Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-21 17:02:00
LDU-da yeni tədris korpusunun açılışı olub

Sentyabrın 21-də Azərbaycan Respublikası Elm və təhsil naziri Emin
Əmrullayevin və digər rəsmi şəxslərin iştirakı ilə Lənkəran Dövlət
Universitetinin(LDU) yeni tədris korpusunun təntənəli açılış mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, mərasimdən əvvəl Ümummilli lider H.Əliyevin Lənkəran şəhərindəki xatirə abidə
kompleksi ziyarət edilib.

 

Mərasim Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə startgötürüb.
Mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü
uğrunda qurban gedən şəhidlərin, o cümlədən, bu ilin 12-13 sentyabınrda erməni
təxribatının qarşısı alınarkən həlak olan əsgər və zabitlərin xatirəsini 1 dəqiqəlik
sükutla yad ediblər.

 

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov bütün
tədbir iştirakçılarını salamlayaraq bu günkü tarixi LDU-nun həyatında ən
əlamətdar gün adlandırılb. Bildirib ki, bu gün açılışını etdiyimiz yeni tədris
korpusu LDU-da son illərdə istifadəyə verilən 3-cü yeni tədris korpusudur. Yeni
tədris korpusunun tikintisinə 2021-ci ilin oktyabr ayında başlanıb və bu gün-
sentyabrın 21-də tələbələrin üzünə açılır. 5 mərtəbəli korpus ümumilikdə 85
otaqdan ibarətdir və bir növbədə 1200 tələbənin təhsil alması üçün burada hər cür
şərait yaradılıb. Modern uslubda tikilmiş yeni tədris binası liftlə təmin edilib.
Həmçinin, fiziki məhdudiyyətli şəxslər də diqqətdə saxlanılıb. Belə şəxslərin bina
daxilində rahat hərəkəti üçün pandus quraşdırılıb. Yeni tədris korpusunda mənəvi
kütləvi tədbirlərin keçirilməsi, tələbələrin asudə vaxtlarının təşkili üçün istirahət
guşələri də yaradılıb. Eyni zamanda, həyətdə yaşıllaşdırma işləri görülüb, gözəl
park salınıb. Rektor bildirib ki, yeni korpusda "Filologiya və ibtidai təhsil",
"Tarix-coğrafiya və incəsənət" fakültələrinin tələbələri təhsil alacaqlar. Professor
Natiq İbrahimov 3 tədris korpusu ilə yanaşı, Elmi kitabxananın əsaslı təmirdən
sonra istifadəyə verildiyini, yeni yataqxananın, tələbələr üçün yeməkxananın,
turizm-tədris bazasının, müəllimlər üçün xidməti evlərin inşa edildiyini, aqrar
sahədə təhsil alanlar üçün təcrübə təsərrüfatının yaradıldığını və universitetin maddi-texniki bazasının yenilənməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini deyib.

 

Açılış mərasimində çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev yeni
tədris ilinin başlanması və tədris korpusunun istifadəyə verilməsi münasibətilə
LDU-nun professor-müəllim-tələbə heyətini təbrik edərək uğurlar arzu edib. Nazir
son illərdə Azərbaycanda, həmçinin bölgələrdə təhsilin inkişafı istiqamətində
görülən işlərdən söz açıb. Bu il ölkənin ali məktəblərinə daxil olan tələbələrin
sayında böyük artım olduğunu deyən Emin Əmrullayev tələbələrin yarıdan
çoxunun təhsil haqqlarının dövlət tərəfindən ödənildiyini, Təhsil Tələbə Krediti
Fondunun bu istiqamətdəki sosial dəstəyindən söz açıb. Nazir yeni tədris
korpuslarının tikintisini yüksək dəyərləndirərək deyib ki, bu, tələbələrin həvəslə
oxumalarına stimul verir. Bu ilin Şuşa ili olduğunu diqqətə çatdıran Emin
Əmrullayev azad olunmuş torpaqlarımızda yeni məktəblərin açılışından danışaraq
pedaqoji fakültələrdə oxuyan tələbələri həmin məktəblərdə çalışmağa dəvət edib.
Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov yeni tədris
korpusunun açılışını Lənkəran Dövlət Universitetinin 30 illik yubileyinə dəyərli
töhfə adlandıraraq kollektivi, tələbə-müəllim heyətini bu münasibətlə təbrik edib.
Mİllət vəkili Rüfət Quliyev də açılış mərasimindəki çıxışında tələbələri
vətənə sədaqətlə xidmət etməyə, keyfiyyətli mütəxəssislər kimi yetişməyə çağırıb.
Rəsmi hissədən sonra qonaqlar yeni tədris korpusu ilə əyani tanış olublar.