Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-14 09:12:00
Tələbələrin gələcəyi ilə oynayan  universitetlər – Pərdə arxasındakı ciddi nöqsanlar

 

 

“Əksər universitetlər təcrübələrə gözəyarı yanaşır. Universitetlərimizdə fəaliyyət göstərən karyera mərkəzlərinin işi qənaətbəxş deyil”.

 

Tələbələr üçün təcrübə və iş imkanları ən vacib məsələlərdəndir. Universitet seçərkən də əsas bu məqamlara diqqət edilir.

 

Bəzi universitetlər  bu istiqamətdə ciddi addımlar atsa da, bütün yerli ali təhsil müəssisələrinin qeyd edilən məsələdə uğurlu olduğunu deyə bilmərik. Xüsusilə də iş müsahibəsində namizədin təcrübəsinin əsas götürüldüyünü nəzərə alsaq, bu məsələnin vacibliyi göz önündədir.

 

Bəs hazırda Azərbaycan universitetləri tələbələr üçün bu imkanı arzuolunan şəkildə yarada bilibmi? Hansı universitetlər bu məsələdə fərqlənir,yaxud geridə qalır? Bir sıra addımlar atılsa,əməkdaşlıqlar qurulsa da, universitetin yaratdığı təcrübə imkanı,iş perspektivi tələbəni nə dərəcədə qane edir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan “Azərbaycan universitetləri” təhsil platformasının idarəçisi Zöhrab Süleyman universitetlərdəki mövcud mənzərəyə diqqət çəkib:

 

“Bilirsiniz ki, 2-ci kursdan etibarən Azərbaycan universitetlərinin tələbələri istehsalat və pedaqoji təcrübəyə göndərilir. Bu daha çox tələbələrin tələbəlik həyatından sonrakı karyeraları üçün mühüm addımdır. Ancaq biz görürük ki, əksər universitetlər təcrübələrə gözəyarı yanaşır. Universitetlərimizdə fəaliyyət göstərən karyera mərkəzlərinin işi qənaətbəxş deyil. Biz dəfələrlə universitetlərimizin bu şöbələri ilə əlaqə saxlayaraq paylaşım etmək istədiyimiz məzunlar haqda dolğun məlumat almaq istəmişik. Lakin bu və ya digər səbəbdən ya cavab almamışıq, ya da ümumiyyətlə şöbələrlə əlaqə saxlaya bilməmişik. Dəfələrlə hər hansı bir məzun haqda sorğu göndərdiyimiz universitetlərin məhz karyera şöbələri bizə "rəhbərlikdən soruşaq, sizə ətraflı cavab verərik" tipli bürokrat cavablar veriblər. Bu daha çox şöbələrin rəhbərliklərlə kommunikasiya problemi yaşamasını göstərir”.

 

O, universitetlərlə təcrübə müəssisələri arasındakı əlaqələrdən söz açaraq, təcrübədə olan tələbələrə normal münasibət göstərilmədiyini bildirib:

 

“Pedaqoji fəaliyyətlə məşğul olacaq tələbələr adətən öz təcrübələrini məktəblərdə, universitetlərdə, peşə məktəblərində aparır. Bizi daha çox təəccübləndirən hal tələbələrin təcrübə keçdikləri müəssisələrin əməkdaşları tərəfindən normal münasibət göstərilməməsidir. Bu haqda bizə dəfələrlə narazılıq dolu mesajlar gəlib. Daha bir problem tələbələrin təcrübələri gündəliklə idarə olunmasıdır. Bu sadəcə olaraq bir növ plan yerinə yetirməkdir. Təcrübələrin tələbələrin qarşıdakı həyatlarında çox önəmli mövqe tutmasını nəzərə alaraq bu amilin olması başa düşülən deyil. Universitetlərlə digər təhsil müsəssisələri arasında kommunikasiyaların düzgün qurulmamasının əziyyətini təcrübəyə gedən tələbələr çəkir”.

 

“Və daha bir problem - Bəzi universitetlərimiz tələbələrin təcrübədə olduğu müddətdə ümumiyyətlə tələbələrlə maraqlanmamasıdır. Tələbə təcrübəyə getməsin, lakin sondakı arayış yaxşı yazılsın deyə ora rüşvət təklif etməsi faktları da danılmaz deyil”-deyə, o qeyd edib.

 

Z.Süleyman tələbənin təcrübə keçdiyi müəssisəyə işə qəbul olma şansının yaradılmasında universitetin öhdəliyini vurğulayıb:

 

“Yaxşı faktlardan da danışaq. Məsələn, Bakı Ali Neft Məktəbində tələbələr istehsalat təcrübəsi o qədər güclüdür ki, tələbələrin mütləq əksəriyyəti həmin təcrübə keçdiyi müəssisələrdən iş təklifləri alır. Buna görə də, universitetlərimiz həm də əməkdaşlıq etdiyi şirkətlərlə elə əlaqə yaratmalıdır ki, bir neçə tələbənin öncə təcrübəyə, daha sonra isə işə dəvət olması asan məsələ olsun. Hazırda demək olar ki bütün universitetlərimiz müxtəlif şirkətlərlə əməkdaşlıqlar yaradır. Ancaq bütün bunlar kağız üzərində qalmamalı, plan doldurmaq xətrinə edilməməlidir”.