Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-19 12:18:00
“Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib.

 

AzEdu.az  xəbər verir ki, iyulun 15-17-də keçirilən müsabiqənin finalında iştirak edən 116 namizəddən 22 nəfəri qalib adını qazanıb. Onlar müsabiqəyə müraciət edən 12 min 299 nəfər arasından bilikləri, idarəçilik bacarıqları və səriştələri ilə fərqlənən şəxslərdir. Qaliblərdən 5-i qadındır. 10 qalib birinci müsabiqənin müxtəlif mərhələlərində iştirak edib. Ən gənc qalibin 23, ən yaşlı qalibin isə 37 yaşı var.

 

Müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilib. Bu təcrübə ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılıb və böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. Sözügedən mərhələlərdə strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarığı, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb.

 

Finalda, həmçinin iştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə mentor keysi üzrə tapşırıqları yerinə yetiriblər. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra onlar tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib.

 

Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 6 nəfər eyni nəticəsini göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından, onların qalib elan olunmasına qərar verib.

Qaliblərin adları ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.

Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edəcək.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.