Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-17 10:16:00
Mühasib sertifikatı almaq istəyənlərin NƏZƏRİNƏ-DİM

Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçirəcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə 2 mərhələ üzrə təşkil olunacaq. İmtahanın birinci mərhələsi (mühasibat uçotu üzrə) sentyabrın 25-də, ikinci mərhələsi (qanunvericilik üzrə) oktyabrın 9-də təşkil ediləcək. İmtahanın hər iki mərhələsi üzrə qeydiyyat DİM-in rəsmi internet səhifəsi üzərindən (1-ci mərhələ üzrə 17 avqust – 15 sentyabr, 2-ci mərhələ üzrə 23 avqust – 29 sentyabr) aparılacaq.

 

Namizədlər DİM-in saytında müvafiq mərhələlər üzrə qeydiyyatdan keçə bilərlər.

 

Birinci mərhələ (mühasibat uçotu) üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

 

İkinci mərhələ (qanunvericilik üzrə) imtahanda iştirak etmək istəyən namizədlər isə aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

 

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

 

İmtahan ödənişlidir və hər bir mərhələ üzrə iştirak haqqı 50 manat təşkil edir.

 

İmtahanın hər mərhələsi 3 saat davam edir.

 

Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunur. Hər mərhələ üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. Birinci mərhələ üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İkinci mərhələ üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

 

Hər sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla DİM-in saytında tanış ola bilərlər.

 

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

 

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

 

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

 

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

 

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatının sertifikatına;

 

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

 

2.8.5. Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

 

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

 

Bu sertifikatlara malik olan namizədlər imtahanın 2-ci mərhələsi üzrə qeydiyyatdan keçməlidirlər. Onlar öz sertifikatlarının surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər.

 

Həmin sertifikatların həqiqiliyi DİM tərəfindən yoxlanılaraq namizədə məlumat veriləcək.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 saylı qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

 

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

 

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.

 

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

 

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

 

Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

 

Qeyd: PMS üzrə növbəti imtahanın 2022-ci ilin noyabr-dekabr aylarında keçirilməsi nəzərdə tutulub.