Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-01 11:51:00
Dövlət İmtahan Mərkəzi vacib memorandum imzaladı – Repetitorsuz təhsilə doğru

 

 

 

1 sentyabr 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində DİM və “LANDAU School” Tədris Kompleksi arasında Anlaşma Memorandumunun imzalanmasına həsr olunan tədbir keçirilib.

 

 

AzEdu a xəbər verir ki, tədbirə gələn qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Daha sonra “Abituriyent” jurnalı redaksiyası tərəfindən “LANDAU School” Tədris Kompleksi üçün tərtib edilən elmi-metodiki vəsaitlərin sərgisinə baxış keçirilib. Qeyd edək ki, vəsaitlər riyaziyyat, fizika, tarix, coğrafiya, kimya, biologiya, ədəbiyyat, ingilis dili fənləri üzrə həm Azərbaycan, həm də rus dillərində tərtib edilib.

 

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilk olaraq DİM və “LANDAU School” Tədris Kompleksi arasındakı əməkdaşlığın istiqamətlərinə toxunub və təhsilin keyfiyyətinin artırılmasının vacibliyini qeyd edib.

 

 

Sədr çıxış zamanı bu növ əməkdaşlığın Azərbaycan gəncliyinin sağlam psixoloji təməl üzrərində savadlılığının artırılmasına töhfə verdiyini vurğulayıb və DİM tərəfindən peşə yönümünün müəyyən edilməsi, azyaşlı uşaqların ibtidai təhsilə psixoloji hazırlıq səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi üçün təşkil olunan konsultasiyaların mühüm rolundan danışıb.

 

 

Tədbirdə çıxış edən “LANDAU School” Tədris Kompleksinin təsisçisi və Müşahidə Şurasının üzvü Emil Leznik öncə qonaqları salamlayıb. Daha sonra DİM ilə birgə əməkdaşlıq çərçivəsində tərtib edilən elmi-metodiki vəsaitlər barədə məlumat verən Emil Leznik kitabların həm qəbul, həm də 9-cu və 11-ci sinif buraxılış imtahanlarına hazırlaşmaq üçün nəzərdə tutulduğunu və bu dərs vəsaitlərinin əsas məqsədinin abituriyentlərin ali təhsil müəssisələrinə qəbuluna repetitorsuz, müstəqil hazırlaşa bilmələri üçün olduğunu bildirib. Emil Leznik "LANDAU School" Tədris Kompleksi haqqında da iştirakçılara məlumat verib. Çıxışında "LANDAU School"un həm Azərbaycan Respublikası, həm də bütün Qafqaz ərazisində ən böyük özəl məktəb kimi tanınan tam orta təhsil müəssisəsi olduğunu, tədrisin Azərbaycan, rus və ingilis dillərində həyata keçirilməsini, Kompleksin digər məktəblərdən fərqləndirən əsas cəhətinin tədris prosesinin özünəməxsus prinsiplərinin olduğunu və bu prinsiplərin şagirdin vətənpərvər, dostcanlı və xeyirxah ruhda inkişafına təsir göstərməsini bildirib.

 

Daha sonra DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva ”Landau School” üçün tərtib edilən elmi-metodiki vəsaitləri təqdim edərək onlar haqqında məlumat verib.

 

Tədbir iştirakçıları DİM-in Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov tərəfindən edilən təqdimat vasitəsilə psixoloji maarifləndirmə və erkən yaşda peşə seçimi haqqında məlumat əldə ediblər.

 

Tədbirin sonunda Məleykə Abbaszadə və Emil Leznik Anlaşma Memorandumu imzalayıblar. Anlaşma Memorandumuna əsasən, tərəflər “LANDAU School”un 9-11-ci sinif şagirdləri üçün elmi-metodiki vəsaitlərin hazırlanması, müvafiq elmi-metodiki vəsaitlər əsasında təhsilalanların biliyinin yoxlanılması, elmi-metodiki vəsaitlərin təkmilləşdirilməsi və effektivliyin təmin olunması məqsədilə Böyük Summativ Qiymətləndirmənin təşkil edilməsi, BSQ nəticələrinin təhlili əsasında müvafiq tövsiyə hesabatlarının hazırlanması, həmçinin təhsilalanların psixoloji sağlamlığının qorunması, hmçinin ixtisas seçiminə dəstək verilməsi məqsədilə psixoloji xidmətlərin göstərilməsi istiqamətləri üzrə əməkdaşlıq edəcəklər.