Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 11:15:00
“Bəzi alimlərimizin beynəlxalq səviyyədə məqalə yazmaq bacarıqları yoxdur”- Fəlsəfə doktoru

 

“Universitetlərin zahiri görünüşü gözəl ola bilər, lakin onun daxilində nə var? Tədqiqat mühitinin olmaması,həmçinin labaratoriyaların yalnız görüntü xatirinə təşkil olunması bizi geri salır”.

 

Müxtəlif təhsil təşkilatları tərəfindən fərqli zamanlarda dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq cədvəlləri hazırlanır. Bu cədvəllər universitetdə təhsil alan əcnəbi tələbə sayı, tədqiqat imkanları, elmi nəşrlərə istinad və s. kimi meyarlar əsas götürülərək tərtib edilir.

 

Zaman-zaman bir neçə Azərbaycan universitetinin də bu siyahılarda yer aldığını görsək də, ümumi nəticə o qədər də ürəkaçan deyil.

 

Bəs Azərbaycan universitetləri nədə uduzur? Bu reytinq siyahılarında istənilən nəticəni əldə etmək üçün nələrə diqqət etmək lazımdır? Universitetlərimizdə bu istiqamətdə nə kimi çatışmazlıqlar var?

 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında reytinq siyahılarının tərtib edilməsində diqqət edilən ən vacib məqamları nəzərə çatdıraraq,universitetimizin bu istiqamətdəki çatışmazlıqlarında söz açıb:

 

“Azərbaycan universitetlərinin dünya reytinqində aşağı nəticələr göstərməsi narahatlıq doğurur. Bu reytinqlər müəyyənləşərkən universitetlərin qiymətləndirilməsi müxtəlif parametrlər çərçivəsində aparılır. Nəzər salsaq, görərik ki, Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın universitetləri bu sıralamada daha üst yerlərdərdədir. Həmçinin Belçika,Yaponiya, Cənubi Koreya, Almaniya mimi ölkələrin universitetlərini də bu sıralamaya daxil edə bilərik. Amma böyük üstünlük Amerika Birləşmiş Ştatlarının payına düşür. Bu qiymətləndirmə  ədalətlidir. Sistemə çərçivəsində qiymətləndirmə bir neçə parametrin əsasında aparılır. Yerli ali təhsil müəssisələrimizin əksəriyyəti reytinqlərdə yer ala bilmirlər. Təəssüf ki,bizim universitetlərdə tədqiqat çox aşağı səviyyədədir. Hansı ki,bu fakta qiymətləndirmə zamanı böyük önəm verilir. Reytinqdə öndə olan universitetlərin dərsliklərinə daha çox istinadlar verilir ki, bu da vacib faktordur. Azərbaycan universitetləri  isə bu baxımdan geridə qalır.  Təhsilin səviyyəsi və keyfiyyəti məsələləri bu amilə təsir edən faktlardır.Bu baxımdan bizim universitetlər çox aşağı mövqelərdə qərarlaşırlar. Reytinqdə qabaqcıl yeri tutmaq üçün universitetlər ciddi çalışmalıdır. Bu isə asan missiya sayılmır”.

 

 

Gənc alim Azərbaycan universitetlərinin mövcud imkanlarına diqqət çəkərək, dövlət tərəfindən bu istiqamətdə görülən işlərdən danışıb:

 

“Reytinq cədvəllərində yuxarı pillədə olmaq bir istək ola bilər. Amma ilk olaraq bu istəyə çatmaq üçün biz nə kimi imkanlarımızın olduğu haqda düşünməliyik. Reallıq isə ondan ibarətdir ki, yaxşı pillədə qərarlaşmaq imkanımız və şansımız kifayət qədər azdır. Universitetlər arası rəqabətin artırılması ilə bağlı ölkəmizdə qərar var, Prezident İlham Əliyev bununla bağlı konkret olaraq dövlət praqramı qəbul edib. Eyni zamanda beynəlxalq reytinqlərdə mövqeyimizi yaxşılaşdırmaq hədəfi əsas götürülərək bununla bağlı müvafiq komissiya fəaliyyət göstərir. Baş nazir müavini Yaqub Eyyubovun rəhbərliyi ilə bu komissiya mövcuddur.  Reytinqdə çox vacib məqamlardan biri də universitetlərin elmdə və təhsildə iqtisadiyyat payı nə qədər olmasıdır.Qeyd etdiyim komissiyada bunun üçün iqtisadiyyat nazirliyinin məsul şəxsləri də yer alıblar. Bu istiqamətdə də ölkəmizdə müəyyən işlər görülsə də,proses xeyli ləng gedir”.

 

“Azərbaycan universitetlərinin doktarantları,magistrları, hətta alimlərinin belə beynəlxalq səviyyədə məqalə yazmaq bacarıqları yoxdur”

 

“Universitetlərimizin potensialını artırımaq üçün mütləq şəkildə beynəlxalq mərkəzlərlə işləməli və eyni zamanda alimlərimizi yüksək səviyyədə yetişdirməliyik. Əslində kifayət qədər ölçü meyarları var və bu meyarların hər biri qiymətləndirməyə təsir edən amillərdir. Bu istiqamətdə dəvamlı olaraq işlərin görülməsi,universitet idarəçilərinin də hədəflərini yüksək tutması lazımdır. Biz yaxın gələcəkdə həmin reytinqlərdə yer alıb ciddi nəticələr göstərə bilmərik ,amma çox istərdim ki,ən azından ilk 500-də olaq.  Elm və Təhsil Nazirliyi ilə universitet dərsliklərinə istinad istiqamətdə müəyyən işlər gördük. Nəticədə məlum oldu ki,bizim universitetlərin doktarantları,magistrları, hətta alimlərinin belə beynəlxalq səviyyədə məqalə yazmaq bacarıqları yoxdur. Təbi ki,tədqiqatlar var, lakin bunu dünya səviyyəsinə çıxarmaq  üçün alimlərimiz daha çox çalışmalıdırlar. Universitetlər bu istiqamətdə mövqelərini ortaya qoymalı, gənclərə bacarıq və vərdişlərin formalaşması üçün şərait yaratmalıdırlar”.

 

 

“Təəssüflər olsun ki, bizim həm elmi, həm də ali təhsil müəssisələrimiz bütünlükdə beynəlxalq elmi tədqiqat qruplarında yer ala bilmirlər. Ümumiyyətlə faiz göstəricisi kifayət qədər aşağıdır. Universitetlərin zahiri görünüşü gözəl ola bilər, lakin onun daxilində nə var? Biz nələrdən geri qalırıq konkret olaraq bunları aydınlaşdırmalı və hədəflərə doğru getməliyik. Ali təhsil müəssisələrimizdə tədqiqat mühitinin olmaması,həmçinin labaratoriyaların yalnız görüntü xatirinə təşkil olunması bizi geri salır”-deyə, o bildirib.

 

Ləman Novruzova