Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-04 14:23:00
Yüksək balla müəllimliyi seçən tələbə: ”Kəndimizdəki məktəbdə işləyəcəyəm, orada mənə daha çox ehtiyac var”  

Yüksək balla müəllimliyi seçən tələbə: ”Kəndimizdəki məktəbdə işləyəcəyəm, orada mənə daha çox ehtiyac var”

Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları yekunlaşıb. Son illərin göstəricilərinə əsasən, müəllimlik ixtisasını könüllü seçənlərin sayında artım müşahidə olunur. Bəzi abituriyenlər isə 600-dən yuxarı bal toplasalar da, seçimləri məhz müəllimlik olub.

AzEdu.az onların bir neçəsi ilə əlaqə saxlayaraq, müəllimliyi seçmələrinin səbəbini öyrənib.

648 bal toplayan Afət Sadıqova müəllimliyə görə bundan əvvəl bir universitetdən imtina etdiyini bildirib:

“Mən əvvəl 660 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdum. Sonra bəzi problemlərim yarandı və təhsilimi davam etdirmək alınmadı. Tibb Universitetində bircə il oxuyub, oradan  imtina etməli oldum. İkinci dəfə imtahan  verərək müəllimliyi seçdim. Birinci dəfə qəbul imtahanı verəndə də müəllimliyi seçmək fikrim vardı. Amma alınmadı. Ona görə də ikinci dəfə sırf müəllimliyi seçdim. Həmişə müəllim olmaq istəmişəm. Məncə, hazırda müəllimlərə də, həkimlərə də iş şansları çoxdur. Hər ikisinə ehtiyac var.

200 bal toplayanların gələcəkdə yaxşı müəllim olacaqlarına  inanmıram”

Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuşam.  Cəmi üç ixtisas yazdım, hamısını da bu universitetdə. Seçdiyim ixtisasa keçid balı 512 olub”.

O qeyd edib ki, müəllimliyi seçməyinə valideynlərinin müdaxiləsi səbəb olmayıb:

“Gələcəkdə şəhərdə işləməyi daha üstün tuturam, nəinki bölgələrdə. Çünki bölgələrdə müəllimliyə çox da üstünlük verilmir.  Bundan əlavə, məktəbdən çox kurslarda, universitetlərdə çalışmaq istəyərəm.

600-dən çox balla müəllimliyi  seçməyimdə valideynlərimin rolu olmayıb. Yalnız  öz fikrimdir. Bəzən, 200 bal toplayanlar da müəllimliyi seçirlər. Belələrinin gələcəkdə yaxşı müəllim olacaqlarına o qədər də inanmıram. Aşağı bal toplayan müəllimlərlə eyni statusu bölüşmək isə məni heç də narahat etmir. Amma müəllim savadlı olmalıdır. Savadlı müəllimlərim olmasa, mənim bu balı toplamaq şansım da olmazdı.

Öz müəllimlərim mənimlə necə davranıblarsa, mən də gələcəkdə şagirdlərimlə elə olmaq istəyirəm. Çox ciddi deyil, şagirdlərlə səmimi olmağa çalışaram. Amma müəyyən həddə”.

“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” 

Qəbul imtahanlarında 643 bal toplayan Təhminə Məmmədova müəllimliyi seçməsinin səbəbini belə izah edib:

“Həmişə həkim olmaq istəyirdim, amma alınmadı. Mən də müəllimliyi seçdim. Bunun hansısa xüsusi səbəbi yoxdur. Ödənişli əsaslarla qəbul oluna bilərdim. Amma buna razı olmadıq. Bilmirəm niyə, amma növbəti  illərdə yenidən imtahan verib tibbə qəbul olunmaq haqqında düşünməmişəm. Gələcəkdə öz kəndimizdə müəllim kimi çalışmaq istərəm. Mən Masallıdanam, burada mənə daha çox ehtiyac var. Üstəlik kimya və biologiya fənlərini həmişə sevmişəm”.

O qeyd edib ki, aşağı bal toplayanlarla eyni məkanda təhsil almaq və işləmək onu narahat edir:

“Məncə müəllimlərin intellekt və dünyagörüşləri getdikcə yaxşılaşır.

Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir. Səbəbini bilmirəm. Həkimliyi sevməyimin isə səbəbi çox idi. İnsanların həyatını qurtarmaq, onlara yeni şans vermək istəyirdim. Qismət olmadı. Pedaqoji Universitetdə oxuyacam”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları