Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 11:28:00
 BŞTİ-də türkiyəli qonaqlarla görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Ankara, İstanbul, İzmir və Antalya Təhsil İdarələrinin rəhbərləri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Ankara Təhsil İdarəsinin müdiri Harun Fatsa, İstanbul Təhsil İdarəsinin müdir müavini Mustafa Akhan, İzmir Təhsil İdarəsinin müdiri Murat Mücahit Yentür, Antalya Təhsil İdarəsinin müdiri Emre Çalışkan, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rıza Altunel, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndəsi Mirmehdi Ağazadə və BŞTİ-nin struktur bölmə rəhbərləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva qonaqları salamlayıb, görüşün keçirilməsində əsas məqsədin qardaş ölkə Türkiyə ilə təhsil sahəsində əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakı şəhəri ilə Ankara, İstanbul, İzmir və Antalya şəhərlərinin ümumi təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməkdən ibarət olduğunu bildirib. İdarə müdiri beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin təşkilinin əhəmiyyətindən bəhs edib. M.Vəliyeva təhsilin inkişafı üçün təcrübə mübadiləsinin çox vacib olduğunu vurğulayıb.

 

Tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdıran İdarə müdiri ölkə prezidenti İlham Əliyevin rəhbərliyi və Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində Vətən Müharibəsində şanlı qələbənin əldə edilməsində göstərdiyi dəstəyə görə təhsil işçiləri adından Türkiyəyə təşəkkür edib.

 

BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən qonaqlar təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Qonaqlar Bakıda olan görüşlərindən məmnunluqla söz açıb, ümumi uğurlarımız üçün təhsil islahatları və yeni dövrün çağırışlarına xüsusi diqqət yetirilməsinin vacibliyini diqqətə çatdırıblar.

 

Qonaqlar paytaxt təhsilinin fəaliyyəti və inkişaf perspektivləri ilə maraqlanıb, həmçinin qarşılıqlı əməkdaşlıq üçün maraq doğuran bir sıra məqamlara diqqət çəkiblər.

 

Görüş zamanı iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr, ümumi təhsil sahəsindəki perspektivlər barədə fikir mübadiləsi aparılıb. 

 

Sonda BŞTİ ilə İstanbul, Ankara, İzmir və Antalya Milli Təhsil idarələri arasında Niyyət Protokolu imzalanıb.

 

Türkiyə nümayəndə heyəti 17 nömrəli uşaq bağçası və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində də olublar. Bağça və məktəblə tanışlıqdan sonra qonaqlara müəssisələrin fəaliyyəti və əldə olunmuş uğurlar haqqında məlumat verilib.

 

Qeyd edək ki, Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. Səfər çərçivəsində qonaqlar paytaxtın digər təhsil müəssisələrində də olacaqlar.