Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-12 12:42:00
Azİİ e-Kitab Evində şəhid məzunun xatirəsinə həsr olunmuş kitab təqdimatı keçirilib

İyunun 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evində şəhid məzun Samir Paşayev haqqında yazılmış “Vətən səninlə fəxr edir Samir Paşayev” adlı kitabın təqdimatı keçirilib.

AzEdu.az xəbər verir ki, təqdimat mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova, İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev, Şəhidin valideynləri, müəllimi, kitabın müəllifi Rüfət Hüseynli, tələbələr və şəhidin tələbə yoldaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhid S.Paşayevə həsr olunmuş video çarx nümayiş olunub, sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Azİİ e-Kitab Evinin direktoru S.Mahmudova Şəhid S.Paşayevə həsr olunmuş kitabdan bəhs edib və kitabın əhəmiyyətindən danışıb.

Universitetin şəhid məzunlarından danışan rektor, professor M.Babanlı ADNSU-nun 23 şəhidinin olduğunu vurğulayaraq onların hər birinin vətənpərvərliklərinin və qəhərmanlıqlarının bütün gənclərə örnək olduğunu bildirib. M.Babanlı şəhidlərin xatirəsinin universitetdə hər zaman uca tutulacağını, universitetin hər zaman şəhid ailələrinin yanında olduğunu qeyd edib.

Sonra şəhidin valideyinləri oğullarına həsr olunmuş kitabı yüksək qiymətləndirərək, onun xatirəsinə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə kitabın müəllifi R.Hüseynli, İTİF-in dekanı, dosent F.Ağayev və şəhidin tələbə yoldaşı çıxış edərək, S.Paşayev haqqında xatirələrini bölüşüb, onun şərəfli, lakin qısa həyat yolundan və qəhrəmanlıqlarından danışıblar.

Qeyd edək ki, Samir Tərtər istiqamətində gedən döyüşlərdə,Talış yüksəkliyinin alınmasında fəal iştirak etmiş və Suqovuşan -Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Samir Paşayev vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş və Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. S.Paşayevə həsr olunmuş “Vətən səninlə fəxr edir,Samir Paşayev” adlı kitab 2022-ci ilin nəşridir və yüksək keyfiyyətlə çap olunub. Qarabağ Azərbaycandır,Zəfər Azərbaycanındır” sərgisində yer alıb.