Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-08 12:28:00
Təcrübə keçən tələbələrə sertifikat təqdim olunub

Sentyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Binəqədi Oil” şirkətində Yay təcrübə proqramını uğurla başa vuran tələbələrin təltif olunması mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Layihənin koordinatoru, Neft-mexanika kafedrasının dosenti, Tahir Süleymanov , “Binəqədi Oil” şirkətinin Baş geoloqu Ramin Xudiyev, şirkətin İstehsalat texniki şöbəsinin müdiri Ruhin Rəhimov, həmçinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Qonaqları universitetdə salamlayan rektor M.Babanlı nəzəri biliklərlə yanaşı tələbələrin praktiki vərdişlərə yiyələnməsinin, istehsalatda təcrübə keçməsinin əhəmiyyətindən danışıb və bu istiqamətdə bir çox layihələrin həyata keçirildiyini, həmçinin əməkdaşlığın genişləndirildiyini vurğulayıb. “Binəqədi Oil” şirkəti ilə uzun müddətli tərəfdaşlığın olduğunu qeyd edən rektor M.Babanlı 23 nəfər tələbənin ödənişli istehsalat təcrübəsinə cəlb olunmasına görə şirkətə təşəkkürünü bildirib.

 

ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu bildirən “Binəqədi Oil” şirkətinin nümayəndələri təcrübədən uğurla keçən tələbələrdən razı qaldıqlarını və tələbələrin təcrübə müddətində onlara olan etimadı doğrultduqlarını deyib.

 

Sonda təcrübə proqramını uğurla başa vuran tələbələr “Binəqədi Oil” şirkəti tərəfindən sertifikatla təltif olunub.