Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 14:10:06
BDU-da Azərbaycanda geoloji parkların yaradılması məsələsi müzakirə olunub  

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Azərbaycan Respublikasında geoloji parkların yaradılması konsepsiyası” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, seminarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika institutunun Geotektonika və regional geologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin mövzu üzrə məruzəsi dinlənilib. T.Kəngərli Azərbaycanda geoparkların yaradılması istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, bununla bağlı yaradılan İşçi Qrupunun Azərbaycanın regionlarında tədqiqatlar apardığını və nadir geoloji obyektlərin monitorinqini həyata keçirdiyini diqqətə çatdırıb.

Aparılan tədqiqatlar nəticəsində ölkə ərazisində UNESCO-nun tələblərinə uyğun gələn və səciyyəvi geoloji obyektləri özündə cəmləşdirən Culfa (İlandağ), Qırməki və Xaltan milli geoparklarının yaradılmasının məqsədəuyğun olduğu qeyd edilib.

Məruzəçi Naxçıvan Muxtar Respublikası ərazisində UNESCO və ProGEO tərəfindən dəstəklənən sərhədyanı geoparkın yaradılmasının geoloji obyektlərin, arxeoloji abidələrin, biomüxtəlifliyin qorunmasının əhəmiyyətinə diqqət çəkib.

Sonra fakültənin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri professor Bahadır Qələndərov, Ümumi və tarixi geologiya kafedrasının müdiri professor Nazim İmamverdiyev, Kompleks geoloji və geofiziki tədqiqatlar Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi Sokrat İsayev və böyük elmi işçi Robert Mobili mövzu ilə bağlı müzakirələr aparıblar.