Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-15 14:40:00
Təhsil  eksperti  statusunun verilməsinə ehtiyac yoxdur-Nadir İsrafilov

“Dövlət qurumu tərəfindən kimlərəsə təhsil eksperti adının verilməsi onları aslı vəziyyətə salacaq”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib.

 

O, son zamanlar təhsil eksperti adının kimlərə verilməsi məsələsinə münasibət bildirib:

 

“Son zamanlar təhsil eksperti statusu ilə bağlı məsələnin gündəmə gətirilməsi  əhəmiyyətsiz mövzu olmasa da, geniş ictimaiyyət tərəfindən dəyərləndirilə bilər.

 

Lakin, müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə “təhsil eksperti” adının verilməsində hansısa  lüzum görmürəm. Nə bilmək olar, bəlkə müəllimin yeni “ekspert imici” ilə bağlı hansısa  kriteriya əsasında inandırıcı və əsaslandırıcı dəlil ortalığa qoydular.

 

Müqəddəslik və şərəflilik etalonu kimi qəbul etdiyimiz müəllim məfhumunu bu dərəcədə dartışdırmağa  zərurət yoxdur və ola da bilməz. Müəllim sözünün özündə hər şey deyilib. Müəllim əməyini stimullaşdırmaq, onun əmək haqqına diferensial yanaşmaq məqsədilə ona “baş müəllim”, “metodist” müəllim statusunu vermək, dövlət qayğısını hiss etdirmək, daha da şərəfləndirmək üçün “Əməkdar müəllim” və digər fəxri adlara layiq görmək olar. Ancaq, “repetitor müəllim” adı azmış kimi, ona vəkil qismində “ekspert müəllim” kimi bir yarlığ yapışdırmaq o qədər də səmimi görünmür”.

 

Nadir İsrafilov ekspert sözünün mənasını izah edib:

 

“Dar mənada “Ekspert” latın sözü olub (expertus) – təcrübəli deməkdir. Geniş mənada götürdükdə isə, müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisinə ekspert deyilir.

 

Dünya təcrübəsində təhsilin keyfiyyətinin qiymətləndirilməsində, müəyyən qanunvericilik aktlarının, standartların və layihələrin hazırlanmasında peşəkar ekspertlərin xidmətlərindən geniş istifadə olunur, onların rəy və təkliflərinə istinad olunur. Ekspert müstəqil mövqeyə malik şəxs olmalıdır. Əgər, təhsil eksperti adı hansısa dövlət qurumu tərəfində veriləcəksə, o adın sahibi neytrallığını itirmiş olacaq. Yəni, istisna oluna bilməz ki, hansısa dövlət qurumu tərəfindən, kimlərəsə təhsil eksperti adının verilməsi, kimlərisə “özününküləşdirmək”, asılı vəziyyətə salmaq anlamına gələcək.

 

Təhsil üzrə mütəxəssis qeyd edir ki, seçim prosesi hələ başlamayıb:

 

“Hələ ekspert seçimində nələr baş verə biləcəyini - imtahanlar, müsahibələr, təlimlər, əlavə kurslar, sertifikatlar və çətin məsələ deyil. Elə isə gəlin özümüzə qarşı “ikinci cəbhə” açmayaq, müəllimə öz funksional vəzifəsini yerinə yetirmək və şərəfli adını qorumaq üçün ona lazımı şərait yaradaq, onun sosial və məişət problemlərinin həlli yolları, həddən artıq ağır yükdən azad olunması formaları barədə düşünək.

 

Ölkəmizdə lazımı qədər ekspert qismində tanınan təcrübəli mütəxəssislər var və onları əvəz edə biləcək yeni qüvvələr də formalaşır. İstər Təhsil Nazirliyi əməkdaşları, istərsə də media mənsubları kimin həqiqi, kimi saxta ekspert olduğunu daha yaxşı bilirlər”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları