Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-27 11:30:00
Şagirdlərin ağır çanta problemi yenidən gündəmdə - Ekspertlərdən şərh
Təhsil naziri Emin Əmrullayev şagirdlərin məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara aydınlıq gətirib.
 
 
AZEdu.az  xəbər verir ki, nazir bəzən lazım olmayan yük əsassız şəkildə çantalara yüklənilir deyə vurğulayıb.
 
 
 
 
Həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazım deyil. Həmçinin qidalanma, su da var: “Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlərdir. Heç də hər gün məktəbə aparılmayan əlavələrdir. Bu da məktəb səviyyəsində həll olunmalıdr. Nazirlik hər bir uşağın çantasını yoxlamaq iqtidarında deyil. “Dərslik və iş dəftərlərini yarı-yarıya bölmüşük. Bu, bir addımdır. Hesab edirəm ki, həmin vəsaitlər verilən proqramı mənimsəməyə kifayətdir. Müəllim əlavə vəsaitdən istifadə edə bilər, ancaq hər gün uşaq onu çantasında daşımalıdır deyə bir şey yoxdur. Bu məsələnin ailə və məktəb arasında ünsiyyətlə tənzimlənməsi məqsədə uyğundur”.
 
 
Millət vəkili Etibar Əliyev hesab edir ki, şagirdlərin çanta problemi əsasən kurikulumlar əsasında yazılmış dərs vəsaitlərinin çapından sonra yaranıb:
 
 


“Şagirdlərin fənni mənimsəməsi üçün dərs vəsaitlərinin, iş dəftərləri də daxil olmaqla, çapı şagird çantasını xeyli ağırlaşdırdı. Ümumiyyətlə, kitabların həcminə də diqqət yetirmək lazımdır. Elə fənlər var ki, məsələn, mövzu çox konkret və yığcam izah olunacağı bir halda bir mövzuya bir neçə səhifə yer ayrılır. Bu da həm mənimsəməni mürəkkəbləşdirir, həm də kitabların həcmini artırır”.
 
 
Təhsil eksperti Nadir İsrafilov isə bildirib ki, uşaqlar üçün fiziki, zehni və maddi yükə çevrilən iş dəftərləri artıq neçə illərdir ki, Təhsil Nazirliyi tərəfindən dərslik komplektindən çıxarılıb.
 
 

 
 
Bununla belə, bir çox məktəblərdə müəllimlər hələ də valideynləri bu ləğv olunan, nəşriyyatlar tərəfindən hələ də satışa çıxarılan iş dəftərlərini valideynlərə məcburi aldırmaqda maraqlıdırlar: “Çantaya hər fənn üzrə iş dəftərlərinin yığıması da onu ağırlaşdıran səbəblərdəndir”. (bakupost.az)