Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-16 14:05:00
Zal nəzarətçisi sertifikatı almaq üçün elektron qeydiyyat davam edir-UNEC

Zal nəzarətçisi sertifikatı almaq üçün elektron qeydiyyat dekabrın 20-dək davam edəcək.

 

 

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanlarda zal nəzarətçisi qismində iştirak üçün 1271 nəfər müraciət edib, onlardan 1090-ı müraciətini təsdiqləyib.

 

 

 

Namizədlər DİM-in saytında “Şəxsi kabinet” açmalı və verilən linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün ali və ya pedaqoji profilli ixtisaslar üzrə orta ixtisas təhsili olan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilər. Həmçinin aşağıda qeyd olunan tələblər nəzərə alınmalıdır:

 

- Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı təşkilatda işləməlidir (dövlət qulluğu sertifikatı əldə edən və pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan şəxslərdən iş yeri tələb olunmur);

 

- Yaşı 22-45 arası;

 

- Fiziki cəhətdən sağlam;

 

- Məhkumluğu olmamalıdır.

 

 

 

Namizədlərin qeydiyyatdan keçdikdən bir neçə gün sonra elektron poçt ünvanı və ya mobil nömrələrinə müsahibəyə qeydiyyatla bağlı bildiriş göndərilir. Namizədlər elektron anketə daxil olaraq müsahibə günü, vaxtını seçir və aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:

 

- Elektron sistemə daxil etdiyi anket;

 

- Şəxsiyyət vəsiqəsi;

 

- Təhsil haqqında sənədin əsli (diplom);

 

- İş yeri haqqında arayış (olduğu təqdirdə);

 

- Məhkumluq barədə arayış;

 

- Dövlət qulluğu sertifikatı olan şəxslər müvafiq sertifikatı.

 

 

 

Müsahibə mərhələsində namizədin sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatları dəqiqləşdirilir. Müsahibənin nəticəsi məqbul olduqda namizədə ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvətlə bağlı bildiriş göndərilir. Elektron anketə daxil olaraq test imtahanının vaxtını, yerini seçir və imtahanda iştirak edir. İntellekt səviyyəsini yoxlayan test imtahanından azı 40 faiz nəticə göstərən və psixometrik testin nəticəsi məqbul olan namizədlər növbəti mərhələyə buraxılır və təlimlərə cəlb edilir.

 

 

 

Təlimlərə qeydiyyat elektron qaydada aparılır. Namizəd elektron poçt ünvanı və ya mobil nömrəsinə bildiriş gəldikdən sonra elektron anketinə daxil olaraq təlimin vaxtı və yerini seçir. Təlimlər iki gün ərzində keçirilir. Namizəd təlimləri uğurla başa vurduqdan sonra ona imtahanların texnologiyası və qaydalarına dair test imtahanına dəvət üçün bildiriş göndərilir. Elektron anketə daxil olaraq test imtahanının vaxtını, yerini seçir və imtahanda iştirak edir. Bu imtahandan azı 60 faiz müsbət nəticə göstərən namizədlərin nəticəsi məqbul hesab olunur və DİM-in elektron nəzarətçilər bazasına daxil edilir. Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellekt səviyyənin yoxlanılması üçün ilkin test imtahanından əldə etdiyi nəticənin 40 faizi ilə imtahan texnologiyası və prosedur qaydalarına dair test imtahanından topladığı balın 60 faizi toplanır. Yekunda yalnız ən az 60 faizlik nəticə göstərən namizədlər zal nəzarətçisi sertifikatı əldə edirlər.

 

 

 

İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış zal nəzarətçilərinə üstünlük verilir.

 

 

 

Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesində ümumi intellekt səviyyəsini yoxlayan test imtahanı və təlimlər mərhələsi ödənişlidir.

 

 

 

Elektron qeydiyyatla bağlı sual yaranarsa, [email protected] ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət etmək olar.