Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-11 10:57:00
Son kursların təcrübə müddəti niyə effektiv deyil?-“Təcrübənin təşkili prosesi tamamilə ləğv olunsun”

 

“Praktiki olaraq bu prosesin effektiv təşkili Azərbaycan kimi kiçik iqtisadiyyata malik ölkədə, Bakı kimi əksər universitetlərin cəmləndiyi şəhərdə bu mümkün deyil”

 

Hazırda yerli ali təhsil müəssisələrində təhsil alan sonra kursların təcrübə prosesi davam edir.

 

Ancaq bir çox hallarda bu proses formal xarakter daşıyır. Məsələn, tələbələr müəssisəyə yollanır,ancaq heç nə öyrənmir, yaxud tələbələrin ümumiyyətlə təcrübə keçəcəkləri müəssisədən xəbərləri olmur. Çox az hallarda təcrübə müddəti müəyyən tələbələr üçün əlverişli keçir.

 

Bəs bunun əsas səbəbi nədir? Təcrübə müddətinin tam olaraq həyata keçirilməməsi nədən qaynaqlanır? Həmçinin bu istiqamətdə hansı müsbət addımlar atıla bilər?

 

UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyev AzEdu.az-a açıqlamasında hazırki vəziyyəti dəyərləndirərək,problemin qaynağına toxunub:

 

“Mövzuya belə yanaşmaq lazımdır ki, bu təcrübə sistemi ümumilikdə nədir, dünyada bunun qarşılığı necədir? Biz SSRİ dağıldıqdan sonra faktiki olaraq heç bir tərəfə keçid edə bilmədik. Sovet sisteminin isə müsbət tərəfindən çox, mənfi tərəfləri bizim sistemdə qaldı. Təəssüf ki,müasir dövrlə ayaqlaşmaq baxımından hazırda bu istiqamətdə müəyyən problemlər müşahidə olunur. Nə də digər tərəfə, müasir təhsil sisteminə tam olaraq keçid edə bilmədik. Təcrübələrin təşkili, ümumi sistem isə bundan qaynaqlanana məsələdir”.

 

Direktor müəssisələrin çox sayda məzunu əmək bazarına cəlb etmək potensialını dəyərləndirərək, ölkə iqtisadiyyatında bunu mümkün olmadığını bildirib:

 

“İşin bir nəzəri tərəfi var, sözdə olan tərəfi ki, hər şey çox gözəl olmalıdır, yaxşı olmalıdır, tələbə bu müddətdə çox şey öyrənməlidir və s. kimi. Bir də işin praktiki tərəfi var ki, bir anda minlərlə məzun ixtisası üzrə eyni işdə təcrübə keçmək üçün bazara daxil olur. Bunların yerləşdirilməsi belə mümkün proses deyil. Azərbaycan iş dünyası, istər dövlət sektoru,istərsə də özəl sektor olsun bu qədər insanı bir anda cəlb etmək potensialına malik deyil. Əgər mərkəzi planlama iqtisadiyyatı olsaydı, müvafiq şəxsin tapşırıqla müəyyən müəssisədə işləyib, təcrübə qazana bilməsi mümkün ola bilər. Ancaq bəzi məsələlərdə isə bu ümumiyyətlə zəruri deyil,lazım olmamalıdır. Məsələn, hər kəs eyni bir şirkətdə işləmək məcburiyyətində olmaya bilər. Bəlkə kimsə tamamilə iş istiamətini dəyişmək istəyir. Təcrübələrin istənilən səviyyədə olmamasında ilk səbəb budur. Təklif çox böyük olur və bunu idarə etmək praktiki olaraq mümkün olmur”.

 

“İxtisası üzrə deyil, fərqli istiqamət üzrə çalışmaq istəyənlər təcrübədə müəyyən problemlə üzləşirlər”

 

“Artıq bir nöqtədən sonra hər şey formal xarakter daşıyır,sadəcə proses getsin və tamamlansın xarakterində irəliləyir. Bəzi iş yerləri maraqlı olmur, maraqlı olanlar isə təcrübəni qəbul edir.  Ancaq bunun üçün də müəyyən proses var ki, bir müddət əvvəldən yerlər müəyyənləşməli, hazırlıq işləri görülməlidir və s. Dəyişim çox bürokratik olduğu, əmrlər rektor səviyyəsində verildiyi üçün kimsə təcrübəyə başladığı yerə getdikdən sonra başqa, daha yaxşı bir yerdən təklif alarsa anında dəyişə bilmir, bu çox uzun bir proses tələb edir. Yaxud həmin gənc öz ixtisası üzrə deyil, başqa bir istiqamət üzrə işləmək istəyir və o istiqaməti də tapır,ancaq universitet deyir ki,-“Bu sənin istiqamətin deyil”-, və təcrübə sənədi qəbul olunmur.Belə olan halda mütləq şəkildə artıq formal bir proses meydana gəlir”.

 

O, tələbəyə 4 il ərzində istənilən kursda təcrübə keçmək imkanı yaradılmasının daha effektiv olacağını qeyd edib:

 

“Yəni burada nə fakultələrin, nə dekanlarının və təcrübə rəhbərlərinin üzərinə, nə də iş yerlərinə məsuliyyət yükləmək olmaz. Çünki praktiki olaraq bu prosesin effektiv təşkili Azərbaycan kimi kiçik iqtisadiyyata malik ölkədə, Bakı kimi əksər universitetlərin cəmləndiyi şəhərdə bu mümkün deyil. Əgər fərqli zamanlarda bunu etmək icazəsi verilsə, daha yaxşı olar. Məsələn, tələbəyə 4 il müddətində 2 ay təcrübə keçmək imkanı yaradılsın, nəticədə tələbə istənilən kursada bu təcrübə imkanından yararlana bilsin. Ancaq sonuncu kursun son semestrini tamamilə təcrübəyə ayırmaq, effektiv təşkil baxımından mümkün deyil”.

Direktor daha effektiv nəticə üçün təcrübə prosesinin tamamilə ləğv edilməli olduğunu, bu işin tələbənin öhdəsinə buraxılmasını vurğulayıb:

 

“Bu proses, təcrübənin təşkili məsələsi tamamilə ləğv olunsun. Bu iş tələbələrin öhdəliyinə buraxılsın. Tələbə özü istəyirsə axtarıb tapsın və həmin müəssisədə işləsin, təcrübə keçsin. Hazırda bunu edən çox sayda tələbə var, bunu təcrübə müddətindən əvvəl də artıq edirlər.Ancaq təcrübə müddətində bunun edilməsi məcburiyyət halında sadəcə təkrar edilmə olur. Bu səbəblə proses tamamilə ləğv olunsun. Universitet də burada kordinasiya və kommunikasiyanı çox yaxşı təşkil edə bilər ki, iş dünyası ilə əlaqələr qurulsun və tələbər daha rahat istiqamət seçsinlər. Amma bu sırf təcrübə keçmək məqsədli edilməsin. İstənilən halda bu şəxs öyrənmək məqsədilə təcrübəyə yollanır, onun burada məsuliyyəti olmamalı, istəyə bağlı bir məsələ olmalıdır.Hazırki vəziyyətdə isə ya tələbələr təcrübə müəssisələrinə getmir, ümumiyyətlə təcrübə yerindən xəbəri yoxdur, tamamilə proses formaldır,ya gedib tamamilə əlaqəsiz işlərlə məşğul olurlar. Çox az hallarda tələəblər müəssisəyə yollanır və orada həqiqətən nə isə öyrənirlər və prosesin sonrakı mərhələlərinə bu müsbət təsir göstərir. Bu isə dediyim kimi çox kiçik bir hissədir”.