Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 12:15:00
Uşağın immun sistemini məktəbdən əvvəl necə gücləndirmək olar? Həkim tövsiyələri

Növbəti tədris ilinin başlaması uşaqlar üçün sevinc mənbəyidir. Uşaqlar sinif yoldaşları ilə dərslərdə iştirak edir, dostları ilə oynayır, maraqlı vaxt keçirirlər.

 

Lakin tədris ilinin başlaması payızın gəlişinə, havaların soyumasına təsadüf edir. Bu zaman isə immun sistemlərinin onsuz da zəif olduğu bəzi uşaqlar mövsümi respirator infeksiyalara daha həssas olurlar. Bundan əlavə hazırda daha ciddi virus infeksiyası olan – koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq vəziyyət bir qədər də çətinləşir.

 

Bildiyimiz kimi, istənilən infeksiyalarda olduğu kimi koronavirus infeksiyası ilə mübarizədə vacib şərt gigiyena qaydalarının gözlənilməsi və xəstə şəxsin izolyasiyasının təşkil edilməsidir. Lakin, tədris müddətində uşaqların və tədris işçilərinin dərs otaqlarında, uşaqların kütləvi toplaşdığı digər yerlərdə (yeməkxana, idman zalı və s.) gün ərzində bir neçə saat müddətində vaxt keçirtmək məcburiyyətində olmalarını nəzərə alsaq, özünü virusdan qorumaq bir qədər də çətinləşir və yoluxma ehtimalı daha da artır.

 

 

Həmçinin uşaqlar (xüsusən də kiçik yaşlı uşaqlar) "virus", "yoluxma" və "pandemiya"nın nə olduğunu tam anlamırlar. Buna görə də valideynlərin və tədris işçilərinin bu sahədəki işi daha da artır. Onların əsas vəzifəsi uşaqlara gigiyena qaydalarının vacibliyini başa salmaq, tədris mərkəzlərində bu qaydaların gözlənilməsi üçün maarifləndirici təlimləri təşkil etmək, tədris ocaqlarını lazımi gigiyenik vasitələrlə (əsasən etil spirti tərkibli dezinfeksiyaedici maddələr və məhlullar, sabun, kağız salfetlər və s.) təmin etmək və tədris ocaqlarının dezinfeksiyası tədbirlərinin lazımi qaydada aparılmasına nəzarət etməkdir.

 

Uşaqlar və böyüklər arasında yoluxma hallarının azaldılması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası ilə mübarizədə gigiyena qaydalarının və izolyasiyanın vacibliyini qeyd edir və bu məqsədlə aşağıdakı sadə və effektli tövsiyələri verir:

- tibbi maskalardan istifadə edin;

- dezinfeksiyaedici maddə ilə (tibbi spirt əsaslı) əllərinizi müntəzəm təmizləyin və ya sabun ilə yuyun;

- ətrafdakı şəxslərlə arasında ən azı 1 metr məsafə saxlayın;

- insanların kütləvi  toplaşdıqları məkanlarda olmaqdan qaçının;

- üzünüzə, xüsusən də burun və ağzınıza, gözlərinizə toxunmayın;

- öskürərkən və ya asqırarkən dəsmaldan (birdəfəlik salfetdən istifadə daha yaxşıdır) istifadə edin və ya dirsəyinizlə ağzınızı və burnunuzu örtün;

- əgər uşağınızda (və ya özünüzdə) hətta zəif dərəcədə belə ifadə olunmuş baş ağrısı, halsızlıq, yüngül hərarət, öskürək və s. simptomları hiss edirsinizsə, uşağınızı təcrid edin, məktəbə buraxmayın. Ola bilsin ki, bu yüngül simptomlar xəstəliyin başlanğıc əlamətləridir və uşağınız artıq yoluxub. Bu halda uşağınız ətrafdakı digər şəxsləri də yoluxdura bilər;

- əgər hərarətiniz varsa, öskürürsünüz və nəfəs almaqda çətinlik çəkirsinizsə, özünüzü izolyasiya edin, karantin qaydalarına və ölkənizdəki səhiyyə sisteminin təşkil etdiyi tibbi xidmət qaydalarına əsasən həkimlə əlaqə saxlayın və müayinə olunun.

 

ÜST koronavirus infeksiyası ilə mübarizədə hansısa qidaların, qida əlavələrinin, probiotiklərin, bitki çaylarının və s. effektli rolunun olması haqda sübuta yetirilmiş tədqiqatların olmadığını bildirir. İnfeksiya ilə mübarizədə yalnız gigiyena qaydalarının gözlənilməsinin və xəstə şəxsin izolyasiyasının vacibliyini bir daha qeyd edir!

 

Lakin o da məlumdur ki, uşaqların qida rasionunu, gün rejimini düzgün təşkil etməklə immun sisteminin fəaliyyətinə dəstək olmaq olar. Bu məqsədlə aşağıdakı tövsiyələrə riayət edə bilərsiniz:

- Gündəlik yuxu rejiminin təşkilinə nəzarət etmək lazımdır. Yuxu və immunitetin biri biri ilə sıx əlaqəli olması, normal yuxu almayan və daimi yorğun olan şəxslərin müxtəlif infeksiyalara qarşı daha həssas olmaları müxtəlif tədqiqatların verdiyi məlumatlarda sübuta yetirilmişdir. Buna görə də uşaqlarda gündəlik rejimin, xüsusən də yuxunun düzgün təşkili vacibdir. Aşağı yaşlı uşaqlarda və körpələrdə ən azı 14, yeniyetmələrdə isə 8-10 saata qədər gecə yuxusunun olması tövsiyə edilir.

- Hər gün nizamlı şəkildə, orqanizmi həddən artıq yormadan müəyyən saat müddətində fiziki aktivliklə məşğul olmaq lazımdır.

- Uşaqların gündəlik rasionunda vitaminlər (xüsusən də vitamin D və C), mikroelementlər və antioksidantlarla zəngin qidalara, meyvə və tərəvəzlərə yer verilməlidir. Uşaqda analiz nəticəsində D vitamininin defisiti aşkar olunduqda həkimin təyinatı ilə bu vitamini vermək lazımdır.

 

Həkim tövsiyəsi olmadan sağlam şəxslərin profilaktika məqsədilə özbaşına hər hansısa preparatları, xüsusən də immunostimulyatorlar, steroidlər (hormonlar), damardaxili infuziyaları və s. dərman preparatlarının qəbulu qəti şəkildə tövsiyə edilmir.