Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 09:55:00
Builki tələbələrinin sayı ilə şəhəri utandıran bölgələr – Ən yaxşıları…  

Hər il ali təhsil müəssisələrinə qəbul imtahanlarında şəhər məktəblərindən yüksək bal toplayan kifayət qədər şagird olur. Builki göstəricilər isə bölgələrin də geri qalmadığı, hətta bəzilərinin yüksək nəticə ilə fərqləndiyini təsdiqlədi:

AzEdu.az  xəbər verir ki, onlar arasında Balakən, İsmayıllı, Şəki, Qazax xüsusilə fərqlənib.

2017-2018-ci tədris ilində Qazax rayon təhsil müəssisələrində təhsil alan məzunlardan 274 nəfəri ali təhsil müəssisələrinə qəbul edilib.

Ötən illərin məzunlarından isə 55 nəfər ali təhsil müəssisələrinə qəbul edilib. 19 məzun 600 baldan çox, 49 məzun isə 500 baldan çox nəticə göstərib.Ötən il qəbul olanlar 44,22% təşkil edirdisə, bu il bu göstərici 54,15% təşkil edib.

Şəki rayonunda isə bu il ali məktəblərə daxil olmaq üçün sənəd verən  1279 nəfər məzundan 880-i tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 215 nəfəri 500, 81- isə 600 baldan yuxarı nəticə göstərib. 43 məzunun nəticəsi 650 baldan yuxarı olub.

Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova rayon üzrə ən yüksək nəticə göstərərək 700 bal toplayıb. İmtahanlarda həmin liseyin daha bir məzunu Yusif Xəlilli və şəhər 11 saylı tam orta məktəbin məzunu Aytən Xəlilova 695 bal, Şəki şəhər 5 və 7 saylı tam orta məktəblərin məzunları Aysel Abdullayeva və Fərid Məmmədov isə 690 bal toplamağa müvəffəq olublar.

İsmayıllı rayonu da builki qəbul nəticələrinə görə fərqlənməyi bacarıb. Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 11 A sinfinin şagirdləri yüksək nəticələr əldə ediblər.

Bu məktəbdən 1 şagird 700, 7 şagird isə 600-dən yuxarı nəticə göstərib.  
700 bal toplayan şagird Vasif Əsədovdur. Sabrina Yolçuyeva 656, Ramil Ağayev 655, Səbinə Kərimova 635, Murad Hacıyev 620, Rəşad Musayev 616, Kənan Məmmədov 610, Ceyran Mehdiyeva isə 605 bal toplayıb. Sinifdə ümumlikdə 27 şagird təhsil alır.

Quba rayojundan isə I ixtisas qrupu üzrə qəbuloma faizi 44.90, II qrup üzrə 52.23, III qrup üzrə 35.18, IV qrup üzrə isə 52,17, V ixtisas qrupu üzrə isə 2. 30% olub. Rayon üzrə ümumi qəbul faizi isə 40.68% olub.

Bu rayondan abituriyentlərin çoxu, yəni, 176 nəfəri I ixtisas qrupu üzrə imtahan verib.

Şirvan şəhərinin builki qəbul göstəriciləri də kifayət qədər yüksəkdir. Göstəricilər arasında 695 bala da rast gəlinir. 

Ötən il isə yüksək bal toplayanlar respublikanın 73 bölgəsini təmsil edib. Onların nisbi sayına görə Sumqayıt və Mingəçevir şəhərlərinin, Ordubad, Oğuz və Şuşa, Qəbələ, Şahbuz və İsmayıllı rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər yüz gəncin 13-15-i imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arası bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olunub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb. Ötənilki qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 10,02 faizini təşkil edib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları