Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-28 15:27:00
BMU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat iclası keçirilib  

Bakı Mühəndislik Universitetinin (BMU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, toplantıda BMU HİK-in sədri Həzi Qasımovun hesabat məruzəsi dinlənilib. Komitənin fəaliyyət istiqamətlərindən danışan H.Qasımov bildirib ki, ötən dövrdə qurum kollektivin sosial müdafiəsinin gücləndirilməsinə köməklik göstərib, onların asudə vaxtlarının səmərəli keçirilməsini və mədəni-kütləvi tədbirlərdə iştirakını təşkil edib. O, hesabat dövrü ərzində (2020-2021-ci illər) BMU HİK-in gördüyü işləri özündə əks etdirən məlumatları ətraflı şəkildə nəzərə çatdırıb. Eyni zamanda, əməkdaşların yay istirahətinin təşkil olunduğunu, müalicə məqsədilə sanatoriyaya göndərildiyini  vurğulayıb.

 

Hesabatda o da qeyd olunub ki, universitet əməkdaşlarına Novruz bayramı münasibətilə alış-veriş kartları, pandemiya ilə əlaqədar əməkdaşlara maddi yardım, 26 iyun- Silahlı Qüvvələri günü münasibətilə veteranlara və şəhid ailələrin üzvlərinə maddi yardım göstərilib. Bununla yanaşı, Vətən müharibəsi dövründə Silahlı Qüvvələr Fonduna, Qarabağ Dirçəliş Fonduna BMU HİK tərəfindən ianələr edilib.

 

Tədbirdə çıxış edən BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə HİK-in əhəmiyyətini, artan rolunu vurğulayıb. Prorektor komitənin universitetin əməkdaşları və onun rəhbərliyi arasında müəyyən sosial məsələlərin həllində, eləcə də hüquqlarının qorunması istiqamətində körpü rolunu oynadığını bildirib. O, komitənin şəffaf fəaliyyətini yüksək qiymətləndirib və bununla bağlı qurumun sədrinə təşəkkürünü ifadə edib.

 

Daha sonra səsvermə yolu ilə BMU HİK-in 2022-ci ilin  büdcəsi təsdiq olunub.

 

İclas hesabat məruzəsi ətrafında geniş müzakirələrin aparılması və  bir sıra təkliflərin səsləndirilməsi ilə sona yetib.