Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-21 17:35:00
UNEC nümayəndələri Türkiyənin aparıcı universitetlərində təcrübə mübadiləsində olublar  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti kitabxana işi ilə tanış olmaq məqsədilə Türkiyənin Boğaziçi, Koç və Mərmərə universitetlərində təcrübə mübadiləsində iştirak ediblər.

 

UNEC-dən  AzEdu.az-a bildirilib ki, təcrübə mübadiləsinin son günündə nümayəndə heyəti Mərmərə Universitetinin prorektoru, kitabxana rəhbərliyi və kollektivi ilə görüşüb.

 

Görüşdə Kitabxana-İnformasiya Mərkəzinin direktoru tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva Mərkəzin fəaliyyəti, yeni xidmətlər, layihələr, verilənlər bazası ilə iş, e-kitabxana resursları barədə təqdimatla çıxış edib.

 

Sonra mübadilə proqramı çərçivəsində əldə edilən biliklər, kitabxanalararası əlaqələrin qarşılıqlı inkişafı, kitabxana resurslarının mübadiləsi istiqamətində müzakirələr aparılıb.

 

Görüşdə UNEC-in nəşrləri olan “Azərbaycan iqtisadiyyatı: infoqrafika” və “UNEC şəhidləri” kitabları Mərmərə Universitetinə hədiyyə olunub.

Sonda Mərmərə Universitetinin prorektoru professor Hasan Korkut və kitabxana direktoru Öndər Bayır UNEC əməkdaşlarını “Mesleki Bilgi” paylaşım proqramını uğurla başa vurması münasibətilə təbrik edərək, nümayəndə heyətinə sertifikatlar təqdim ediblər.