Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-16 12:07:00
Eyni amal uğrunda verilən savaş-MÜSAHİBƏ-FOTOLAR-VİDEO  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsini davam edir.

 

Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak edən müəllimlər keçdikləri döyüş yolu barədə danışırlar.

 

Layihənin budəfəki müsahibi Bakı şəhəri 327 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İslam Zeynalovdur.

 

DOSYE:

 

O, 19 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə 176 saylı tam orta məktəbin 1-ci sinfinə qədəm qoyub, 1989-cu ildə isə Suraxanı rayon 285 saylı orta məktəbdə təhsilini davam etdirib. 1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1997-cü ildə isə  Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almağa başlayıb. 2001-ci ildə orduda zabit kimi hərbi xidmətə başlayıb. 2006-cı ildə ailə vəziyyəti ilə əlaqədar ordu sıralarından təxris edilib. 2015-ci ildən isə 327 saylı tam orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışıb. Ailəlidir, 3 övladı var.

 

İslam müəllim “Döyüşdə fərqlənməyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli”, “Xocavəndin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilib.

 

Uşaqlıq xatirələri İslam müəllimi torpaqlarımızın azadlığı uğrunda gedən mübarizəyə qoşulmasına təkan verib. İslam müəllim  o xatirələri bizimlə bölüşüb

 

-Əslimiz Beyləqan-Füzuli bölgəsindən olduğu üçün  yay tətillərimi orada keçirərdim. Kəndimizdə hospital yerləşirdi. Həmişə bura gələn yaralıları müşahidə edərdim. Uşaq vaxtından məndə inam var idi ki, bir gün biz torpaqlarımızı düşməndən geri almaq üçün mübarizəyə qalxacağıq. Elə bu inamın təsiri ilə  zabit oldum və ön cəbhədə xidmət etməyə qərar verdim.

 

 

 

Könüllü şəkildə orduya qatılan  müəllim

 

-Sentyabrda səfərbərlik xidməti tərəfindən mənə çağırış gəlmədi. Sentyabrın 27-də ailəmlə halallaşıb yola düşdüm. Heç bir komissarlığa getmədən köhnə hərbi hissəmə yollandım ki, birdən mənə görə nəsə lazım olar. Çünki həmin əraziləri çox yaxşı  tanıyırdım. Beləcə, Ağdam istiqamətində yola düşdüm. Lakin  sonradan mənə hərbi komissarlıqdan zəng gəldi ki, sənin başqa istiqamətə  təyinatın var, təcili olaraq buraya gəlməlisən. Məcburən Bakıya qayıtdım.

 

 

Təlimlərlə yenilənən biliklər, ilk döyüşlər

 

-Buradan əvvəlcə Gorandakı təlim mərkəzinə yollandıq və təlimlər keçdik. İlk döyüşlərimiz Zəngilan və  Mincivan istiqamətində oldu. Sonrakı döyüşlərimiz isə Cəbrayıl və Xocavənd uğrunda baş tutdu.

 

 

Yaralı əsgərin xəstəxanadan qaçaraq döyüşə qayıdışı

 

- Oktyabrın 29-da  düşmən minamyotundan  açılan atəş zamanı mən və bir əsgərim yaralandı. Yaralı əsgəri çıxardıqdan sonra məni hospitala təxliyə etdilər. Orda cəmi 4-5 saat qaldım, yenidən öz hərbi hissəmə qayıtdım. Çünki aldığım xəsarət xəstəxanadakı yaralılarla müqayisədə çox az idi, qulaq pərdəm cırılmış və kəllə-beyin travması almışdım. Tibbi mərkəzə ağır diaqnozlarla gələnlər var idi. Bəzilərinin əli, ayağı yox idi. Problemimi həkimlər bilirdi, kənardan baxan elə bilərdi ki, bu adam qorxub qaçıb. Özümə sığışdıra bilməzdim bunu. Odur ki, yenidən döyüşlərə qatıldım. Mənimlə yaralanan əsgər isə qazi olaraq ailəsinin yanına döndü".

 

Qayıdış üçün edilən cəhdlər, qarşıya çıxan təsadüf

 

-Hospitaldan qayıtmaq  vaxtımı  çox apardı. Çünki geri dönmək üçün Füzulidən  başqa avtomobillərə minməli oldum və yenidən xidmətimi davam etdirdim. Düşmən bizi dronla axtarırdı. Çünki onları ağır silahlarla vururduq.

 

 

Çaya düşən maşın və həyəcan dolu dəqiqələr

 

-Biz olduğumuz yerdə körpü dağılmışdı, məcburən çayı özümüz  keçməli olduq. Orada istehkam tikililəri var idi, hansı ki, onlar  mühəndis istehkam qurğuları tərəfindən salınırdı. Bir dəfə oradan keçdikdə  çaya düşdüm. Çay dayaz olmasına baxmayaraq çox iti axırdı. Bəzi mülki vətəndaşlar  bizə  istifadə üçün özlərinin  şəxsi maşınlarını vermişdilər. Həmin maşınlardan biri ilə çayı keçdim, çayın sahəsi çox enli olduğu üçün mütləq əlavə dəstəyə ehtiyac var idi. Yoldaşlara zəng etdik, bizim üçün T-72 tankı göndərdilər.  Tank maşını çəkən kimi təkərlər olan hissə yerindən qopdu.

 

Müharibə qaydaları, görülən tədbirlər

 

-Vətən Müharibəsində batareya komandiri  idim. Döyüşdə birinci olaraq artilleriyaya atəş açılır. Çünki  artilleriya atəş dəstəyini saxladığı üçün  biz əvvəlcə düşmənin eyni təyinatlı silahlarını vurmalıyıq ki, onlar bizim piyada qoşun növünün əsgərləri üçün təhlükə yaratmasınlar.  Buna görə də birinci zərbəni həmişə biz artilleriyaçılar  atırdıq. Xocavənd və Zəngilanda dəfələrlə dronları ilə olduğumuz  mövqeləri axtarmağa başlayırdılar. Özümüzü düşməndən yayındırmaq üçün  yerdəyişmələr edirdik.

 

Eyni məqsəd uğrunda aparılan mübarizə

 

-Hospitaldan hərbi hissəyə qayıtdım. Cəbrayılın Daşveysəlli kəndi istiqamətinə yollandım. Ora çatanda məlum oldu ki, bizimkilər yerdəyişmə edib. Yenidən qayıtdım Zəngilana - Araz qırağına... Oradan da bir ərzaq maşını gecə saat 10-11 radələrində məni aparası oldu. Beləcə, həmin maşınla  öz bölməmə gəlib çıxdım. Burada məni danladılar ki, tam sağalmamış niyə geri qayıtmışam. Amma hamımız yaxşı bilirdik ki, yaralansaq da mübarizəmizi dayandırmayacağıq. Çünki buradıların bir məqsədi var idi - torpaqları işğaldan azad etmək.

 

10 noyabrdan sonra yaşananlar

 

-Atəşkəsdən sonrakı dövrdə Qubadlıda yerləşib bu istiqamətlərdəki döyüş tapşırıqlarını  yerinə yetirmək üçün hazır dayandıq. Dekabrın 2-3-ü qramafonla  düşmənə rus dilində  müraciət edib qanuni torpaqlarımızdan çəkilmələrini tələb etdik. Sonra Rusiya sülhməramlıları da bu ərazilərə gəldi. Şükürlər olsun ki, digər vasitələrlə düşməni öz ərazimizdən qovduq. Yeni ilə kimi Qubadlıda qalıb, Dövlət Sərhəd Xidmətinin Horadiz  hissəsinə göndərildik.

 

Düşmənin məkirli planı

 

-9 noyabr gecəsi həmişəki kimi atışmalar gedirdi. Gecə saatlarında  atəşi dayandırdıq. Beynəlxalq normaları və Ali Baş Komandanın imzaladığı  sənədi  rəhbər tutaraq  düşmənə atəş açmadıq. Lakin  təəssüf ki, düşmən öz təxribatçı əməllərindən geri qalmırdı.

 

Müharibənin izləri

 

-Cəbhədə bizim üçün ən ideal şərait maşında yatmaq idi. Kim maşında qalmaq imkanı əldə edirdisə özünü xoşbəxt sayırdı. Həyatımızın bütün düzəni dəyişmişdi. Sübh namazına kimi yata bilmirdim. Gün ərzində yaşadıqlarımızı, şahid olduqlarımızı fikirləşməməyə çalışırdıq. Çünki insan düşündükcə daha çox depressiyaya düşürdü. Ailəm mənə bu məsələdə çox dəstək oldu. Müharibədən sonra çox çətinliklə cəmiyyətə adaptasiya ola bildim. Hətta indi belə onun fəsadlarını hiss edirəm.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları