Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 14:15:00
“Bura düşən tələbənin seçim şansı yoxdur” – Tələbəsi SABAH qruplarının uğur sirrini açdı

“Bu qruplarda müəllimlərin bir çoxu peşəkar mühasib və ya öz ixtisasları üzrə çalışırlar. Yəni,  həmin müəllimlərin dərslərin müəyyən bir bölümündə tələbələrə hansısa mövzunu işlədiyi müəssisədə əyani şəkildə göstərməsi üçün daha çox imkanı olur. Adi qruplarda isə bu şans azdır.

Üstəgəl, SABAH qrupu müəllimləri əsasən,  xaricdə oxumuş və ya heç olmazsa, xaricdə təcrübə keçmiş müəllimlər arasından seçilir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı  Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsi Vəli Səməndərli deyib. O, Maliyyə və Mühasibat fakültəsində “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alır. Vəli bu il “SABAH” qrupları imtahanlarında iştirak edərək, yüksək nəticə göstərib.

“SABAH qruplarını özümü inkişaf etdirmək üçün perspektivli hesab edirəm”

Vəli Səməndərli qeyd edib ki, mediada SABAH tələbələrinin uğurlarının tez-tez şahidi oluruq:

“SABAH qrupları barədə ilk dəfə repetitorlarımdan məlumat almışdım. Lakin, elə universitetin ilk illərində də bu tədris metodu ilə yaxından tanış olmaq mümkündür. Belə deyim: SABAH qrupları aktiv və uğurlu qruplar olduğu üçün sosial şəbələrdə, mediada SABAH tələbələrinin uğurlarının tez-tez şahidi oluruq. Buranı seçməyimin bir neçə səbəbi var. Orada prinsip budur ki, belə qruplarda savadlı, hazırlıqlı, bacarıqlı uşaqları toplasınlar. Hesab edirəm ki, bu, özümüinkişaf üçün daha perspektivlidir.

Bundan başqa, adi qruplarda sessiya imtahanları zamanı əsas fənn yazılı olacaq, digər fənlər üzrə imtahanlarda isə test üsulundan istifadə olacaq. SABAH-da isə bütün imtahanların yazılı formada təşkil olunmasını tələbələrin savadlı yetişməsi üçün daha əhəmiyyətli hesab edirəm.

Daha sonra, adi qruplarda müəllimlərin bir çoxu hər hansısa müəssisədə peşəkar mühasib və ya öz ixtisasları üzrə çalışırlar. Yəni, həmin müəllimlərin dərslərin müəyyən bir bölümündə tələbələrə hansısa mövzunu işlədiyi müəssisədə əyani şəkildə göstərməsi üçün daha çox imkanı olur. Adi qruplarda isə bu şans azdır. Üstəgəl, SABAH qrupu müəllimləri əsasən xaricdə oxumuş və ya heç olmazsa, xaricdə təcrübə keçmiş müəllimlər arasından seçilir. Yəni bu kimi bir sıra üstünlükləri nəzərə alıb, SABAH qruplarında oxumağı seçdim”.

“Əgər tələbə burada oxumağı seçibsə, demək ki, gözləntiləri çoxdur…”

Tələbə qeyd edir ki, SABAH qrupları sağlam rəqabəti formalaşdırır:

“Adi qruplarda belə hallar olur ki, tələbələr maliyyəçi olmaq istəyir, amma balı çatmadığı üçün mühasibat oxuyur. SABAH- ı seçən tələbənin isə belə bir seçim şansı yoxdur. Əgər oranı seçibsə, deməli, ixtisaslaşmış mütəxəssis olacaq. Abituriyentlər, adətən, valideyn basqısı ilə seçim edirlər, özlərini isə bu sahədə görmürlər. Bu səbəbdən də, özlərini inkişaf etdirmək üçün çalışmırlar. Amma belə qruplarda oxuyan tələbələr peşəkarlaşmaq üçün çalışırlar. Düşünürəm ki, burada təhsil almağım rəqabət hissimi artıracaq. Bu da, öz növbəsində peşəkarlığa gətirib çıxaracaq”.

“Əgər ingilis və ya Azərbaycan bölməsini seçmisinizsə, müsahibədə suallar həmin dildə cavablandırılır”.

Vəli qeyd edir ki, müsahibə mərhələsində ixtisasa dair suallar verilir. Onun sözlərinə görə, ənənəvi suallardan biri də, kitablar, yazarlarla bağlı olan sualdır:

“Müsahibə mərhələsində 3 müəllim oturur, hər biri müəyyən sahələr üzrə. Onlardan biri ixtisas müəllimi olur, digərləri isə başqa sahələrdən. Müsahibədə, həmçinin, ümumi dünyagörüşündən də suallar verilir.

Əvvəlcə SABAH qruplarında seçdiyiniz bölmə öyrənilir. Əgər ingilis və ya Azərbaycan bölməsini seçmisinizsə, suallar həmin dildə cavablandırlır. İlk öncə, bildiyim qədərilə, hər bir müsahibdən “niyə SABAH-ı seçdiyi” soruşulur. Bundan başqa, çaşdırıcı suallar da verilir. Həm də, qeyd edim ki, müsahibədə hər bir sahədən – musiqi, rəssamlıq, kino sənətindən də suallar ola bilər. Məsələn, dahi Azərbaycan bəstəkarları haqda müəyyən suallar ola bilər. Ənənəvi suallardan biri də, kitablar, yazarlarla bağlı olan sualdır. Məndən hobbimi də soruşmuşdular. Qısaca, hər şey haqda soruşa bilərlər. Konkret olaraq filan suallar olacaq deyə bir standart yoxdur. Tələbələrin özünü vəziyyətdən çıxarma qabiliyyəti yoxlanılır”.