Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-16 13:20:00
İngilisdilli təhsilin inanılmaz üstünlükləri – “Burada oxuyan tələbələrin iş problemi olmayacaq”

“Təəssüf hissi ilə qeyd edim ki, heç də bütün universitetlərdə ingiliscə tədris mükəmməl səviyyədə aparılmır. Hətta ingiliscə magistratura proqramına müraciət edən tələbələr formda ingilis dili biliklərinin yüksək səviyyədə olduğunu qeyd etsələr də, müsahibə zamanı bunun tam əksinin şahidi oluruq”.

Bu sözləri AzEdu.az-a açıqlamasında İdman Jurnalistikasi magistr proqramının menecer  Ellada Mustafayeva deyib. Qeyd edək ki, Ellada xanımın meneceri olduğu proqram ingilisdillidir.  O, ingilis dilində tədris aparılan ixtisaslara minimal keçid balının yüksək olmasının səbəblərini izah edib:

“Müasir dövrdə yaşayırıq. Dünyada qloballaşma gedir və bir sıra yeni innovativ, modern ixtisaslar yaranır. Bununla bərabər, ənənəvi ixtisaslar da qloballaşmanın bir hissəsinə çevrilir. İngilis dili artıq dünyanın əsas dillərindən biri kimi istifadə olunduğuna görə bəzi ixtisaslarda tədris ingiliscə aparılır.

Təhsil ingilis dilində aparılan fakültələrin məzunları üçün gələcək iş perspektivləri daha asan, rahat olur. Onların işlə təmin olunma prosesləri çox sürətlə gedir. Belələri nəinki Azərbaycan sferasında, o cümlədən beynəlxalq şirkətlər, xarici ölkələrdə  də işlə təmin olunmaq imkanına sahib olurlar. Bu baxımdan məncə ingilisdilli ixtisasların belə geniş vüsət almasının səbəbi çox ürəkaçandır. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə böyük gözləntilər var. Məsələn, bu il ortalama ballar 600 civarında olub. Artıq texnologiyanın inkişafı onu göstərir ki, bu hədəflərə nail olmaq heç də çətin deyil. Çünki, bu il 29 nəfər 700 bal toplayıb. 5-6 il öncə bu, fantastik nəticə kimi görünsə də, artıq reallıqdır.Çünki artıq innovasiyalar, təhsil inkişaf edir. Rəqabət mühiti genişdir. Hətta indi prioritet ingilis dilini bilməkdirsə, 1-2 il sonra bu sferanın özündə də rəqabət olacaq. Artıq rəqabət 2 deyil, 3-4 xarici dil biliyi olanlar arasında başlayacaq”.

Belə ixtisaslara abituriyentlərin marağının artdığını deyən Ellada Mustafayeva əcnəbi dil biliyi zəif olanların özlərinə bu çətinliyi  rəva gördüklərini düşünmür:

“Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası ixtisasının proqram meneceriyəm. Burada da tədris ingiliscədir. Bu, Qafqazın idman jurnalistikası üzrə ilk magistratura proqramıdır.

Vəziyyət qənaətbəxşdir. Amma düşünürəm ki, biz bunun nəticələrindən 5 il sonra danışa biləcəyik. Çünki bu ixtisaslara maraq hələ yeni başlayır. 5 il sonra həmin tələbələr məzun olanda onların nəticələrindən ağız dolusu danışa biləcəyik”.

Onun sözlərinə görə, heç də bütün universitetlərdə ingiliscə tədris mükəmməl aparılmır:

“Təəssüf hissi ilə qeyd edim ki, heç də bütün universitetlərdə ingiliscə tədris mükəmməl səviyyədə aparılmır. Deməzdim ki, universitetlər hər biri eyni səviyyədə təlim tədris sistemini tətbiq edirlər. Magistratura proqramımıza adını çəkmək istəmədiyim özəl universitetlərdən tələbələr müraciət etmişdilər. Onlar öz  müraciət formlarında ingilis dili biliklərinin yüksək səviyyədə olduğunu qeyd etmişdiər. Amma müsahibə zamanı bunun tam əksinin şahidi olduq. Belə hallar olur. Amma dediyim ki, rəqabət mühitidir və mən bu məsələyə çox pozitiv baxıram. Çünki ünsiyyətdə olduğum gənclərimi görürəm. Qısa zamanda bu rəqabət mühiti inkişafa aparacaq. Buna əminəm”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları