Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-16 09:42:00
Hər müəllimin  səriştəsinə uyğun əməkhaqqı təyin edilsin-TƏKLİFLƏR  

 

 

Son zamanlar Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi müsabiqəsi keçirilmir.

 

Bu, da müəllimlər arasında çaşqınlıqların yaranmasına gətirib çıxarıb.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan şəxslər diaqnostik qiymətləndirmənin əhəmiyyətindən söz açıblar.

 

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, təhsil jurnalisti Niyazi Şərifsoy prosesin əhəmiyyətindən söz açıb:

 

“Müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsi onların fəaliyyətinə müsbət təsir edir. Bu, həm də əlavə məsuliyyət yaradır. Düşünürəm ki, təhsil işçiləri özləri DQ-da iştirak etməyə maraqlı olmalıdır. Diaqnostik qiymətləndirmənin keçirilməsi ilə bağlı qaydalara nəzər saldıqda da görürük ki, qiymətləndirmə təkcə müəllimlərin bilik və bacarıqlarıni müəyyən etmir. Eyni zamanda dərs yükünün bölünməsi, yerdəyişmə və digər məsələlərdə də hüquqi əsas yaradır. Bütün bunları nəzərə alsaq, DQ- nın uğurlu islahat olduğunu düşünürəm”.

 

Təlimçi, təhsil eksperti Elnur Hacıyev diaqnostikanın keçirilməməsinin səbəblərini izah edib:

 

“Təhsilverənlərin diaqnostik qiymətləndirməsinin keçirilməsində məqsəd müəllimlərin əmək haqqının diferensiallaşdırılmasıdır. Bu, o anlama gəlir ki,  təhsil işçiləri ilk olaraq diaqnostika edilir. Digər  addımda onlar  sertifikasiyadan keçirlər. Nəticə olaraq səriştələri yoxlanılır, nəzəri bilikləri test edilir. Sonra isə müəllimlər buna uyğun olaraq sistemləşdirilir.

 

Hazırda müəllimlərin diaqnostik qitymətləndirmədən keçirilməməsinin səbəbi onların əməkhaqqının müxtəlifliyidir. Müvafiq qanunvericiliyə görə   isə sonrakı mərhələdə müəllimlər sertifikasiyadan keçməlidir. Başqa dövlət qurumları bunu attestasiya kimi adlandırır. Bu, normal şəkildə 5 ildən bir tətbiq edilməlidir. Sertifikasiyadan keçdikdən sonra təhsil işçiləri  kateqoriyalara bölünür. Hər müəllimə öz səriştəsinə uyğun olaraq  əməkhaqqı müəyyən edilir. Yüksək nəticə göstərən müəllimlərin əməkhaqqı  aşağı nəticə göstərənlərdən fərqli olur. Proses bu şəkildə həyata keçirilir.

 

Diaqnostik qiymətləndirmə müəllimlərin əməkhaqqının müəyyənləşməsi işinin birinci mərhələsidir”.

 

Elnur Hacıyev sertifikasiyanın əhəmiyyətini vurğulayıb:

 

“Sertifikasiya nəticəsində  müəllimlər müxtəlif formalar əsasında bölünəcək. Sertifikasiyanın 3 nəticəsi ola bilir: Müəllimin tutduğu vəzifə ixtisasa uyğunluğu, təkmilləşmə ilə tutduğu vəzifənin eyniliyi və  ümumi olaraq qiymətləndirilmə prosesi. Bizdə sertifikasiyadan sonra aşağı bal toplayan müəllimlərə bir il möhlət hüququ verilir, sonra isə onlar yenidən sertifikasiyadan keçməlidir, əks halda müqavilələrinə xitam veriləcək. Proses ondan ibarətdir ki, diaqnostika  sadəcə müəllimlərin  həmin anda olan cari vəziyyətini ölçmək  üçün həyata keçirilməlidir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları