Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-08 15:59:18
“Biz riyaziyyatı ingilislərdən yaxşı bilirik” - Ekspertdən AÇIQLAMA

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Əlimusa İbrahimov deyib:

 

 

“Biz riyaziyyatı ingilislərdən daha çox bilirik. İngiltərə Baş Naziri Rişi Sunakın  2023-cü ildə  ilk çıxışlarından biri təhsilə, daha doğrusu ölkədə riyaziyyat fənninin tədrisinə  həsr olunub. Baş Nazir ölkə vətəndaşlarının riyaziyyatı zəif bilməsinə toxunaraq bu sahəyə diqqəti artırmağın vacibliyini vurğulayıb. O, hökuməti bu sahəyə diqqət artırmağa çağırıb. Onun təklifinə görə, riyaziyyat üzrə təhsil müddətini 18 yaşına qədər artırmaq lazımdır. Yəni bu vaxta qədər İngiltərə məktəblərində riyaziyyat fənni əsaən 16 yaşına qədər tədris olunur və bu yaşından sonra şagirdlərin təxminən yarısı bu fənnə əlvida deyirlər. Qalan yarısı isə bu və ya digər dərəcədə riyaziyyatla bağlı ixtisaslarda təhsil aldıqlarına görə, riyaziyyatı 16 yaşından sonra da oxuyurlar. Amma bu hal, yəni təhsil alanların yarısının riyaziyyatla 16 yaşında ayrılması ölkə əhalisinin bilik səviyyəsinin aşağı düşməsi ilə nəticələnir.

 

“Rəqəmlərin hər yerdə hakim olduğu, statistikanın bütün işlərin  əsasına nüfuz etdiyi bir zamanda uşaqlarımızı bu elmdən ayırmaq onların əl-qolunu bağlamaq deməkdir”-deyə Sunak bildirib.

 

Rişi Sunakın toxunduğu məsələ təhsil işçiləri və ekspertlər tərəfindən yüksək entuziazmla qarşılansa da, bu hədəfə çatmaq üçün İngiltərə təhsil sistemində ciddi islahatlar aparılmalıdır. Belə ki, dərs proqramları və kurikulumlar yenidən işlənməli və riyaziyyatın tədrisi 18 yaşına qədər şagirdləri əhatə etməlidir”.

 

Dosent, İngiltərədə riyaziyyat fənnini tədris edən müəllimlərin də azlıq təşkil etdiyini vurğulayıb:

 

“Amma problem bununla bitmir. Ölkədə riyaziyyat fənnindən dərs deyən pedaqoqların sayı da kəskin aşağıdır. Belə ki, məktəblər bu ixtisasa malik müəllimlərlə 50-55 faiz təmin edilir. Əgər Sunakın təklif etdiyi layihə qəbul edilərsə, onun həyata keçirilməsi üçün 10 ildən artıq vaxt lazım gələcək. Bu proses həm də mərhələli şəkildə həyata keçirilməlidir.

 

 

Təbii ki, Rişi Sunakın bu məsələyə diqqəti cəlb etməsinin əsas səbəbi ingilislərin təhsil səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır. Bu məsələ çoxdan bəri ingilisləri narahat edir. Amma son 20 ildəki ölkə rəhbərlərindən təkcə Rişi Sunakın  ciddi qərar qəbul etmək fikrində olduğu görünür.

 

 

Müqayisə üçün qeyd edək ki, bəs bizdə riyaziyyat, onun tədrisinə münasibət necədir? Riyaziyyat və onunla bağlı fənlərin tədrisi ilə əlaqədar vəziyyətin necə olduğuna toxunmadan bildirmək istərdik ki, respublikamızda orta ümumtəhsil məktəblərində riyaziyyat fənni sona, yəni 11-ci sinifə qədər tədris olunur. Universitetlərdə isə ixtisasından asılı olmayaraq I və II kurslarda riyaziyyat fənni tədris edilir. Deməli, bizdə riyaziyyat fənnini bilən əhalinin faizi İngiltərəyə nisbətən daha çoxdur. Təqdirəlayiqdir”.