Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 09:12:00
“Heç kim məni işdən çıxara bilməz” - Attestatsız “zavuç”la bağlı MÜƏMMA

Bir müddət əvvəl xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, orta təhsili belə olmadan məktəbdə rəhbər vəzifə tutan İsmət Yusifova haqqında aidiyyəti qurumlarda araşdırma aparılırdı. Ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilən attestatsız direktor müavininin işdən çıxarılması tələb olunurdu.

 

Prosesin gedişi ilə maraqlanmaq üçün Bakı Şəhəri Təhsil İdarəsi ilə əlaqə saxladıq. 

 

İdarədən  bildirilib ki, məsələ ilə əlaqədar hər hansı yenilik yoxdur. Əlavə məlumat olarsa, ictimaiyyətə açıqlanacaq.

 

 

Məktəbin direktoru Almaz Həsrət isə saytımıza açıqlamasında deyib ki, direktor müavininin işdən azad olunması ilə bağlı heç bir addım atılmayıb:

 

“İsmət xanım, hər səhər işə gəlir. Çox iddialı şəkildə deyir ki, məni heç kim işdən çıxara bilməz. Aqressiv xanımdır, təhsilli olmadığı buna görə tam bəllidir. Mən ona dedim ki, səni işdən çıxartdırmaq fikrim yoxdur, amma məktəbdə təhsilinə uyğun işlə təmin olunmalısan. Bu xanım 18 ildir məktəbdə işə qəbul edilib, bu illər ərzində təhsilini tamamlamağı belə lazım bilməyib. Üstəlik deyir ki, müdir kimi qalmışam, belə də davam edəcəyəm.

 

Mən direktor təyin edilənə qədər məktəbdə iki direktor dəyişib. Həmin direktorların dövründə bu xanım məktəbdə olub. 2004-cü ildə İsmət xanım təyin edilib. Hətta bu müddətdə fəaliyyəti ilə əlaqədar töhmət də alıb. Məndən öncəki direktor məsələdən agah olub, idarəyə məlumat verib. İndi olduğu kimi onda da araşdırma aparıldığı bildirilib, amma nəticəsiz qalıb. İsmət xanım valideyn komitəsinin aktiv üzvü olduğuna görə 2004-cü ildə məktəbdə işə götürülübmüş”.

 

 

Direktor bu işin sonunadək mübarizə aparacağını söyləyib: “Mən bu məsələnin sonuna qədər gedəcəyəm. Addım atılmasına çalışacağam. Düşünün, bu gün MİQ imtahanı keçirilir, gənc kadrlar tədris prosesinə cəlb edilir, biz onları təşviq etməyə çalışırıq, amma paytaxtın ən böyük məktəblərindən birində direktor müavininin orta təhsili belə yoxdur. Bu qadının vəzifədə qalması kadr siyasətinə kölgə salır”.

 

Qeyd edək ki, 3 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Qədir qızı Yusifova 01.09.2004-cü ildə işə qəbul edilib. Orta təhsili olmadığı halda hələ də direktor müavini vəzifəsini icra edir.  

 

Modern.az