Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-28 16:19:00
Universitetə qeydiyyatın yaratdığı çətinliklər – Valideyn və tələbələrin əziyyəti, “online nigaranlığı”  

“Universitetdə qeydiyyatın onlayn olması həm də dövr və zamanın tələbidir. Bunu ilk dəfə biz yaratmırıq, dünyada gedən prosesdir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elnur Hacıyev deyib. O,  ali təhsil müəssisələrinə yeni qəbul olunan tələbələrin qeydiyyat prosesindən danışarkən bildirib ki, onlayn sistem hər şeydən öncə proseduru sadələşdirəcək:

“Qeydiyyatdan keçərkən insanlar saatlarla növbə gözləyirlər. Görürsən ki, valideyn də, tələbə də həyəcanlıdır. Halbuki, bunu çox rahat şəkildə etmək olar.  Onlayn üsulla gündə neçə yüz adamı qeydiyyatdan keçirmək mümkündür. Onsuz da bazada sənədlər var. Heç attestatı da tələbədən istəmək mənasızdır. Hansısa problem çıxarsa, vətəndaşın gəlməsi vacib sayıla bilər. Amma digər hallarda bunların hamısı onlayn mümkündür. Heç bir problem yoxdur. Onsuz da sənədlər hamısı onlara onlayn formada göndəriləcək”.

“Bəs universitetlərin ənənəvi qeydiyyat formasından imtina etməmələrinin səbəbi nədir?”

Ekspert bu haqda danışarkən bildirib ki, ənənəvi qeydiyyatın qalmasının tək səbəbi orijinal sənədlərin lazım olmasıdır:

“Sual oluna bilər ki, universitetlərdə qeydiyyatdan keçmək onlayn formada olsa, unversitet orijinal sənədləri necə əldə edəcək? Axı bu prosedur bir növ, pozula bilər. Amma bunun çıxış yolu var:

Onsuz da artıq attestatlar da elektron formada bazada var. Attestat nömrəsini və ya ad, soyadı bazaya yazmaqla tələbənin orta məktəb attestatını rahatlıqla tapmaq olar. Tələbəni qeydiyyata ala bilərlər. Həmin tələbə təhsil aldığı müddətdə gətirib orijinal sənədlərini təqdim edə bilər. Onsuz da tələbə sentyabrın 15-dən dərsə gəlir. Sənədlərini gətirə bilər.

İndiki qaydalara əsasən isə orijinal sənəd təqdim olunur. Tələbədən qovluq almasını, müvafiq sənədlərini toplamasını tələb edirlər. Sanki arxiv kimi hər şey toplanır və 4 il ərzində o qovluğun içinə digər sənədlər də yığılır. Sonda diplom üçün təqdim olunur.

Qeydiyyat zamanı tələbələrin sevincli vaxtları olur. Həvəslə gəlib sənədləri, qovluğu verirlər. Ona görə də onlayn qeydiyyat məsələsi yadlarına düşmür. Abituriyentlər yeniliyi görməyib, onlayn sistem barədə məlumatsızdır. Bu, qanunvericilik bazasını yaradanların və ekspertlərin fikridir”.

“Hansı rektordan soruşsaz ki, bunu niyə etmirsiz? Cavab belə olacaq: “Bu, mənim səlahiyyətim xaricindədir”.

“Qeydiyyatın onlayn baza ilə həyat keçirilməsi isə müvafiq qanunvercilikdə olmalıdır. Hansı universitetdən niyə onlayn sistemə keçmədiyini soruşsanız, deyəcəklər ki, əlimizdəki əsasnamə belədir. Hər tələbədən orijinal sənəd, qovluq almalıyıq. Bu, bir universitetin dəyişə biləcəyi bir şey deyil, ümumi prosedur qaydasıdır. Hansı rektordan soruşsaz ki, bunu niyə etmirsiz, deyəcək ki, bu, mənim səlahiyyətim xaricindədir.

Bu dediklərim dövlət universitetlərinə aiddir. Bildiyim qədəri ilə özəl ali təhsil müəssisələrinin öz nizamnaməsi olur. Ona əlavə və dəyişikliklər olunur".

O, qeydiyyat zamanı paytaxtdan kənarda yaşayan tələbələrin daha bir probleminin bank əməliyyatları ilə bağlı olduğunu bildirib:

“Bəzi universitetlər hətta ödənişin müvafiq banka olunmasını tələb edirlər. Məsələn, Azərbaycan Universiteti tələb edir ki, ödəniş ATAbankla edilsin. Görünür, burada universitetlə həmin bank arasında əlaqə var. Həmin əlaqlər qoymur ki, bunu onlayn ödəmə sistemi ilə birbaşa hesaba köçürsünlər.

Bu tip əməliyyatları bir bankla etmək düzgün deyil. Təsəvvür edin, ucqar kənddəki valideyn 60 km yol qət etməlidir ki, gəlib şəhər mərkəzindəki bankın konkret nümayəndəliyinə müraciət etsin. Tələbə istənilən bankda universitetin hesabına onlayn pul köçürə bilsə, yaxşı olardı. Bu, süni yaradılan maneələrdir.

Ekspert universitetlərdə qeydiyyat onlayn keçirilərsə, yaranacaq problemlər barədə də məlumat verib:

“Onlayna keçidin yalnız üstün tərəflərindən danışdıq. Amma bunlar aysberqin görünən tərəfidir. Nəzərə alın ki, bu abituriyent 16-17 yaşındadır. İKT bacarıqları zəifdir. Elementar İKT bacarıqları olmayanlar kiməsə müraciət etməli olacaqlar.

Amma bu, həm də dövr və zamanın tələbidir. Bunu ilk dəfə biz yaratmırıq, dünyada gedən prosesdir. Onsuz da 5-10 ildən sonra bunların hamısı onlayn olacaq. Ona görə də yaxşı olardı ki, dövrün nəbzini tuta bilək. İlk illərdə çətinliklərin olacağı danılmaz olsa da, bu, normal haldır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları