Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 10:42:00
Müsabiqədə hicablı müəllimlərə qarşı məhdiyyətlərə etiraz - “Nə əngəl yaradır ki?!”

“Müəllimlərə hicaba görə məhdudiyyət tətbiq edilməsi yolverilməzdir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.

 

Belə ki, son günlər Müəllimlərin Daimiləşdirilməsi Müsabiqəsində hicablı xanım namizədlərə məhdudiyyət tətbiq edilməsi ilə bağlı sosial şəbəkələrdə iddialar səslənir.

 

Sona Əliyeva məsələ ilə bağlı fikirlərini bildirib:

 

“Qanunvericilikdə xanımlara hicaba görə hansısa məhdudiyyət tətbiq edilməsi ilə bağlı qərar yoxdur. Lakin bunla bağlı təhsil sahəsində və müəllimlərin işə qəbulu zamanı, xüsusən də, müsahibə mərhələsində məhdudiyyətlər tətbiq edilirsə, bu, çox mənfi haldır. Həmçinin, belə vəziyyətin baş verməsi qanunvericiliyə ziddir. Azərbaycan hüquqi dövlətdir,  eyni zamanda ölkəmizdə bütün mədəniyyətlərə, dinlərə xüsusi diqqət yetirilir. Dövlətimiz tolerant və multikultural  nüansları özündə əks etdirir. Xalq və dövlət olaraq da  yanaşmamız bu şəkildədidir. Biz müsəlmanıq, hər kəsin özünün  İslam dininə münasibəti fərqlidir. İnsanların seçimləri müxtəlifdir. Kimləri ibadət yolunu seçir, kimləri isə   dini qaydaları həyata keçirmirlər. Bu, insanların şəxsi məsələləridir. Məhz həmin səbəbdən hansısa maneənin törədilməsi insanların şəxsi seçim və azadlığına müdaxilədir. Qadınların hicablı və hicabsız olmasının onların iş prosesinə heç bir aidiyyatı yoxdur. Bu hallar qanunvericiliklə tənzimləndiyinə görə  belə problemlərin  olması yolverilməzdir. Həmin maneələr yaradılmamalı və əgər edilirsə, bu, çox mənfi tendensiyadır”.

 

Pedaqoq məsələnin Təhsil Naziliyi tərəfindən araşdırılmasının vacibliyini vurğulayıb:

 

“Güman edirəm ki, bu kimi kütləvi müzakirələri Təhsil Nazirliyi nəzərə alacaq, araşdırma apararaq ictimaiyyətə əlavə məlumat veriləcək. Onlar deməlidir ki, bu, anlaşılmazlıqdır, real faktlardır və ya kütləvi manipulyasiyadır.

 

Bizim ölkədə hicab kütləvi hal almayıb, həmçinin populyar deyil. İnsanlar ibadət edirlər, lakin baş bağlama məsələsində bir qədər qərarsızdılar. İctimaiyyət arasında da hicablı xanımların sayı çox deyil”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları