Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 12:15:00
Abituriyentlərin etdikləri həyati səhv- Universitetlərimiz nəyə hazır deyillər?-PROBLEM

 

 

“Son zamanlar demək olar ki, bütün universitetlər çox sayda şirkətlə əməkdaşlıq edilər. Amma təəssüf ki, bu əməkdaşlıqların əkəriyyəti sənəd üzərində qalır. Bəzi tələbələr də heç bir təcrübəyə malik olmadan birbaşa yüksək gəlirli iş axtarırlar”

 

Tələbə üçün əsas məsələ təhsil aldığı müddətdə ixtisası üzrə necə təcrübə toplaya biləcəyi və iş imkanı qazanacağıdır.

 

Aktiv, bacarıqlı, çalışmağa meyilli olan gənclər universitetdə dərslərə hazırlaşmaqla yanaşı, ixtisas üzrə biliklərini təcrübə vasitəsilə daha yaxşı mənimsəmək, elə universiteti bitirmədən işə başlamağı düşünürlər.

 

Hazırkı dövrdə bəzi ixtisaslar üzrə tələbəykən öz sahən üzrə çalışmaq daha əlçatandır. Amma bəzi universitet və müəssisələr buna maraq göstərmirlər. Ali təhsil müəssisəsi çox sayda yerli və xarici şirkətlə əməkdaşlıq qursa da, bu razılaşma elə sənəd üzərində qalır. Olan isə tələbələyə olur.

 

Bəs işəqəbul zamanı təcrübənin əsas götürüldüyü bir zamanda bu problemin əsas səbəbləri nələrdir?

 

İxtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev AzEdu.az-a açıqlamasında gənclərin abituriyent olarkən seçəcəkləri universitet və ixtisasın gələcək imkanlarını araşdırmalı olduqlarını bildirib:

 

“Abituriyentlər ixtisas seçimi edərkən gələcək təcrübə və iş imkanlarını nəzərə almalı, diqqət etməlidirlər. Amma təəssüf ki, çox az abituriyent bunu düşünür. Tələbələr universitetə qəbul olunduqdan sonra ümumi orta müvəffəqiyyət göstəricisinin yaxşı olmasına çalışmaladırlar. Çünki universitetlə müqavilə bağlayan şirkətlər, müəssisələr təhsil göstəriciləri yaxşı olan tələbələri təcrübəyə qəbul etmək üçün çalışırlar ki, sonra onlarla əməkdaşlıqlarını davam etdirə bilsinlər. Abituriyent universitet seçərkən mütləq həmin ali məktəbin hansı beynəlxalq və yerli şirkətlərlə əməkdaşlıq etdiyinə, əlaqələrinin necə olduğuna diqqət etməli, araşdırmalıdır. Düşünməlidir ki, bundan maksimum necə yararlana bilər, iş və təcrübə imkanları necə olacaq”.

 

Mütəxəssis hazırkı dövr tələbələri ilə əvvəlki dövrü müqayisə edərkən, təcrübənin vacibliyini vurğulayıb:

 

“Ali təhsilini ən yaxşı nəticələrlə başa vuran tələbə belə təcrübəsi olmadan istədiyi kimi yaxşı məvacibli bir işə qəbul ola bilməyəcək. Bu bütün ixtisaslara aiddir, istər İT, istərsə də müəllim və s. Amma universitetlərə müraciət edərək son kurs tələbələrini komandasında görmək istəyən şirkətlər də var ki, onlara işi öyrədib daha sonra qarşılıqlı müqavilə əsasında əməkdaşlıq etsinlər.

 

Əvvəlki və indiki dövr tələbəliyi arasında çox böyük fərq var, bizim zamanımızda bu qədər geniş imkanlar yox idi. Əvvəllər tələbələr mühafizə xidmətində, yaxud internet klubda çalışırdısa, indi aktiv, qabiliyyətli və çalışqan tələbələr əsasən, ixtisasları üzrə özlərini inkişaf etdirməyə diqqət edir. Artıq III-IV kursdan təcrübə imkanlarından maksimum yararlanır, daha sonra öz sahələri üzrə çalışmağa başlayırlar”.

 

O, bəzən tələbələrin heç bir təcrübə olmadan yüksək gəlirli işi hədəflədiyini qeyd edib:

 

“Məsələn, mən də daxil bəzi kurs rəhbərləri olaraq tələbələri öz sahələri üzrə təcrübə qazanmaları üçün dəvət edirik. Nəticədə hər iki tərəf fəaliyyətdən razı qalarsa, əməkdaşlıq rəsmiləşdirilsin. Ancaq onlar birbaşa yüksək gəlirli iş axtardıqlarını bildirirlər. Bu, çox sərt düşüncədir. Axı təcrübə olmadan bu necə mümkün ola bilər? Haqlı olaraq heç bir müəssisə təcrübəsi olmayan əməkdaşa əminliklə hər hansı bir işi etibar edə bilməz”.

 

A.Vəliyev tələbələr üçün təşkil edilən əmək yarmarkalarına şirkətlərin soyuq yanaşmasından danışıb:

 

“Son zamanlar demək olar ki, bütün universitetlər çox sayda şirkətlə əməkdaşlıq edilər. Amma təəssüf ki, bu əməkdaşlıqların əksəriyyəti sənəd üzərində qalır. Belə olan halda isə tələbələr bu təcrübə imkanından yararlana bilmirlər. Universitetlərin təşkil etdikləri əmək yarmarkalarında iştirak edən şirkətlərə tələbələr CV göndərmələrinə baxmayaraq, çox zaman heç biri ilə əlaqə qurulmur. Həm universitetin, həm də işəgötürən müəssisənin bu kimi yarmarkalarda aktiv olmasını arzu edirik. Kədərli haldır ki, universitetlərimiz bu kimi məsələlərdə çox geri qalırlar, düşünürəm ki, beynəlxalq təcrübədən fərqli şəkildə istifadə etməlidirlər. Xarici ölkələrdə də bu kimi əmək yarmarkaları keçirilir və tələbələr üçün müsbət nəticələrlə yekunlaşır”.

 

“Şirkət sahibləri işçi, iş axtaranlar da işin yoxluğundan şikayətlənirlər. Mütləq şəkildə universitetlər və müəssisələr arasında ciddi əlaqələr olmalıdır. Bu vasitə ilə şirkətlər ehtiyacı olan kadr təminatını universitetlərə müraciət edərək tamamlaya bilərlər. Universitetlər də bu şirkətlərin tələbələrinə uyğun şəkildə kadr yetişdirməyə çalışmalıdırlar. Bu ali təhsil müəssisənin özü üçün də çox vacib və faydalıdır”-deyə, mütəxəssis bildirib.