Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-05 17:15:00
Universitetlərdə abituriyentlər üçün yeni layihə  - Azərbaycanda İLK

 

Abituriyentlər və onların valideynləri üçün Azərbaycanda ilk dəfə olaraq “Sənin universitetin” layihəsi həyata keçiriləcək.

 

Layihə çərçivəsində universitetin maddi-texniki bazası,məzun olduqdan sonra iş imkanları, müəllim-tələbə heyətinin uğurları yeni qəbul olunacaq abituriyentlərə tanıdılacaq. Bu istiqamətdə bir gündə ən azı 1000 nəfərə yaxın abituriyentlə görüş imkanının yaradılması nəzərdə tutulur.

 

Layihənin ideya müəllifi və rəhbəri, ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev AzEdu.az-a açıqlamasında layihənin əsas məqsədi və hədəfləri haqqında məlumat verib:

 

“Abituriyentlərə və onların valideynlərinə universitetlər və ixtisaslar haqqında daha geniş məlumatın çatdırılması ilə bağlı əvvəldən ağlımda belə bir fikir vardı. Çünki onlara ixtisas seçiminin formal olmadığını izah etmək vacibdir. Anlamalıdırlar ki, bu seçim onların gələcək həyatlarına təsir edəcək ən vacib amillərdəndir. Bu layihə çərçivəsində abituriyentlərlə müəyyən psixoloji məlumatların bölüşülməsini, bunun üçün psixoloqları dəvət etməyi düşünürük. Nəticədə həm abituriyentlərin, həm də onların valideynlərinin ətraflı şəkildə məlumatlandırılmaları nəzərdə tutulur. Düşünürəm ki, həm ixtisas seçimi, həm də abituriyentlərlə psixoloji iş istiqamətində mövcud olan boşluğu biz bu layihə vasitəsilə müəyyən qədər doldurmuş olacağıq.Həm abituriyentlərə, həm də valideynlərə izah etmək vacibdir ki, imtahan son deyil, bu sadəcə olaraq bir mərhələdən digərinə keçiddir. Əgər ilk dəfədən bu mərhələdə istənilən nəticəni əldə etmək alınmasa, yenidən hazırlaşıb imtahan vermək mümkündür. Burada əsas diqqət çəkmək istədiyimiz məqam valideynlərin hər an övladlarının yanında olması, onlara dəstək göstərmələridir. Çünki heç bir nəticə övladdan daha əziz deyil”.

 

Mütəxəssis görüşlərə bu ay ərzində start veriləcəyini qeyd edib:

 

“Doğrudur, may ayı layihənin başlaması üçün nisbətən gecdir. Amma pandemiya dövrünə nəzər salsaq, görərik ki, o zaman belə layihələrdə sadəcə virtual şəkildə iştirak edə bilirdik. Amma düşünürük ki, üzbəüz görüş daha faydalıdır və nəticəsi daha yaxşı olur. Artıq pandemiya ilə bağlı qadağalar da yumuşaldıldığı üçün belə layihələri rahatlıqla keçirə bilərik”.

 

Qeyd edək ki, maraqlı olan universitetlər əməkdaşlıq üçün əlaqə saxlaya bilərlər.