Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 15:28:00
Universitet təyinat verməməlidir – “Dünyada elə bir şey yoxdur”-ETİRAZ

 

 

“Universitet tələbəni işlə təmin etməlidir deyə düşünmək doğru deyil. Ali təhsil müəssisəsi sadəcə iş dünyası və tələbə arasında əlaqələndirici funksiya daşıyır”.

 

Tələbə üçün təhsil aldığı universitetin keyfiyyətli tədris verməsi ilə yanaşı, əmək bazarı ilə yaxın əlaqələrinin də olması vacibdir.

 

İxtisası üzrə çalışmağa, iş dünyasına tez atılmağa çalışan tələbə sadəcə dərslərinə diqqət ayırmaqla kifayətlənmir, öz sahəsi üzrə təcrübə və iş imkanları ilə maraqlanır.

 

 

Bəs universitetlərimiz tələbələri üçün bu imkanı yarada bilibmi?

 

 

UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müdiri, ali təhsil üzrə mütəxəssis Xətai Alıyev AzEdu.az-a açıqlamasında universitetlə iş dünyası arasında əlaqələrin vacibliyini vurğulayıb:

 

 

“Ali təhsil müəssisəsi ilə iş dünyasının əlaqələri böyük əhəmiyyətə malikdir. Çünki universitet əmək bazarı üçün kadr yetişdirir. Həmin kadrların bilik və bacarıqları iş dünyasının tələblərinə mümkün çərçivədə uyğun olmalıdır. Bu baxımdan universitetlərdə tələbələr üçün təcrübə və iş imkanlarının yaradılması vacibdir. Sovet dövründən qalan universitetin məzunu işlə təmin etməsi kimi bir anlayış var. Hər hansı bir universitet tələbəsini, məzununu işlə təmin edir deyə seçim zamanı ona üstünlük verilir. Hazırkı dövrdə bəzi xüsusi təyinatlı müəssisələr xaric heç bir universitetin işlə təminetmə kimi bir funksiyası yoxdur”.

 

Mütəxəssis beynəlxalq təcrübədə universitetin tələbə ilə iş dünyası arasında əlaqələndirici funksiya daşıdığını bildirib:

 

“Dünya təcrübəsində də belədir ki, ali təhsil müəssisəsi gənc kadrı bilik və bacarıqlarına uyğun şəkildə yetişdirir, iş dünyası ilə əlaqələrini yaxşı saxlayır, müəssisələri özünə cəlb edir, əmək yarmarkaları həyata keçirir. Yəni tələb və təklif mexanizmində əlaqələndirici rol oynayır. Məzun öz bilik və bacarıqlarını təqdim etmək imkanı qazanmaq istəyirsə, digər tərəfdən bir şirkət özünə yaxşı kadr tapmağa çalışırsa, onları bir araya gətirmək rolunu universitet öhdəsinə götürür. Buna görə də universitetlərdə departament, bəzən də prorektorluq səviyyəsində karyera, iş dünyası ilə əlaqələr tipli mərkəzlər yaradılır. Amma bu mərkəzlərin öhdəliyi tələbəni işlə təmin etmək deyil, əlaqələri möhkəmləndirməlidir”.

 

O, bəzi şirkət və müəssisələrin müəyyən səbəblərə görə tələbə və yeni məzunları özünə cəlb etməkdə çox da maraqlı olmadığını bildirib:

 

“Bu məsələdə hansı universitetin daha yaxşı olduğunu isə demək çətindir. Xüsusi təyinatlı müəssisələrdə məsələ aydındır. Düşünürəm ki, digər universitetlər arasında da iş dünyası ilə əlaqələr mövzusunda bir neçə universitet aktivliklərilə fərqlənirlər. İstənilən halda iş dünyası ilə universitetlər arasında əlqələrin müxtəlif səbəblərə görə o qədər də qanedici olmadığını deyə bilərik. Burada  müəyyən səbəblərə görə iş dünyasının da məsələyə çox da maraq göstərmədiyini vurğulamaq olar. Amma beynəlxalq şirkətlər birbaşa, yaxud dolayı şəkildə tələbələri özlərinə cəlb edə bilirlər. Məsələn, təlimlər keçirir, onları təcrübə proqramlarına cəlb edib sonra işə götürürlər”.

 

 

“Yenə də Azərbaycan dilli ixtisaslarda təhsil alan tələbələr iş və karyera imkanları o qədər də qənaətbəxş sayılmır. Hansı ki, bu kəsim daha geniş auditoriyanı əhatə edir”-deyə, o bildirib.