Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-25 17:25:00
Postsovet məkanında Elmlər Akademiyası necə olmalıdır?

Hazırda postsovet məkanında Elmlər Akademiyasının necə olması, ikinci elmlər doktoru elmi dərəcəsinin lazım olub-olmaması, Ali Attestasiya Komissiyası ilə bağlı fəal müzakirələr gedir. Beləliklə, gündəliyə üç məsələ daxildir. Bu məqalədə bütün verilən suallara ardıcıl cavab verməyə çalışacağam.

 

1.Bu yaxınlarda qazaxstanlı həmkarlarımla söhbətdə öyrəndim ki, Qazaxıstanda Elmlər Akademiyasının bərpası və onun elmi-tədqiqat institutları ilə birlikdə əvvəlki kimi fəaliyyət göstərməsi və dövlət üçün effektiv olması ilə bağlı fəal müzakirələr və hazırlıqlar gedir. 20 il əvvəl Qazaxıstanda Elmlər Akademiyası ictimai təşkilata çevrildi və onun bütün bölmələri, yeni yaradılmış Elm və Təhsil Komitəsinin tabeliyinə verildi. Görünür, bu illər ölkənin inkişafı üçün belə bir qərarın nə qədər zərərli olduğunu göstərdi və indi məsələ müzakirə olunur - Elmlər Akademiyası əvvəlki kimi, dövlət büdcəsindən maliyyələşən dövlət strukturuna çevrilsin və onun elmi-tətqiqat bölmələri özünə qaytarılsın. Qazaxıstan Elmlər Akademiyasında müasir çağırışlara uyğun islahatlar aparılacaq, elmi-tədqiqat bölmələri ona qaytarılacaq və fəaliyyəti dövlətin inkişafına yönəldiləcək. Bu baş verən kimi, Elmlər Akademiyasını praktiki olaraq ləğv edən və yaxın gələcəkdə onu bərpa edə bilməyən postsovet məkanında yalnız bir ölkə qalacaq, çünki bu ölkədə elmi-tətqiqat institutların bütün daşınmaz əmlakı özəlləşdirilib və indi təəssüf ki, mövcud olmayan institutların bərpası üçün böyük vəsait tələb olunur.

 

Ortaya bir sual çıxır, necə oldu ki, bəzi ölkələr Elmlər Akademiyasını ləğv etdilər, elm və təhsil komitəsi yaratdılar, Akademiyanın elmi-tətqiqat bölmələrini yeni yaradılmış komitəyə verdilər və indi isə, peşmandırlar? Məsələ burasındadır ki, SSRİ dağılandan sonra bəzi ölkələrdə birbaşa Qərb sistemini tətbiq etməklə qısa zamanda böyük nəticələr əldə edəcəkləri ilə bağlı eyforiya yaranmışdı. Bir çox ölkələrdə ən yüksək səviyyədə gənc əcnəbi məsləhətçilər peyda oldular, onlar vəziyyəti dərindən araşdırmadan və təhlil etmədən tez mövcud olan hər şeyi (onu kommunist sisteminin qalığı adlandıraraq) məhv etməyi və birbaşa Qərb modellərindən istifadə etməyi təklif etdilər. Xatırlatmaq istəyirəm ki, keçmiş SSRİ-də Elmlər Akademiyaları sistemi Çar Rusiyası Elmlər Akademiyasının strukturunun davamı idi və Çar Rusiyası isə bu sistemi Almaniya və Fransadan mənimsəmişdirlər və kommunist sistemilə heç bir əlaqəsi yox idi.  Mən Qərb modellərinin əleyhinə deyiləm, xüsusən də onlar bir çox sahələrdə böyük uğurlar əldə etdiklərinə görə, amma hesab edirəm ki, onlardan ehtiyatla, ölkənin keçdiyi tarixi yola uyğun, milli dəyərlər və maraqlar nəzərə alınmaqla istifadə edilməlidir. Yuxarıda adıçəkilən müşavirlərdən bəziləri keçmiş sovet respublikalarının təbii və insan resurslarından öz merkantil maraqları naminə istifadə etmək üçün bilərəkdən Qərb modellərini təklif edərək ölkəni dağıdıb, başqa dövlətlərin bir növ əlavəsinə çevirmək məqsədi güdürdülər. Burada vurğulanmalıdır ki, Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, hakimiyyətə gəldikdən sonra diqqətlə, dərindən düşünərək, xalqımızın keçdiyi yolu, milli dəyərlərini və mənafelərini, adət-ənənələrini nəzərə alaraq islahatlar aparırdı. Məsələn, neft məsələlərində o, bizim kəşfiyyatçı geoloqların əcnəbi mütəxəssislərdən daha dərin duyğu və təcrübəyə, yerli şəraitə bələd olduğunu anlayaraq onlara üstünlük verirdi. Zaman göstərdi ki, Heydər Əliyev nə qədər haqlı idi və bu, onun böyüklüyüdür. Düşünmürəm ki, Qərbdə bizim əfsanəvi geoloqlarımız Fərman Salmanov və Xoşbəxt Yusifzadə kimi təcrübəyə, yerli yataqlar üçün istedada malik ola biləcək geoloqlar var idi. Bir çox ölkələr demək olar ki, hər şeyi xarici mütəxəssislərə, şirkətlərə verib, bəlkə də indi peşmandırlar. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının bir çox sahələrini, o cümlədən Elmlər Akademiyasını xarabalıqdan qaldırdı, ona milli status verdi. Heydər Əliyevin hakimiyyət dövründə Azərbaycana dünyada məhşur, tanınmış elm və mədəniyyət xadimləri səfər edirdi. Başqa ölkələrin bir çox dövlət xadimləri müxtəlif iqtisadi məsləhətçilərə önəm verəndə, Heydər Əliyev görkəmli elm və mədəniyyət xadimlərini Bakıya dəvət edirdi. Görkəmli alim-həkim, dünya korifeyi, professor Maykl Ellis DeBeyki (ABŞ), görkəmli musiqiçi R.L.Rostropoviç, görkəmli elm və təhsil təşkilatçısı İhsan Doğramaçi, məşhur alim-səyyah Tur Heyerdal və başqaları Azərbaycanda qonaq olurdular. Heydər Əliyev dövlətin inkişafında böyük şəxsiyyətlərin rolunu dərindən dərk edir və yüksək qiymətləndirirdi. Dünyanın və bəşəriyyətin gələcəyi onun intellektual potensialındadır və hər şey bu potensialdan nə dərəcədə səmərəli istifadə olunacağından asılıdır. Bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun təşəbbüsü ilə qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, tanınmış azərbaycanlı alim Lütfi Zadə, dəfələrlə Azərbaycanda olmuş, məşhur fizik, Amerika Milli Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki R.Z.Saqdeyevlə sıx əlaqələr qurulmuşdur. Akademik R.Z.Saqdeyev hazırda Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür və burada elmin və təhsilin inkişafı sahəsində zəngin təcrübəsini bölüşür. Prezident İlham Əliyevin təşəbbüsü və köməyi ilə müxtəlif illərdə fizik, Nobel mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının akademiki J.İ.Alferov, Rusiya Elmlər Akademiyasının prezidenti Sergeyev, M.V.Lomonosov adına Moskva Dövlət universitetinin rektoru, REA akademiki V.A.Sadovniçiy və digər məşhur alimlər Azərbaycana səfər etmişlər. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə bu gün Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunun filialları uğurla fəaliyyət gğstərir. Azərbaycan yeganə postsovet ölkəsidir ki, bu cür tanınmış universitetlərin filialları burada fəaliyyət göstərir, bu da elm və təhsilin inkişafına mühüm dövlət töhvəsidir.

 

Digər tərəfdən, Azərbaycanda dünyanın aparıcı universitetləri ilə, məsələn, amerikanın məşhur Corc Vaşinqton adına universiteti, Fransanın, Almaniyanın aparıcı universitetləri və s. ilə birgə proqramlar həyata keçirilir. Belə birgə proqramlar nəticəsində tələbələr həm Azərbaycan, həm də xarici universitetlərin diplomlarını alırlar.  Belə proqramların həyata keçməsində dövlət bütün təhsil xərclərini öz üzərinə götürür. Digər sual ortaya çıxır. Qərb modellərini, məsələn, elmdə birbaşa tətbiq etmək zərərlidirsə və ümumiyyətlə, buna dəyməzsə, o zaman necə olur ki, elmin əsasən universitetlərdə cəmləşdiyi ABŞ, elmdə inanılmaz uğurlara imza atdı və hətta Amerika Milli Elmlər Akademiyası millətin elmi məsələlər üzrə məsləhətçisi adlanır. Qeyd etmək lazımdır ki, hər bir ölkənin özünəməxsus inkişaf yolu var ki, bu da bir çox komponentlərdən, məsələn, ölkənin keçdiyi tarixi yoldan, insanların mentalitetindən və bir çox digər amillərdən asılıdır. Ona görə də istifadə edilən hər bir model və ya həyata keçirilən islahat milli maraqlara uyğun olmalı və bu ölkənin xüsusiyyətlərini nəzərə almalıdır. Ona görə də hər bir ölkənin təcrübəsindən ehtiyatla, ölkənin xüsusiyyətləri nəzərə alınmaqla istifadə edilməlidir. Əgər, ABŞ-da elmlə dövlət arasında qurulmuş münasibətlər sistemi bəlkə də on ya yüz illər ərzində formalaşıbsa, bu o demək deyil ki, bu modeldən istifadə etməklə hər hansı bir ölkə eyni uğura nail olacaq. Nəzərə almaq lazımdır ki, ABŞ-da tətbiq olunan elm və dövlət münasibətləri sistemi digər ölkələrdə praktiki olaraq tətbiq edilmir, çünki hər bir ölkə milli dəyərlərini və maraqlarını nəzərə alaraq öz inkişaf yolundan istifadə edməlidir. Postsovet ölkələri də eyni prinsipdən istifadə edməlidirlər, çünki bu ölkələr 70 ildən artıq bir dövlətdə yaşayıb və eyni prinsipdən istifadə ediblər. İndi ölkənin ehtiyaclarından və keçdiyi tarixi yola uyğun olaraq bu sistemi dağıtmaq yox, islahat etmək lazımdır. Keçmiş SSRİ məkanında, SSRİ Elmlər Akademiyası və Sovet respublikalarının Elmlər Akademiyaları sistemində, dövlətlə Elmlər Akademiyası arasında qarşılıqlı əlaqənin əsası qoyulmuşdur və üstəlik, bütün bunlar demək olar ki, uğurla fəaliyyət göstərirdi. Bu gün uzun illər özünü kifayət qədər yaxşı sübut edən qurulmuş sistemi sındırmaqla, deyək ki, Amerikanın elm və dövlət münasibətləri sistemini tətbiq etməklə, bir tərəfdən, uzun illər ərzində görülən işləri məhv edəcəyik, universitetlər üçün əlavə problemlər yaradacayıq və praktiki olaraq heç bir şey əldə etməyəcəyik. Ola bilsin ki, onlarla, bəlkə də yüzlərlə ildən sonra belə bir sistem öz bəhrələrini verməyə başlaya bilər. O zaman sual yaranır - mövcud sistemdə islahatlar apararaq Elmlər Akademiyasından dövlətin inkişafı üçün səmərəli istifadə etmək mümkün olanda belə riskə getməyə dəyərmi? Əlbəttə yox. Bunu misallarla göstərmək olar, məsələn, Gürcüstanda Elmlər Akademiyasının böyük təcrübəsi və inkişaf etmiş elmi faktiki olaraq itirilib. Elmlər Akademiyasını praktiki olaraq sıradan çıxaran Özbəkistan həm elmdə, həm də təhsildə çox böyük çətinliklərlə üzləşdikdən sonra, hər şeyi öz axarına qaytardı və demək olar ki, Elmlər Akademiyası yeni nəfəs alaraq böyük uğurlara imza atdı. Təkcə bu il Özbəkistanda elmin inkişafına dövlət investisiyaları 36% artıb. Türkmənistan və Qazaxıstan artıq Elmlər Akademiyalarında islahatlar aparır, onları sırf dövlət strukturlarına çevirir. Çində Elmlər Akademiyasının dağıdılması və ya ləğv edilməsi, Amerika sisteminin tətbiqi ilə bağlı eyham belə yoxdur, çünki Elmlər Akademiyasının faydası göz qabağındadır. Elmi nailiyyətlərdən səmərəli istifadə etməyin müxtəlif yolları var və hər bir ölkə keçdiyi tarixi yoldan asılı olaraq öz optimal yolunu tapmalı, hazır reseptlərdən istifadə etməyə can atmamalıdır. Bəlkə də dövlət yanaşmasının mahiyyəti bundan ibarətdir. Məhv etmək həmişə asandır, lakin yaratmaq hər kəsə nəsib olmur. Hər bir dövlətin məqsədi yaradılmışı sındırmaq deyil, daha çox mövcud olanı dövrün diktəsi ilə islah etməkdir ki, dövlətə xeyir versin, iqtisadiyyatın inkişafına töhfə versin. Bu, təkcə Elmlər Akademiyasına deyil, praktiki olaraq bütün sahələrə aiddir.

 

2. Vacib məsələ ikinci elmi dərəcənin - elmlər doktoru elmi dərəcəsinin qorunub saxlanmasıdır. Gəlin bir anlığa təsəvvür edək ki, biz Azərbaycanda bu mərhələni ləğv edəcəyik və bəzi ölkələrdə olduğu kimi yalnız fəlsəfə doktoru elmi dərəcəsini saxlayacağıq. O zaman ölkəmizin başına nə gələcəyini anlamaq çətin deyil. Birincisi, fəlsəfə doktorlarının dissertasiyalarının səviyyəsi artıq ildən-ilə aşağı düşür və bu yanaşma ilə öz oxşar alimlərini yetişdirəcək çoxlu sayda professor (aşağı səviyyəli) peyda olacaq. Onda başqa sual yaranır ki, elmin səviyyəsi kifayət qədər yüksək olan, ancaq bir elmi dərəcəsi olan ölkələrdə vəziyyət necədir? Bu ölkələrdə meyarlar beynəlxalq tanınma tələb etdiyi üçün və tanınmış elmi jurnallarda silsilə məqalələrin çap edilməsi tələbləri doktorluq dissertasiyasının müdafiəsi üçün tələblərimizdən qat-qat sərtdir. Ona görə də mövcud sistemi yenidən sındırıb onun oxşarı ilə əvəz etməyin mənası yoxdur. Mövcudunu islahat etmək lazımdır ki, səmərəli fəaliyyət göstərsin.

 

3. Bu gün Azərbaycanda Ali Attestasiya Komissiyasına ehtiyac varmı? Hesab edirəm ki, buna hələ ehtiyac var, amma burada da islahatlar aparmaq lazımdır. Bu barədə əvvəlki yazılarımda yazmışdım. Bəzi fənlər, məsələn, başlanğıc üçün, fizika və riyaziyyat üzrə namizədlik (fəlsəfə doktoru) dissertasiyalarını müdafiə etdikdən sonra dərhal diplomlar verən pilot elmi şuraların yaradılması məqsədəuyğun olardı. Eyni zamanda, belə Müdafiə Şuraları AAK-ın ciddi nəzarəti altında fəaliyyət göstərməlidirlər. Elmi Şuraların qeyri-qənaətbəxş fəaliyyəti ilə AAK onları islahat edə bilər, bəzən isə onları müdafiə aparmaq hüququndan məhrum edə bilər. Zaman keçdikcə tədricən fəlsəfə doktoru diplomlarının verilməsi bütün Elmi Şuralara verilə bilər, lakin müdafiə olunan dissertasiyaların keyfiyyətini qorumaq üçün onların sayı xeyli azaldılmalıdır. Elmlər doktorlarının dissertasiyaları Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilməlidir. Elmlər doktoru elmi dərəcəsini vermək hüququnun da Sovetlərə nə vaxt veriləcəyini zaman göstərəcək. Eyni zamanda, AAK elmi şuralara nəzarət edən orqan kimi qalmalıdır. Ola bilsin ki, zaman keçdikcə AAK-a ehtiyac aradan qalxsın, lakin bu, vaxt tələb edir. Elm və təhsildə təkamül prosesləri daha məqbuldur, baxmayaraq ki, inqilabi islahatların aparılmasının zəruri olduğu hallarda var. Məsələn, fəlsəfə doktorlarının hazırlanmasının dünyanın demək olar ki, bir çox ölkələrində artıq qəbul edilmiş sistemə keçməsi (dərslərdə iştirak etmək və təxminən 6-7 imtahan vermək) təhsil sistemimizdə inqilabi dəyişikliklər tələb edə bilər, lakin bu, zamanın çağırışıdır və buna görə də bunu mümkün qədər tez etmək lazımdır. Hesab edirəm ki, bu, heç də inqilabi dəyişiklik deyil, daha çox müəyyən səy tələb edən əhəmiyyətli islahatdır, üstəlik, həm doktoranturanın keyfiyyətinə, həm də tədris prosesinə müsbət təsir göstərəcək. Qeyd edək ki, postsovet məkanında artıq bir çox ölkələr belə sistemə keçib. Yeni sistemə görə 6-7 imtahan verəcək fəlsəfə doktorlarının dissertasiyalarını müdafiə etdikdən sonra Ali Attestasiya Komissiyasından yan keçməklə Elmi Şuralara onlara diplom vermək hüququnu vermək olardı. Aydındır ki, onların elmi səviyyəsi yalnız namizədlik minimumunu keçməklə məhdudlaşan şəxslərin səviyyəsindən xeyli yüksək olacaq, ona görə də belə bir yenilik təklif olunan islahatların məntiqi davamı olardı.

 

Qarşımıza təbii bir sual çıxır, elm niyə bu qədər cəlbedicidir, niyə ona bu qədər nəşrlər, müzakirələr ayrılır, elmi bölmələr yaradılır, ildən-ilə elmi inkişafla məşğul olan şirkətlərə böyük vəsaitlər yatırılır? Apple, Samsung, Huawei, Sony və digər iri şirkətlərin elmi bölmələri var və şirkətlər onların inkişafı üçün böyük vəsait ayırırlar. Yuval Noah Hararinin dünyaca məşhur kitablarında "Sapiens. Bəşəriyyətin qısa tarixi" və "Homo Deus. Gələcəyin Qısa Tarixi" əsərlərində göstərilir ki, bəşəriyyət tarixi boyu məhz, elmi nailiyyətlər sayəsində bir çox bəlalara, pandemiyalara, epidemiyalara qalib gəlmiş, insanın Homo Sapiensdən Homo Deusa keçməsini mümkün edəcək. XIV əsrdə Orta Asiyada "Qara Ölüm" adlanan xəstəlik - planetdə təxminən 200 milyon insanın həyatına son qoyan Yersenia pestis bakteriyası meydana çıxdı. Yalnız elmi nailiyyətlər sayəsində bəşəriyyət üçün belə bir dəhşətli faciənin öhdəsindən gəlmək mümkün oldu. 1950-2000-ci illər arasında elmi nailiyyətlər sayəsində ABŞ-ın ÜDM-i 2 trilyondan 12 trilyon dollara qədər artıb və bu gün 20 trilyonu keçib. Yaponiyada 30 il ərzində (1958-1987-ci illər) tarixdə ən sürətli iqtisadi sıçrayışlardan biri baş verdi, o zaman əhalinin real gəlirləri 5 dəfə artdı. Əgər əvvəllər ölkələr arasında təbii sərvətlər uğrunda dövlətlərə böyük gəlir gətirən müharibələr gedirdisə, bu gün müharibələr fərqli, elmi və intellektual xarakter daşıyır. Bu gün Microsoft, Apple, Huawei və digər kimi elmi və intellektual nəhənglərlə əməkdaşlıq üçün milyardlarla dollarlıq mübarizə gedir. Ona görə də elm bəyənilsə də, bəyənilməsə də, insana sağ qalmağa, onun ömrünü uzatmağa, təbiəti idarə etməyə və onu bəşəriyyətə xidmət etməyə imkan verən amildir. Bu günə qədər bəşəriyyət ətrafında olan hər bir amilin təkminləşdirməsilə məşqul idi.  Gələcəkdə bəşəriyyətin inkişafı bilavasitə onun şüurunun təkminləşdirməsindən asılı olacaq və aydındır ki, bu istiqamətdə elm əsas amil olacaq. Məşhur alman filosofu, şairi və ümumiyyətcə yüksək intellekt sahibi olan Fridrix Nitsşe deyirdi - reallıq qarşısında elm bəzən primitiv və uşaqcasına sadəlövh görünsə də - yenə də əlimizdə olan ən dəyərli amildir. Çünki, ağıllı insanın tarixi, formalaşması elmdən başlayır və elm gələcəyimizi müəyyən edən amildir.

 

Hal-hazırda bəşəriyyət yol ayrıcındadır və qarşımızda duran yoldan hansını tutmalı olduğunu başa düşmək lazımdır. Bir şey aydındır ki, tarixin gedişatını dayandırmaq mümkün deyil, lakin elm sayəsində bəşəriyyət öz inkişafı üçün lazım olan düzgün istiqaməti seçməyə imkan verir və bu, artan texnoloji inqilabdan əvvəl insanı bir fərd olaraq xilas etməyin yeganə yoludur.

 

Sonda vurğulamaq istəyirəm ki, çox təəssüf ki, dünyada hər bir canlı, insandan tutmuş, bitkilərə qədər  yaşa dolur və qocalır. Hətta cansızlar belə zamana tabedir və zamanla yararsız vəziyyətə düşürlər. Yalnız elm, yaşı bəşəriyyətin yaşı ilə müqayisə olunan, nəinki qocalmır, əksinə, gündən-günə cavanlaşır, çünki öz sözünü demiş, bəşəriyyətin təcrübəli və aparıcı ağılları, elmə yeni təfəkkür gətirir, onu zənginləşdirir və əbədi olaraq gəncləşdirir.

 

Asəf Hacıyev
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi,
AMEA-nın akademiki, Dünya Elmlər Akademiyasının üzvü