Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-04 11:28:26
İranda tələbə hərəkatının azərbaycanlı fəalı Tehranın Evin həbsxanasına köçürülüb

İranda tələbə hərəkatının azərbaycanlı fəalı, Əllamə Təbatəbai adına Universitetin Jurnalistika fakültəsinin tələbəsi Məleykə (Məlika) Qaragözlü Zəncan şəhərində həbs edilərək Tehrana Evin adlı həbsxanaya aparılıb.

 

 “Gunaztv”yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Məhəmmədəli Kamfiruzi sosial mediada paylaşım edib.

 

Onun sözlərinə görə, müvəkkili oktyabrın 1-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

Vəkil bildirib ki, M.Qaragözlü anası ilə qısa telefon danışığında Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldığını deyib.

 

Qeyd edək ki, 22 yaşlı azərbaycanlı fəal sentyabrda Tehran İnqilab Məhkəməsi tərəfindən 4 il 4 ay həbs cəzasına məhkum edilsə də, həbsxanaya köçürülməsi barədə son qərarı gözləyirmiş. Məhkəmənin qərarına əsasən, Məleykə Qaragözlü bu müddətin ən azı 3 il 8 ayını mütləq həbsxanada keçirəcək.

 

Qərara əsasən, həbs müddəti bitdikdən sonra ona ictimai fəaliyyətlə məşğul olmaq qadağan edilib.

 

Bununla yanaşı onun ictimai-siyasi təşkilatlara üzv olmasına, iki il müddətinə sosial mediada fəaliyyətinə, eləcə də ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

 

Xatırladaq ki, Məleykə Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz əlaməti olaraq yaylığını başından açıb yerə atmasını əks etdirən videonu paylaşıb və o bundan sonra təhlükəsizlik məmurları tərəfindən həbs olunmuşdu. O, bundan öncə 2019-cu ilin oktyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı da saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilərək Evin zindanında saxlanılmışdı.

 

report