Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 17:17:00
AzEdu.az yeni tədris ilində oxuculara bu sürprizləri edəcək –İlk dəfə olacaq layihələr

AzEdu.az təhsil portalının məqsədi hər insanı daim izləyən təhsil, elm, maarif  anlayışının bir cəmiyyət daxilində  daha da inkişaf etdirilməsi,  bu sahədə problem və perspektivlərin üzə çıxarılmasıdır. 

Portal  jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq, keyfiyyətli informasiya təqdim etmək və Azərbaycan təhsil arenasında ən etibarlı mənbə, bütün sualların cavablarının toplandığı baza olmağı hədəfləyib.

Bu missiya və məqsədimizin həyata keçməsindən ötrü  AzEdu.az saytı 2018-2019-cu tədris ilində bir sıra yeniliklərə imza atacaq.

Portalda sırf elm və təhsil jurnalistikası istiqamətində keçiriləcək təlimlər, bu sahədəki kadr boşluğunu aradan qaldırmağa yönələcək. Təhsil sahəsindən yazan peşəkar jurnalistlərin çoxluğu birbaşa elm və təhsilin inkişafına da müsbət təsir etməyə qadirdir.

Bundan əlavə AzEdu.az bütün müəllim, tələbə və şagird kontingentini “şəbəkə” şəklində bir araya gətirəcək xüsusi layihə və yarışmaları da olacaq. Bu barədə oxuculara ətraflı məlumat veriləcək. Lakin hələlik sürpriz olaraq qalmasını lazım bildik. Bircə onu qeyd edək ki,  bu layihələr çərçivəsində hədiyyə və güzəşt paketlərimiz də az olmayacaq. Sürprizləri gözləyin!  

KARİKATURA - Yeni layihədə, portalda mütəmadi olaraq, həftədə bir dəfə təhsil gündəmi ilə  bağlı müxtəlif mövzulu karikaturalar nümayiş olunacaq.

Karikaturaçı rəssam Fərid Hüseynlinin çəkdiyi karikaturalarda təhsildəki bütün çatışmazlıqlar, elm və təhsillə bağlı insanları narahat edən məsələlər öz əksini tapacaq. Təhsilin bütün xırdalıqlarını əhatə edən karikaturalarda təhqir, şərəf və ləyaqətin alçaldılması, irqi və etnik ayrı-seçkilik kimi xoşagəlməz hallara yol verilməyəcək.

ELEKTRON – KİTABXANA -  Saytın sağ küncündə, xəbər lentindən yuxarı hissəsindəki “rəf”də e-kitablar yerləşdiriləcək. Kitablar ilkin olaraq Azərbaycan və türk dillərində olacaq. Əsasən, testlər, lügətlər, dərs vəsaitlərinə üstünlük veriləcək. Əlavə olaraq, bədii və elmi kitablarında pdf versiyasını e-kitabxanaya yüklənəcək.

REKTORA SUAL -  Yeni layihəyə əsasən, Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin tələbələri təhsil aldıqları ali məktəbin rektoruna sual ünvanlaya biləcəklər. Missiyamız rektor-tələbə münasibətlərinin əlçatanlığında vasitəçi olaraq tələbələr üçün qaranlıq qalan və onlar üçün vacib olan xüsusi məqamların rektorlar tərəfindən cavablandırılmasını təmin etməkdir.

İstənilən tələbə, xüsusilə də I kurs tələbələri AzEdu.az saytında yerləşdiriləcək “Rektora sual” bölməsi vasitəsilə təhsil aldıqları ali təhsil müəssisəsinin rektoruna sual verə biləcəklər.

Üstəlik, AzEdu.az məhz ucqar kənd məktəblərində təhsil alan uşaqların da kitab oxumasına yardımçı olmaq üçün layihə təşkil edəcək. Layihəni keçirməkdə əsas məqsəd ucqar kənd məktəblilərinin maariflənməsinə az da olsa töhfə verməkdir. Əziz oxucular, AzEdu.az sizin hədiyyə etdiyiniz imzalı kitabları kəndlərdə, bölgələrdə məktəblilərə paylayacaq. 

Hələ bunlar nədir ki?! Bir-birindən maraqlı olan rubrika və layihələr, həm yazı, həm də multimedia imkanlarından yararlanmaqla, oxuculara təqdim ediləcək.

Məsələn, “Nəyi bilmirik?”  rubrikasın çərçivəsində  təhsil sahəsində baş verən bütün yeniliklər barədə mütəxəssislər danışacaq. Valideyn, tələbə və şagirdlər üçün qaranlıq qalan məqamlara aydınlıq gətiriləcək.

Hələ tələbələrin sevdikləri məşhur şəxsə sualları da olacaq. Birinci kurs tələbəsinin (həmçinin, başqa kurslar, magistlar və s. ) suallarını tanınmış şəxsə şəxsən özümüz çatdıracağıq.

Həə, bir də məşhurları “dərsə  qaytaracağıq”. Necə? Yox, qoy, o sirr qalsın.  AzEdu.az-ı izləyin ki, özünüz şahidi olasınız. Bizdən demək…

Müəllimlər onları ən çox narahat edən bir məsələyə portalda xüsusi yer ayrılacaq. Gəlin, bunu da sürpriz kimi saxlayaq…

Abituriyentlərin rahatlığı və müxtəlif fənlərdən dərs proqramını daha yaxşı mənimsəmələri üçün unikal bir layihəmiz olacaq. Bu barədə isə ayrıca və geniş məlumat veriləcək.