Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-02 17:19:00
ADNSU-nun əməkdaşları beynəlxalq layihədə iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi kafedrasının müəllim və doktorantları Nəbi İskəndərov və Elmin Bağışov Türkiyə Respublikasının Çanaqqala şəhərinin Çanakkale Onsekiz Mart Universitetində həyata keçirilən “2-ci ENAI Academic Integrity” layihəsində iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, xüsusilə akademik dürüstlüklə maraqlanan tədqiqatçıları hədəf alan layihə Türkiyənin Çanaqqala Onsekiz Mart Universiteti Akademik Dürüstlük Mərkəzi, xarici ölkərə məxsus olan bir neçə təhsil mərkəzlərinin yaxından iştirakı və Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfirliyinin sponsorluğu ilə, COMU Akademik Dürüstlük Mərkəzinin təsisçi direktoru Dr. Salim Razinin rəhbərliyi ilə təşkil olunub. Layihədə Türkiyə, İordaniya, Böyük Britaniya, Banqladeş və s. kimi dünyanın müxtəlif ölkələrindən dəvət edilən iştirakçılar arasında Azərbaycan Respublikasından 2 nəfər ADNSU-nun Cihaz mühəndisliyi kafedrasının əməkdaşları və doktorantları Nəbi İskəndərov və Elmin Bağışov da iştirak edib.

 

22-26 avqust 2022-ci il tarixləri arasında həyata keçirilən layihə hər gün iki sessiya olmaqla, yerli vaxtla səhər saat 10:00-dan 13:00-dək, gündüzlər isə saat 14:00-dan 17:00-dək davam etmişdir. Sessiyalar həm nəzəri anlayışları, həm də praktiki bacarıqları əhatə etməyə yönəlmişdir. Sessiyalar zamanı interaktiv və birgə müzakirələri özündə əks etdirən akademik dürüstlüklə bağlı 10 mövzuya toxunulmuşdur. Hər sessiya sənayedən olan mütəxəssislər tərəfindən idarə edilmişdir. Sessiyalar  zamanı Türkiyənin Çanaqqala Onsekiz Mart Universitetinin və digər xarici üniversitetlərin təcrübəli mütəxəssislər bilik və bacarıqlarını iştirakçılarla bölüşmüşdür. Layihə çərçivəsində ADNSU-nun Cihaz mühəndisliyi kafedrasının əməkdaşları və doktorantları Nəbi İskəndərov və Elmin Bağışovun təqdimatında “Improving metrological support of temperature measurement” seminarı həyata keçirilmiş və professor-müəllim heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

 

Layihə ərzində akademik hissədən başqa iştirakçılar üçün mədəni tədbirlər də təşkil olunmuşdur. Tədbirin ilk gününda Dardanos Kampusunda qarşılama tədbiri həyata keçirilmiş, Çanaqqala şəhidləri abidəsi ziyarət edilmiş, növbəti günlərdə isə COMU Konservatoriyasının üzvlərinin mini konserti və dərvişlərin səma mərasimi həyata keçirilmişdir.