Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-18 17:46:00
Dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin növbəti mərhələsinə dair təlim keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, pilot layihə üzrə təlimin keçirilməsində əsas məqsəd DİM-in nümayəndələrinin vəzifə təhlili və səriştələrin hazırlanmasına dair bacarıqlarını inkişaf etdirmək və “gələcəyə dair baxış üsulu” və “fokus qruplarla” müsahibə üsulları haqqında nəzəri bilikləri təqdim etmək olub.

 

Təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə səriştə modelinin hazırlanmasında iştirak edən DİM-in müvafiq əməkdaşları üçün keçirilib.

 

Xatırladaq ki, pilot layihənin iştirakçı qurumları olaraq Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Bakı Apellyasiya Məhkəməsi və İqtisadiyyat Nazirliyi seçilib.

 

Təlim SIGMA-nın insan resurslarının idarə edilməsi (İRİE) sistemində təcrübəli eksperti olan Aine Qray tərəfindən keçirilib. İştirakçılar üçün tərcümə xidməti təmin edilib.

 

Qeyd edək ki, SIGMA proqramı çərçivəsində dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin nəticələri Avropa İttifaqı ilə birgə “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsində istifadə ediləcək.