Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 17:37:00
LDU-nun şəhid məzununun xatirəsi ehtiramla anılıb

7 oktyabr tarixi Lənkəran Dövlət Universitetinin şəhid məzunu Cavanşir Namik oğlu Həmidlinin xatirə günüdür.

 

AzEdu.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində, II Qarabağ savaşında düşmən tapdağında olan əzəli dədə-baba torpaqlarımızın ermənilərdən geri alınması uğrunda ölüm-dirim savaşına qalxan Cavanşir Həmidli 2020-ci ilin 7 oktyabr tarixində Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Bu gün doğulduğu Lerik rayonunun Çayrud kəndində şəhid Cavanşir Həmidlinin anım mərasimi keçirilib. Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, universitetin Sosial məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru, şəhid atası Kamran Kazımov, digər rəsmi şəxslər Çayrud kənd mədəniyyət və istirahət parkında Şəhidlərin Xatirə Abidə Kompleksini ziyarət edərək önünə çiçəklər düzüblər. Sonra mərasim iştirakçıları şəhid Cavanşir Həmidlinin kənd qəbristanlığındakı məzarını ziyarət ediblər. Məzarın önünə çiçəklər düzülüb, şəhidin ruhuna Fatihə oxunub.

 

Şəhidin ev-muzeyində Cavanşir Həmidlinin ailə üzvləri, doğmaları ilə görüşən LDU-nun rektoru, professor Natiq İbrahimov şəhidin ruhuna bir daha rəhmət,valideynlərinə Allahdan səbr diləyib. LDU-nun İqtisadiyyat fakültəsinin şəhid məzunun diplomunu atası Namiq Həmidova təqdim edən rektor Natiq İbrahimov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Cavanşir kimi oğulların bütün Azərbaycanın fəxri olduğunu, xatirələrinin yaddaşlarda əbədi yaşayacaqlarını bildiriblər.

 

Şəhidin atası Namiq Həmidov oğlunun xatirəsini yad etdiklərinə görə mərasimin bütün iştirakçılarına ailə üzvləri adından minnətdarlıq edib, vətənə dar gündə sipər olan oğlu ilə qürur duyduğunu deyib.

 

Xatırladaq ki, LDU-nun şəhid məzunu Cavanşir Namik oğlu Həmidli 20 oktyabr 1997-ci ildə Lerik rayonunun Çayrud kəndində, ziyalı ailəsində anadan olub. 2015-ci ildə şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin "İqtisadiyyat və idarəetmə" fakültəsinə qəbul olub.2020-ci ilin sentyabrında II Qarabağ müharibəsi başladığı gündən Cavanşir torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşə qatılıb. Tərtər-Ağdərə istiqamətində Talış və Suqovuşan yaşayış məntəqələrinin, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərərək onlarla erməni əsgərini məhv edib. Sonradan Füzuli rayonunun bir sıra kəndlərinin və Cəbrayıl rayonunun mərkəzi də daxil olmaqla bir neçə yaşayış məntəqələrinindüşmən taptağından azad olunmasında iştirak edib. Döyüşlər zamanı böyük əzmkarlıq və rəşadət göstərib. 7 oktyabr tarixində Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Cavanşir Namik oğlu Həmidli ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin!