Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-26 13:55:00
LDU-da “Qarabağ Azərbaycandır” mövzusunda elmi konfrans keçirilib-FOTO

 

26 may 2022-ci il tarixdə Lənkəran Dövlət Universitetində (LDU) Tələbə Elmi Cəmiyyətinin “Şuşa ili”nə həsr olunmuş  “Qarabağ Azərbaycandır”  mövzusunda  II elmi konfransı işinə başlayıb.

 

AzEdu.az xəbər verir ki, konfrans Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb.

 

İkinci Qarabağ savaşında, Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi konfrans iştirakçıları tərəfindən  ehtiramla  yad edilib.

 

Lənkəran Dövlət Universitetinin  Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent  Elvin Əliyev konfransı açıq elan edib və iştirakçılara LDU-nun rektoru, professor Natiq İbrahimovun salamını çatdırıb. Elvin Əliyev universitetdə keçirilən belə mötəbər elmi tədbirin “Qarabağ Azərbaycandır” mövzusuna həsr olunmasının təsadüfi olmadığını, 44 günlük Vətən müharibəsində LDU-nun tələbə və məzunlarının rəşadətlə döyüşdüyünü, 11 nəfərin müqəddəs şəhidlik zirvəsinə yüksəldiyini, həmçinin,  son illərdə Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin nəzərəçarpacaq dərəcədə genişləndiyini, tələbələrin elmi işlərə marağının artdığını bildirərək   bu sahədə əldə olunmuş uğurlardan söz açıb.

 

LDU Tələbə Elmi Cəmiyyətinin sədri Ülkər Fərzəliyeva “Azərbaycanda elmin inkişafında Qarabağ səhifəsi”  mövzusundakı çıxışında I konfransdan ötən müddət ərzində görülmüş işlərin hesabatını verib, qarşıda duran vəzifələrdən danışıb, tələbələr üçün  yaradılan elmi mühitə görə universitet rəhbərliyinə minnətdarlıq edib.

 

Konfransın plenar iclasında LDU Tələbə Elmi Cəmiyyətinin Aqrar və mühəndislik fakültəsi üzrə sədri Tale Ələskərzadə “Azərbaycanda aqrar sahənin inkişafında Qarabağın rolu”, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə sədri Şəfa Bağırova “Azərbaycanın iqtisadi inkişafının zəfəri-Qarabağ”, Təbiyyat fakültəsi üzrə sədri Şəbnur Əlizadə “Azərbaycanın təbiət muzeyi - Qarabağ”, Tarix, coğrafiya  və incəsənət fakültəsi üzrə sədri Qalib Əmənov “Qafqazın ən böyük turizm məkanı - Qarabağ”, Filologiya və ibtidai təhsil fakültəsi üzrə sədri Asiman Qafarlı  “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtıdır” mövzularında çıxış ediblər.

 

Lənkəran Dövlət Universitetinin  prorektoru, şəhid atası, dosent Kamran Kazımov çıxışında  belə tədbirlərin gənclərin təkcə elmi dünyagörüşünə deyil, həm də vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.

 

Konfransın plenar iclası “Qarabağ Azərbaycandır!” video-filminin nümayişi ilə yekunlaşıb.

 

Qeyd edək ki, Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin “Şuşa ili”nə həsr olunmuş   “Qarabağ Azərbaycandır”  mövzusunda  II elmi konfransı işini bölmələrdə davam etdirir. Ayrı-ayrı bölmələrdə təqribən 200-ə qədər çıxışın  dinlənilməsi planlaşdırılıb.