Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-07 17:13:00
Dünyanın ən böyük zəlzələsi harda baş verib?

Dünya tarixinə nəzər saldıqda güclü zəlzələlərin baş verdiyinin şahidi oluruq. Lakin bəzi zəlzələlərin şiddəti və dağıdıcılığı kifayət qədər böyük fəlakətlərə səbəb olub.

 

AzEdu.az dünyada baş vermiş ən güclü zəlzələləri təqdim edir:

 

Çili

1960-cı ildə Çilidə baş vermiş hadisə indiyədək şkala üzrə ölçülən ən böyük zəlzələ hesab olunur. Zəlzələnin gücü 9,5 bal olub. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, zəlzələdə 3000 nəfər ölüb, 2000 nəfər yaralanıb və 2.000.000 insan evsiz qalıb. Lakin bəzi araşdırılmış məlumatlardasa ölü sayının 6000-ə çatdığı iddia olunur. İqtisadi zərər 400-800 milyon dollar aralığında deyilsə də, sonradan bu rəqəmin 3.19-6.38 milyard dollar olduğu bildirilib.

 

Alyaska

 27 mart 1964-cü ildə ABŞ-ın Alyaska ştatında baş vermiş zəlzələ 9,2 bal gücündə idi. Bu zəlzələ kifayət qədər güclü olsa  da, xoşbəxtlikdən cəmi 131 nəfər həyatını itirmişdi. Şiddətli bu zəlzələdə itkilərin sayının azlığı yaşayış məntəqələrində insan sayının az olması ilə əlaqələndirilir. Bu zəlzələ tarixin 2-ci ən güclü yeraltı təkanı hesab olunur.

 

İndoneziya

26 dekabr 2004-cü il  İndoneziyada yer qabığının 30 kilometr dərinliyində baş verən 9,1 bal gücündə bu zəlzələ təxminən 8-10 dəqiqə davam edib və indiyə qədər baş vermiş ən uzun müddətli zəlzələ olaraq qeyd edilir. Təkcə İndoneziyada deyil, Banqladeş, Hindistan, Malayziya, Myanma, Tailand və Sinqapurda da hiss olunan zəlzələ dünyanı da 1 sm yerindən oynadıb.

 

 

Yaponiya

2011-ci il martın 11-də Yaponiyanın şərq sahili Tohokuda 9 bal gücündə baş verən zəlzələ  Yaponiyada indiyədək olan yeraltı təkanların ən böyüyüdü. Yaponiya hökuməti bu təbii fəlakəti rəsmən “Böyük Şərqi Yaponiya zəlzələsi” adlandırıb. 6 dəqiqə davam edən fəlakətdən sonra bölgədə hündürlüyü 37,9 metrə çatan sunami dalğaları baş verib. Zəlzələdə 15 828 nəfər həyatını itirib. 6126 nəfər yaralanıb, 2173 nəfər itkin düşüb. Avtomobil və dəmir yollarına ciddi ziyan dəyib, müxtəlif yerlərdə yanğınlar baş verib, bənd dağılıb, əraziləri su basıb... Zəlzələ nəticəsində baş verən sunami dalğaları Fukusima Atom Elektrik Stansiyasına da ziyan vurub.

 

 

Rusiya

Tarixdə digər böyük  zəlzələ 4 noyabr 1952-ci ildə Rusiyanın şərqindəki Kamçatkada 9 bal gücündə olub. Eyni bölgədə 1737 və 1923-cü illərdə də oxşar intensivlikdə zəlzələlər yaşanıb və 1923-cü ildə baş verən sunami dalğaları 6 metr hündürlüyə çataraq Havay sahillərini vurub. 1952-ci il zəlzələsində tələfat qeydə alınmasa da, sunami; Alyaska, Çili və Yeni Zelandiya sahillərində öz təsirini göstərdi.