Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-18 12:55:00
Şagirdin məktəbə uyğunlaşmamasının psixoloji səbəbləri və həlli yolları – Valideynlərin nəzərinə

Mütəxəssislər adətən, məktəbə uyğunlaşmaq üçün şagirdlərə əvvəlcədən bir ay vaxt qoyurlar. Lakin yeni dərs ilinə adaptasiya ola bilmədiyinə görə psixoloji gərginlik yaşayan məktəblilər də olur. 

Bəs, şagirdin belə uzun müddət ərzində məktəbi sevə bilməməsinin səbəbləri nələrdir?

AzEdu.az təqdim etdiyi yazıda bunun bir neçə səbəbinə toxunacaq:

Səbəblər:

-Şagirdin ailəsindən ayrılmaq istəməməsi;

-Valideynləri arasında yaşanan problemlər;

-Ailə üzvlərindən birinin xəstə olması və ya həyatını itirməsi;

-Ailənin yaşayış yerini dəyişməsi;

-Ailənin maddi durumunda birdən baş verən dəyişiklik və uşağın buna uyğunlaşa bilməməsi;

-Şagirdin, tətil və ya xəstəlik səbəbindən uzun müddət məktəbdən ayrılması;

-Adaptasiya olmağa ye ni başladığı müddətdə məktəb və ya müəllimin dəyişməsi;

-Şagirdin müəllim və ya sinif yoldaşı ilə problem yaşaması;

-Yoldaşlarının psixoloji təzyiq və ya şiddəti ilə üzləşməsi;

-Şagirdin ailəsinin istəklərini doğrulda bilməyəcəyindən qorxması;

-Özünü bacarıqsız, heç bir işə yaramayan hiss etməsi.

 

Bəs, necə olsun?!

Problemi kim, necə aradan qaldıra bilər?

Öncə qeyd edək ki, bununla bağlı əsas məsuliyyət valideynlərin üzərinə düşür. Çünki güvənli mühit olmayan yerdə öyrənmək mümkün deyil, bu güvəni isə yalnız valideynlər formalaşdıra bilərlər.

Problem nədən qaynaqlanır?

Şagirdin məktəbə alışma problemi yeni görünsə də, əslində, hələ məktəbə getməmiş başlayır. Bu müddət ərzində ailənin məktəb haqqında fikirləri, övladının məktəb illərini səbirsizliklə gözləməsi şagirdi təsirləndirir.

Yaxşı, onda nə etməli?

Bütün problemlər şagirdin duyğusal xüsusiyyətlərini heçə saymaqdan başlayır. Bu səbəbdən şagird məktəbi bir məcburiyyət kimi görür.

Mütəxəssislər öncə qeyd edir ki, cəza verməklə problemi aradan qaldırmaq mümkün deyil. Bunun üçün öncə güvənli mühit yaradılmalıdır. Şagird bilməlidir ki, müəllimdən hansısa sual soruşsa, acı cavab eşitməyəcək. Şagirdin məktəbə uyğunlaşması ilə bağlı plan və təkliflər qəti şəkildə onun yanında danışılmamalıdır. Ailə uşağın hələ də məktəbə alışa bilməməsinə hörmətlə yanaşmalıdır. Davamlı təhdid edərək “müəlliminlə bu cür davran” demək, əsəbiləşərək məcburi məktəbə göndərmək olmaz. Bunun əvəzinə valideyn ona anlamağa çalışdığını bəlli etməli, onun qorxularını dinləməlidir. Məktəbi şagirdə sevdirmək üçün ona məktəblə bağlı xoş sözlər demək lazımdır.

Məktəb qorxusu şagirdin dərsdə özünü gərgin, hüzursuz hiss etməsinə səbəb olur. Problem həll olunmadığına görə o hər məktəbə gedəndə bu qorxu ilə üzləşir. Bu müddətdə valideyn düzgün addım atmalı və məsələyə uzaqgörən yanaşmalıdır. Məsələn, şagirdin dərs bitər bitməz məktəbdən evə gətirilməsi, və ya dərs sonrası gəzintiyə çıxarılması onun getdikcə adaptasiya olmasına səbəb olar.

İstəmədən məktəbə gedən şagirdlər özlərini yalnız hiss edir, sinif yoldaşlarından uzaqlaşırlar. Belə olduqda şagirdin məktəbin sosial həyatında aktiv iştirakı təmin olunmalıdır.

Məktəbə getmək istəməyən şagirdlər bəzən xəstə təqlidi edirlər. Bu, şagirdin məktəbdə gərginlik yaşamasının siqnalı hesab oluna bilər. Bu halla qarşılaşan valideyn müəllim, məktəb rəhbərliyi və psixoloqla əlaqəyə keçməlidir. O, adaptasiya çətinliyi yaşayan övladının qarşısında deyil, yanında olmalı, şagirdə məktəbi sevdirəcək üsullar tapmalı və tətbiq etməlidir.

 

Problemin həlli ilə bağlı müəllimin üzərinə düşənlər

Müəllim şagirdlərlə sıx əlaqədə olmalıdır. İlk günlərdə şagirdin özünü məktəbə aid hiss etməsi üçün müəllim müxtəlif yanaşmalar ortaya qoymalıdır. Əgər bir şagird hər işdə yoldaşlarından kənarda qalırsa, müəllim heç kimə hiss etdirmədən onun daha çox iştirakına şərait yaratmalıdır. Sinif qaydalarının tərtib olunmasında şagirdlər aktiv iştirak etməlidirlər. Şagirdin məktəbdə iştirak etdiyi müxtəlif dərnəklər də onun adaptasiyasına mühüm təsir göstərəcək. Müəllimin sinifdən bir nəfəri lider seçib onunla daha çox maraqlanması da digər şagirdlərin məktəbdən soyumasına səbəb olacaq.