Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-05 13:19:00
“Hacı Nuran sabah gəlsə, onunla yenə də şəkil çəkdirərəm”-Rektordan zarafatlara cavab

 

 

Bir müddət öncə tanınmış teleaparıcı Nuran Hüseynov (Hacı Nuran) Azərbaycan Dövlət Aqrar Universitetində qonaq olub, rektor İbrahim Cəfərovla görüşüb.

 

Görüş zamanı çəkilən rektorla teleparıcının fotosu feysbukda Azərbaycan Universitetləri səhifəsində paylaşılıb. Foto böyük marağa səbəb olub və çox sayda “Allah rəhmət etsin” tərzində yumoristik rəy gəlib. Rektor özü də cavab olaraq, -“Allah başsağlığı verənlərin hamısının ölənlərinə rəhmət eləsin”- rəyini qeyd edib. Həmçinin rektorun rəylərə bu cavabı da çox böyük maraqla qarşılanıb.

 

AzEdu.az xəbər verir ki, ADAU rektoru daha sonra öz səhifəsində paylaşım edərək məsələyə aydınlıq gətirib:

 

“Dəyərli dostlar, sosial şəbəkələrdə yayılan bir statusumun yaranma tarixinə açıqlama vermək zərurəti yarandığını düşünürəm, belə ki, təxminən 10 gün öncə dostum Hacı Nuranı təsadüfən yeni tədris korpusunun qarşısında gördüm. Hər ikimiz oruc tutduğumuzdan çay da içə bilmədik, bir az universiteti təqdim etdim, şəkillər çəkdirdik. Bundan bir neçə gün sonra feysbukda “Azərbaycan Universitetləri” səhifəsinə  23:45 radələrində baxdım və Hacı Nuranla olan bir şəklim paylaşılmışdı, rəylərə baxdım, hamı yazır ki, “Allah rektoru rəhmət etsin”, “ADAU-da vakant yer oldu”, “rəhmətlik yaxşı adam idi” və s. Hamı mənə rəhmət oxuyurdu, narahat olmadım, anladım ki, bu bir zarafatdır, mən də el adəti ilə status yazdım”Allah başsağlığı verənlərin hamısının ölənlərinə rəhmət eləsin”.

 

Son olaraq rektor, -“Tarix bundan ibarətdir, bəzi saytlar adəti üzrə statusuma nə isə don geyindirmək istəyirlər, amma alınmaz. Dostum Hacı Nuran sabah universitetə gəlsə, yenə də onunla şəkil çəkdirərəm”-deyə bildirib.

 

Qeyd edək ki, ADAU rektoru İbrahim Cəfərov xüsusi səmimiyyəti ilə seçilən və yerli ali təhsil müəssisələrinin rəhbərləri arasında tələbələrin ən sevdiyi rektorlardan hesab olunur.