkimərhələli biotexnoloji proseslərin modelləşdirilməsi və ekstremal tədqiqat idarəetməsi”, “Biotibbi texnologiyalar sistemi”, “Mürəkkəb idarəetmə texnologiyaları və ağıllı qərarqəbuledici sistemlər”, “Dayanıqlı dizayn və texnoloji idarəetmə”, “Beynəlxalq şirkətlərin sənayesində internet təhlükəsizliyi”, “Avtomatik işıq detektorlu və hesabat verən robotlar”, “Özünü bərpa və dərk edən robotlar” və digər mövzularda müzakirələr aparılıb, təqdimatlar keçirilib.

 

Konfrans çərçivəsində Bibiheybət Neft-Qazçıxarma İdarəsində, Sumqayıt Texnologiyalar Parkında olan tədbir iştirakçılarına burada tətbiq edilən idarəetmə sistemləri üzrə əhəmiyyətli elmi nailiyyətlər barədə ətraflı məlumat verilib.