Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-29 11:50:00
Yüksək ballı tələbələr pedaqoji ixtisasları seçib - STATİSTİKA

Son 4 tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur.

 Yüksək bal toplayan abituriyentlər arasında ADPU-nu seçənlərin də sayı artıb. Məsələn, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən artıq bal topladığı halda, 2016-cı ildə yüksək balla müəllimliyi seçən 130 nəfər, 2017-ci ildə isə 273 nəfər ADPU-da təhsil almaq arzusunda idisə, bu il 527 nəfər bu universiteti seçib. Bu da təkcə bir il ərzində 2 dəfə artım deməkdir.

Ümumiyyətlə, 18 təhsil ixtisası üzrə 3 il ərzində qəbul olunanların topladıqları ballar müəllimlik peşəsinin artan nüfuzunu kəskin fərqlə ortaya qoyur. 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardı. Builki qəbul imtahanlarda 500 və daha artıq bal toplayanlar arasında 235 nəfər abituriyent ibtidai sinif müəllimliyini seçib. Bu indiyədək təhsil ixtisas qruplarında ibtidai sinif müəllimliyini seçənlərin maksimal nəticəsidir. Məsələn, Dövlət Pedaqoji Universitetinin  ibtidai sinif müəllimliyinə ötən il qəbul olunan 300 nəfər abituriyentin cəmi 29 nəfəri 500 və daha artıq bal toplamışdırsa, cari ildə bu ali təhsil müəssisəsinə həmin ixtisas üzrə qəbul olunan 300 nəfərin 129-u və ya 43 faizi 500 və daha artıq bal toplayıb. 

Başqa bir müqayisəyə diqqət edək. Bu il hüquq ixtisasına 525 nəfər qəbul olunub. Müəllimlik ixtisaslarına isə 9623 nəfərin qəbulu aparılıb. Təhsil ixtisaslarına qəbul olunanların 2090 nəfəri və ya 21,7 faizi 500 və daha artıq bal toplayanlardır.

500 və daha artıq bal toplayaraq riyaziyyat və informatika müəllimliyini seçən abituriyentlər ötən illə müqayisədə 70.8 faiz, xarici dil müəllimliyini seçənlər isə 25 faiz artıb. Qəbul imtahanlarında 500 və daha artıq nəticə göstərən abituriyentlər arasında 3 il əvvəl kimya müəllimi olmaq istəyən 43 abituriyent vardısa,  bu il onların sayı 141 nəfər olub. Biologiya müəllimliyi üzrə də vəziyyət eynidir. Yüksək nəticə ilə  3 il əvvəl 13 nəfər, bu il isə 140 nəfər biologiya müəllimliyini seçib.