Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-06 12:52:00
ADNSU-da “Karyera və Təcrübə Mərkəzi” açılıb

Sentyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni auditoriyanın - UniLab layihəsi çərçivəsində yaradılan “Karyera və Təcrübə Mərkəzi”nin açılışı olub.  

 

AzEdu.az xəbər verir ki, açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, bölmə rəhbərləri, İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin, həmçinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin əməkdaşları iştirak ediblər.

 

Əvvəlcə ADNSU-nun rektoru, professor Mustafa Babanlıya “UniLab” layihəsi və bu beynəlxalq layihə çərçivəsində univesitetlə partnyor şirkətlər arasında keçirilən görüşlər və görülən işlər haqqında ətraflı məlumat verilib.  Qeyd edilib ki, lazımi avadanlıqlarla təchiz edilmiş Karyera və Təcrübə Mərkəzində universitetin tələbə və məzunları üçün düzgün CV hazırlanması qaydaları, müsahibədə iştirak və digər işgüzar qaydalar haqqında partnyor müəssisələrin mütəxəssislərinin təlimləri və seminarları da təşkil olunacaq.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbirdə çıxış edərək, ADNSU-nun beynəlxalq layihələrdəki uğurlu iştirakından danışıb və  UniLab layihəsi çərçivəsində görülən işlərin müasir əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasında, eyni zamanda müəssisələrin ehtiyacı olan mütəxəssislərin cəlb olunmasında və şirkətlərlə əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynadığnı vurğulayıb. Karyera və Təcrübə Mərkəzinin yeni tədirs ilindən tələbələrin istifadəsinə veriləcəyini bildirən rektor M.Babanlı mərkəzin gənclərin iş imkanları və karyera yüksəlişinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu deyib.

 

Qeyd edək ki, ADNSU Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə 2020-ci il yanvarın  1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada -  ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.