Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-21 14:43:00
Abituriyentlərdə “I qrup asılılıq” – “Onlardan çoxusu işsiz qalacaqlar”-PROBLEM

 

 

“Abituriyentlərin təxmini 80 faizi kortəbii şəkildə ixtisas qrupu seçir”-Elçin Əfəndi

 

 

“Namizədlər aşağı balla da universitetə qəbul olma şansları daha yüksək olduğu üçün əsasən I qrupa üstünlük verirlər”-Adil Vəliyev

 

 

Ali təhsil müəssisələrinə qəbul müsabiqəsi üzrə abituriyentlərin gərgin mübarizəsi davam edir.

 

DİM sədrinin plan yerlərinin əvvəlki illə müqayisədə artırılması ilə bağlı açıqlama versə də, bu müsabiqədən kənarda qalacaq abituriyentlərin sayının az olacağı demək deyil.

 

Sirr deyil ki, I ixtisas qrupuna sənəd verən abituriyentlərin sayı digərlərilə müqayisədə daha çoxdur.

 

Maraqlıdır, buna əsas səbəblər nələrdir? Bu qrupda abituriyentin uğur qazanma şansı nə dərəcədə yüksəkdir? Həmçinin namizədlər seçimlərini hansı meyarlara əsasən edirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi abituriyentlərin seçim meyarlarını dəyərləndirib:

 

 

“Abituriyentlərin təxmini 80 faizi kortəbii şəkildə ixtisas qrupu seçir. Sadəcə 20 faizi seçimindən əmin olur, təhsil almaq və çalışmaq istədiyi ixtisası dəyərləndirir, müəyyən edir. Qalanları gələcək fəaliyyəti deyil, universitetə necə qəbul ola biləcəyini düşünür, asan bir yol axtarır. Bu abituriyentlər üçün isə asan yol I və II ixtisas qrupu olaraq görülür. II qrupa sənəd verənlərin sayı əvvəllər daha az idi, amma son dövlər artıb. I qrupa isə hər il olduğu kimi müraciət edən abituriyentlərin sayı daha çoxdur. Bu qrupda ayrılan plan yerləri və qəbul şansı nisbətən yüksək olduğu üçün abituriyentlərin əksəriyyəti sözügedən qrupa üstünlük verirlər. I ixtisas qrupunda ayrılan plan yerləri ildən-ilə artır. Amma qeydiyyatdan keçən abituriyentlərin sayı daha çoxdur, nəticədə I qrup üzrə iştirak edənlərin 50%-nin müsabiqədən kənarda qalması gözləniləndir. Bu səbəblə ən gərgin mübarizə də elə sözügedən qrupda müşahidə olunur. Həmçinin sənəd verənlərin say çoxluğu qeyd edilən qrupda gərginliyin artmasına, keçid ballarının qalxmasına və kəsilənlərin çox olmasına səbəb olur”.

 

Mütəxəssis abituriyentləri və onların valideynlərini diqqətli olmağa çağırıb:

 

 

“Yaxşı olar ki, hazırlıq prosesinə başlamadan öncə valideynlər də, abituriyentlər də mütəxəssis rəyi alsınlar. Beləliklə,övladlarının təhsil alacaqları və gələcəkdə fəaliyyət göstərmələrinin daha uğurlu olacağı istiqaməti daha doğru şəkildə müəyyənləşər. Bu məsələyə ciddi yanaşmaq zəruridir. Abituriyentlər və onların valideynləri üçün əsas prioritet gələcəkdə əmək bazarınında tələbatın çox olduğu ixtisaslara sahib olmaq, daha perspektivli ixtisaslarda təhsil almaq olmalıdır. Bəzən abituriyentin texniki fənlərə daha çox marağı olur, amma valideyn məcburiyyəti, yaxud digər kənar müdaxilələr səbəbilə humanitar istiqamətdə gedir. Bunun əksi də müşahidə olunur. Belə olan təqdirdə gələcəkdə əmək bazarında ali təhsilli işsiz ordusu formalaşır.

 

 

İxtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev AzEdu.az-a açıqlamasında abituriyentlərin əksəriyyətinin I qrupa üstünlük verməsinin səbəblərinə aydınlıq gətirib:

 

“Abituriyentlər seçim edərkən fərqli düşünür. Məsələn, riyaziyyatı çətin hesab edənlər II yox III qrup üzrə hazırlaşmağa üstünlük verir. Biologiyanı seçmək istəməyənlər də I qrupa yönəlir. Nəticədə hər zaman I və III qrupda çox sayda abituriyent mübarizə aparır. Abituriyent sayının çox olması səbəbilə də burada rəqabət nisbətən daha çox olur. Doğrudur, IV qrupda keçid balları I qrupa nisbətən yüksək olur, çünki bu qrupda plan yerləri də azdır. Həmçinin bu qrup üzrə ixtisasların keçid ballarının da çox zaman yüksək olmasını qeyd etmək lazımdır. I qrupda plan yerləri çox olsa da, rəqabət yüksəkdir. Bəzi universitetlərin komputer mühəndisliyi, İT,İnformasiya təhlükəsizliyi və s. kimi ixtisaslarında bu rəqabət daha çox müşahidə olunur. Aşağı balla da universitetə qəbul olma şansları daha yüksək olduğu üçün əsasən I qrupa üstünlük verirlər. Həmin balla qeyd edilən ixtisaslar üzrə paytaxt universitetlərinə qəbul bəzən mümkün olmasa da, aşağı balla region universitetlərinə qəbul şansı yüksək olur”.

 

 

Mütəxəssis qəbul prosesində iştirak edən abituriyentlərin iki qrupa ayrıldığını  bildirib:

 

 

“Ölkəmizdə universitetə qəbul olmaq üçün çalışan abituriyentlər iki hissəyə ayrılır: yüksək nəticə göstərənlər və aşağı nəticə göstərənlər. Qəbul imtahanında yüksək bal toplayanlar universitetləri, seçmək istədikləri ixtisasları araşdırırlar. Həmçinin universitet və ixtisaslar üzrə gələcək iş imkanlarını, təhsil müddətində hansı dərslərin tədris ediləcəyini maraqlanırlar. Aşağı nəticə göstərən əksər abituriyentlər isə universitet və ixtisas arasında fərq qoymadan sadəcə tələbə adını qazanmaq istəyirlər. İxtisasın iş imkanları və başqa vacib nəticələr haqqında çox da düşünmürlər”.