Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 13:21:00
MİQ üzrə hazırlıq kursları olmamalıdır-EKSPERT

 

“Müəllimlərin işə qəbulu üzrə kurslar ali təhsil müəssisələrinə etimadsızlıq yaradır”

 

 Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

 

Onun fikrincə, müəllimlərin işə qəbulu üzrə hazırlıq kursları mövcud olmamalıdır:

 

“Pedaqoji sahədə kadr hazırlayan bütün ali təhsil müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi kreditlər əsasında fənləri tədris edir. Bu fənlərin tədrisi  müvafiq proqramla həyata keçirilir. Müəllimlərin işə qəbul imtahanına ali məktəblərdə keçirilən proqramlardan bəhs edən mövzular salınmır. Ortada gəzən “sehrli bir kitab” var və çalışırlar ki, sualların bir neçəsini burdan götürsünlər, sonra da reklam etsinlər ki, MİQ imtahanının sualları buradan seçilir. Belə bir biznes şəbəkəsi qurulub”.

 

Ekspert, sözü gedən problemin aradan qaldırılma yollarından söz açıb:

 

“Bu problemi aradan qaldırmaq üçün müəllimlərin işə qəbulu müsabiqəsinin proqramının suallarını ali məktəbdə pedaqoji sahədə təhsil alanların keçdikləri proqramla uyğunlaşdırmalıdırlar. Bu zaman müəllimlər ali məktəbdə öyrəndikləri dərslər əsasında imtahan verə bilərlər.

 

Ümumiyyətlə MİQ  hazırlıq kurslarının mövcud olması özü bir problemdir. Əgər gənc dörd il pedaqoji sahədə təhsil alırsa və müəllim olmağa hazırlaşırsa, lakin müəllimlərin işə qəbul müsabiqəsinə onun dörd ildə keçdiyi proqramdan heç biri salınmırsa, problemi burada axtarmaq lazımdır. Müəllimlərin işə qəbulu üzrə kursların mövcudluğu ali təhsil müəssisələrinə etimadsızlıq mühiti yaradır. Belə görünür ki, bizim ali məktəblərimiz əmək bazarına kadr hazırlaya bilmir. Reallıqda MİQ imtahanlarında ali təhsil müəssisələrində keçirilən proqram əsasında suallar tərtib olunmur”.