Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-15 10:01:00
Sertifikasiyadan keçən müəllimlər yeni tədris ilindən əməkhaqqına əlavələri alıblar

Bu yay təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması barədə qərar qəbul olunub. Birinci proses Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində, habelə Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrində çalışan 11 minə yaxın ibtidai sinif müəllimini əhatə edib.

Bunu jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müavini Muxtar Məmmədov deyib. İlkin mərhələdə müəllimlərin test imtahanında iştirak etdiyini deyən nazir müavini bildirib ki, müsahibə mərhələsindən sonra yekunda 8 mindən çox təhsilverən sertifikasiya prosesindən uğurla keçib:

“Bu gün sertifikatlaşdırma prosesindən uğurla keçən müəllimlərin bir qisminə “ASAN xidmət” mərkəzində sertifikatlarını təqdim etdik. Bu, Elm və Təhsil Nazirliyi ilə “ASAN xidmət” mərkəzləri arasında əməkdaşlığın istiqamətlərindən biridir. Sertifikatlaşdırmanın əhatə etdiyi regionlarda “ASAN xidmət” mərkəzləri də olduğu üçün müəllimlərin sertifikatlarını bu mərkəzlərə təqdim etmişik.

 

Müəllimlərimizə bu barədə məlumat göndəriləcək. “ASAN xidmət” mərkəzinə yaxınlaşıb şəxsiyyət vəsiqələrini təqdim edərək sertifikatlarını əldə edə bilərlər.

Sertifikatlaşdırma ilə bağlı qeyd etmək vacibdir ki, müəllimlərin səriştə və bacarıqlarının ölçülməsi, onların güclü və zəif tərəflərinin həm bizim, həm də özləri tərəfindən öyrənilməsi ilə yanaşı, burada əməkhaqqına əlavə də tətbiq olunub. Belə ki, test imtahanı mərhələsində 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına 35 faiz, digər müəllimlərin əməkhaqqına isə 10 faiz əlavələr tətbiq olunub. Artıq yeni tədris ilindən müəllimlər bu əlavələri alıblar”.

 

AZƏRTAC