Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 14:26:00
Yeni qəbul olunan tələbələr ev tapa bilmirlər: ”Təqaüdüm ancaq yol puluna çıxacaq” – CİDDİ PROBLEM

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Artıq universitetlərə tələbələrin qeydiyyatı da başa çatdığı üçün bölgələrdən gələnlər ev kirayələyiblər.  Buna görə də Bakıda kirayə mənzil axtaranların sayı artıb. Bu da, təbii ki, qiymətlərə təsirsiz ötüşməyib.

Bəs, yenicə tələbə adını qazanan şəxslər mənzil tapmaqda hansı problemlərlə qarşılaşıblar? Həmçinin, onlar ev seçərkən nəyə diqqət edir və  etməlidirlər?

AzEdu.az universitetə  ilk addımlarını atmağa hazırlaşan tələbələr arasında keçirdiyi sorğunu təqdim edir:

Builki qəbul imtahanlarından uğurlu keçib universitetə qəbul olunan Təranə Muradova deyir ki, o, artıq qızlarla aylığı 350 manat olan ev kirayələyib:

““Elmlər Akademiyası” metrostansiyası yaxınlığında  ikiotaqlı həyət evi kirayələmişik, 3 nəfər qalacağıq. Biri elə öz dayım qızıdır, o da mənimlə eyni universitetə qəbul olunub. Ev seçərkən daha çox istilik sistemi, bir də su, qaz məsələlərinə diqqət etdik. Universitetə çox yaxın olmasa da, uzaq da sayılmaz. Qışda soyuqda marşrutla, mütəmadi olaraq isə, yəqin ki, 20-25 dəqiqəlik yolu piyada gedərəm”.

T.Muradova onunla eyni vaxtda universitetlərə qəbul olunan sinif yoldaşlarının əksəriyyətinin hələ ev tapa bilmədiyini vurğulayıb:

“Ev kirayələyərkən şansımız gətirdi, asan tapdıq. Amma universitetə qəbul olunan sinif yoldaşlarımın çoxu hələ axtarışdadırlar. Evlər var, təklif edirlər, amma baha qiymətə. Şəki ilə Bakının arasında çox yol var. Ailədən də tez-tez yemək-içmək göndərmələri mümkün olmayacaq ki, qənaət edib baha evdə yaşayasan”.

Bakı Ali Neft Məktəbinə qəbul olunan Vasif Əsədov isə deyir ki, o, Bakıda ailəsi ilə birgə qalacaq:

“”Memar Əcəmi” metrostansiyasına yaxın ərazilərdə  ikiotaqlı evi 300 manata kirayələmişik. Baha ya ucuz olduğunu deyə bilmərəm, hər-halda onu şəhərdə yaşayanlar daha yaxşı bilərlər. Mən BANM-ın “Xətai” metrosu yaxınlığındakı korpusunda təhsil alacam. Evdən, təxminən, 45 dəqiqəlik yoldur. Amma ikinci kursdan etibarən isə Bibiheybətdəki korpusa köçüb, təhsilimi orada davam etdirməliyəm. Qısası, ilk il mənim üçün rahat olacaq, sonraki illəri bilmirəm”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olan Leyla Seyidova qeyd edir ki, onlar 4 qızla bina evi kirayələyiblər:

“Mən nədənsə həyət evində qalmağdan qorxurdum, açığı, heç atam da icazə vermirdi. Ona görə, “Neftçilər” metrosu yaxınlığında bina evi kirayələdik. Gənclikdə, 28-də çox istəyirdik, amma baha idi – aylıq 500-600 AZN. Hələ üstəlikdə deyirlər ki, kommunal xərclər sizlikdi. Bu da büdcəmizə uyğun deyildi. Amma indiki evdə də istilik sistemi köhnələrdəndi, noyabrdan işə düşəcək. Deyirlər, onun da effekti olmur, ev soyuq qalır. Hesablamışam, dövlət sifarişli təhsil alsam da, elə təqaüdüm aylıq yol xərcinə çıxacaq”.

Nihad Əlizadə isə hələ ev tapmadığını deyib:

“Hələ ev axtarmamışam. Anamgil Bakıda qalan qohum-əqrəbaya deyiblər. Maraqlanıb deyəcəklər. 1-2 təklif ediblər, amma büdcəyə uyğun deyil. Anamla qalmaq istəyirdim, ama baha başa gələcək. Yəqin ki, 4-5 tələbə oğlan yığışıb qalarıq. Platarlarımı yumaq üçün də gərək paltaryuyan maşın olan ev tapaq”.

Bakı Ali Neft Məktəbinə qəbul olunan Kənan Məhərrəmli universitetin yataqxanasında qalacaq:

“Çünki BANM-da yataqxana pulsuzdur”.