Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-14 12:18:00
Paytaxt müəlliminin çox təsirli müharibə xatirələri, qələbə xəbərinin sevinc göz yaşları-MÜSAHİBƏ-FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi davam edir.

 

Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak edən müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.

 

Layihənin budəfəki müsahibi Bakı şəhəri 294 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və fiziki tərbiyə müəllimi Mehman Hüseynovdur.

 

DOSYE:

 

O, 1956-cı il noyabrın 12-də Cəbrayıl rayonunun Yarəhmədli kəndində anadan olub. 1974-cü ildə Cəbrayıl rayon M.Qorki adına tam orta məktəbi bitirdikdən sonra 1974-1980-ci illərdə Bakı Elektrik Rabitə Texnikumunda (indiki Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci) təhsil alıb. 1975-1977-ci illərdə Macarıstanda hərbi xidmətdə olarkən artilleriya batareyasının idarəetmə taqımının kəşfiyyatçısı kimi çalışıb. I Qarabağ müharibəsi başlayan kimi könüllü olaraq artilleriya batareyasının idarəetmə tağımının komandiri kimi Daşbaşı və Quşçular əməliyyatlarında iştirak edib. Quşçular əməliyyatı zamanı qapalı kəllə-beyin travması və qəlpə yarası alsa da, döyüşü davam etdirərək Cəbrayıl, Ağdam, Horadiz, Füzuli, Murov və Goranboy istiqamətlərində düşmənə qarşı döyüşüb. I Qarabağ müharibəsində iştiraka görə “Vətən naminə”, ”Fədai”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Müharibə veteranı”, “Vətənpərvərlik işində xidmətlərinə görə”, “Böyük Zəfər” medalları və Fəxri Fərmanlarla təltif olunub. Müharibə illərində qələmə aldığı gündəlik əsasında “Döyüşdən sonra döyüş” və “Qanlı döyüşlərin canlı şahidləri” kitablarının müəllifi kimi ”Qızıl Qələm” mükafatına  layiq görülüb. 2006-cı ildən paytaxtdakı 294 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır. Dəfələrlə Fəxri Fərman və diplomlarla təltif edilib.

 

Qocaman döyüşçü, Qarabağın azadlığı uğrunda ilk cəhd

 

“I Qarabağ müharibəsində düşmənə qarşı döyüşmüş, 44 günlük Vətən Müharibəsində isə çağırışçıların, eyni zamanda müvafiq texnika və canlı qüvvənin ön cəbhəyə çatdırılmasında yaxından iştirak etmişəm.

 

1991-ci ildə- I Qarabağ müharibəsində Cəbrayıl rayonunda yaradılan Ərazi Müdafiə Batalyonunda könüllü olaraq düşmənə qarşı mübarizə aparmışam. 1993-cü ildə Ulu öndər Heydər Əliyev Azərbaycanın Nizami Ordusunun yaradılması haqqında qərar verdi və bu batalyonlar ləğv edilərək yerlərdə hərbi hissələr yarandı. 1993-cü ildən həmin hərbi hissələrin tərkibində Cəbrayıl, Ağdam, Horadiz, Füzuli, Murov və Goranboy istiqamətlərində düşmənə qarşı döyüşmüşəm”.

 

II Qarabağ savaşına qatılan təcrübəli döyüşçü

 

“2020-ci il sentyabr ayında Vətən Müharibəsi başlayanda ilk olaraq qeydiyyatda olduğum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə müraciət etdim. Cavab gecikdiyinə görə yaşadığım Qaradağ rayon idarəsinə gələrək könüllü cəbhəyə getmək istəyimi bildirdim. Bu istəyimi müsbət qəbul edərək hələlik qismən səfərbərlik olduğuna görə çağırışçıların və hərbi texnikaların döyüş bölgələrinə çatdırılmasına rəhbərlik etməyimi tapşırdılar. 44 gün ərzində 24 dəfə döyüş bölgələrində oldum”.

 

Silaha sarılmağa tələsən döyüşçülər

 

“Növbəti çağırışçıları məntəqələrə təhvil vermək üçün avtobuslarla yola düşdük. Əvvəlcə bir dəstəni “Goran” təlim mərkəzinə, ikinci dəstəni isə “Goranboy-Ağcakənd” məntəqəsinə təhvil verməli idim. Siyahı üzrə yoxlanışdan sonra valideynlərin gur alqışları altında yola düşdük. Ali Baş Komandanın əmri ilə hücuma keçən qoşunlarımız sürətlə irəliləyir, düşmənə ağır zərbələr vurur, qaçmağa məcbur edirdi. Ordumuzun keçirdiyi uğurlu əməliyyatlar, əldə etdiyi qələbələr çağırışçılarda ruh yüksəkliyi yaratmışdı. Onlar da bir an öncə silaha sarılmağa tələsirdilər. Hamının üzü gülürdü. Yol boyu necə döyüşəcəklərindən, düşməndən necə qisas alacaqlarından danışırdılar. Birinci dəstəni beləcə təhvil verdik".

 

Yolda yaşanan maraqlı hadisələr

 

“Qaraçinar kəndinə çatanda ilk üç mərmi kəndin yuxarı hissəsinə düşdü. Dayanmağın yeri yox idi. Dağların arxasında düşmən mövqelərindən atılan top mərmilərinin işartısı aydın görünürdü. Bir mərmi bizdən arxaya düşdü. Avtobusda tam sakitlik idi. Sükutu pozaraq - “narahat olmağa dəyməz igidlər, belə səsləri çox eşidəcəksiniz"-, dedim. Bu söz sanki çağırışçıları “cana” gətirdi. Yenidən ortam canlanmağa başladı. Qaranlıqda, maşınların işıqları sönmüş vəziyyətdə yola davam edərək, “Ballıqaya” təlim mərkəzinə çatdıq. Təhvil alanların da üz-gözündən yorğunluq, yuxusuzluq yağırdı. Gecə saat 04:00-da çağırışçıları təhvil verib geri qayıtdıq. Həm yuxumuz qaçsın, həm də bir az yorğunluğumuz çıxsın deyə yol kənarında çay içmək üçün dayandıq. Elə bu vaxt təsadüfən qardaşım oğlu Knyazı gördüm. Görüşdük. “Səhər çağı sən hara, bura hara?- deyə soruşdum. Bir neçə gündür ki, Horadiz qəsəbəsində hərbçilərimizin maşınlarını təmir etdiyini söylədi. Knyaz, həqiqətən yaxşı maşın ustasıdır. Sonradan öyrəndim ki, yüngül qəlpə yarası da alıbmış".

 

Viran qalmış yurd yeri

 

Düşməndən bundan artıq nə gözləmək olardı ki? Hər yan   xarabalıq idi. Cəbrayılda öz evimizə çatanda sanki məni cərəyan vurdu. Dizlərim qatlandı. Ayağa qalxmağa taqətim olmadı. Bu evin hər daşında mənim əllərimin izi var idi. Birtəhər ayağa qalxdım. Bu hissləri ifadə eləmək olduqca çətindir. Allah heç kimə ata-baba yurdunun, doğma evinin viran olmuş mənzərəsini görməyi qismət eləməsin”.

 

Göndərilən sovqatlar, məktublar və hədiyyələr

 

“I Qarabağ müharibəsi başlayanda hər bir kənddən, hər bir evdən bizə bağlamalar göndərirdilər. Bu bağlamarda əldə toxunmuş yun corablar, əlcəklər, toxunma köynəklər olurdu. Ən maraqlısı isə həmin əlcək və corablardan çıxan məktublar olurdu. “Əziz əsgər balam. Sən bu corabı geyinib düşmənlə vuruşanda bax, bu qoca nənənin əllərinin istisini hiss edəcəksən. Allah sizləri qorusun”. Başqa bir əlcəkdə gənc bir qızın əsgərə ünvanladığı məktubda deyilirdi: “Əziz əsgər oğlan. Mən bu əlcəyi bir gecəyə toxumuşam. Toxumuşam ki, sənin əllərin silah tutanda üşüməsin. Unutma ki, qalib əsgər kimi sənin yolunu gözləyənlər var. Bu cür məktublar əsgərləri döyüşə daha da ruhlandırırdı”.

 

Yaddan çıxmayan məqamlar

 

“1993-cü il uğurlu Horadiz əməliyyatında olan bir hadisə heç vaxt yadımdan çıxmır. Cocuq Mərcanlını azad etdikdən sonra növbəti gün axşamüstü Mehdili kəndi istiqamətində hücuma keçdik. Tabor ağır-ağır irəliləyirdi. Buna səbəb dünəndən yağan yağış və sulu qar idi. Hər tərəf palçıq içərisində idi. Yerimək olduqca çətinləşmişdi. Mən Artilleriya Diviziyasının kəşfiyyat rəisi olduğumdan həmişə tabor komandirləri ilə irəlidə gedirdim. Qəflətən bir əsgərin qışqırığını eşitdim. Güllə onun sinəsindən dəyib kürəyindən çıxmışdı. Tez bint çıxarıb yarasını sarıdım və özüm onun pulemyotunu götürüb düşməni geri qaçmağa məcbur etdim. Tabor komandiri mayor Telman Haqverdiyev isə qumbaraatanla düşmənə zərbələr vururdu. Telman Haqverdiyev Murov bölgəsində namərd düşmənin gülləsindən şəhid oldu. Qaranlıq düşmüşdü. Daha irəliləmək mümkün deyildi. Gözləməyi əmr etdilər. Hamı özünü qaydaya salır, silah-sursatı yoxlayırdı. Rabitəçim Habil adlı əsgərin çəkməsinin altı qopmuşdu.Yataq dəstinin bir hissəsini kəsib onun ayaqlarını sarıdıq. Əsgər qət edilən yolu ayaqqabısız hərəkət etmişdi. Hamısı cəsur oğullar idi, soyuq, qar-sazaq bilmədən düşmənin üzərinə yeriyirdilər”.

 

Müharibənin 90-cı illərdə gətirdiyi acı fəsadlar

 

“Bir hadisə heç vaxt yadımdan çıxmır. 1994-cü ildə qısamüddətli məzuniyyətə gəlmişdim. Müvəqqəti məskunlaşdığımız Sahil qəsəbəsində səhər çörək almağa getdim. Həddindən artıq növbə var idi. Ağız deyəni qulaq eşitmirdi. Hərbi geyimdə olduğumdan mənə növbədənkənar çörək verdilər. Dükandan çıxanda gördüm ki, cavan bir gəlinin qucağındakı uşaq ağlayır. Özümdən asılı olmayaraq geri dönüb,  “bacı, uşaq niyə ağlayır?- deyə soruşdum. Qardaş, utanmaqdan keçib artıq, dünəndən çörək ala bilmirəm, elə uşaq da acından ağlayır”- dedi. Üç çörək almışdım, birini qadına verdim. Uşaq sevinirdi, elə mən də sevinirdim. Bax, 90-cı illərdə yaşadığımız müharibə bu idi- aclıq, yoxsulluq”.

 

Dəmir yumruğun gücü

 

“Bizim vəzifəmiz Vətənə vətənpərvər ruhda gənc nəsil yetişdirmək, gəncləri bu ruhda tərbiyə etməkdir. Gənclərin nə qədər vətənpərvər olduğunu çağırış məntəqələrində öz gözlərinizlə görməli idiniz. Onda görərdiniz ki, bizim gənclik Vətənini, torpağını nə qədər sevir. Günlərlə evinə getməyən, “məni də aparın” deyən könüllülər var idi. Hətta iş yerindən birbaşa çağırış məntəqəsinə gələn vardı. Elə bu gənclərin vətənpərvərliyi sayəsində “dəmir yumruq” öz işini gördü”.

 

Qələbə xəbərinin sevinc göz yaşları

 

“Goranboy istiqamətindən gəlib yorğun olduğumdan yatmışdım. Gecə saat bir radələri olardı. İnsanların hay-küy səslərinə oyandım. Gördüm ki, hər kəs oyaqdı, küçələrə axışaraq “Qarabağ Azərbaycandır” deyə hayqırırlar. Müharibə bitmişdi, düşmən kapitulyasiya aktına qol çəkmişdi. Bu xəbərdən sonra  yatmaq olmazdı. Səhəri sevinc göz yaşları ilə açdıq”.

 

Müharibədən qayıdan qalib müəllim

 

“Müharibədən sonra ilk dəfə sinif otağına daxil olanda şagirdlərə belə dedim: -Yaşasın Müzəffər Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu. Şagirdlər də bir nəfər kimi bu sözləri sevinc göz yaşları ilə təkrar etdilər.

 

Şagirdlərə gördüklərimdən, Azərbaycan əsgərinin göstərdiyi sücaətlərdən danışmaqdan yorulmadığım kimi, onlar da müharibədən, əsgərlərimizin düşmənlə necə mübarizə aparmasından, qazanılan şanlı Zəfərlə bağlı suallardan usanmırdılar. Bax, budur qələbənin verdiyi qürur.

 

Mən onsuz da müəllimliyə döyüşdən sonra başlamışdım. Belə qürurverici hissi necə ifadə eləmək olar, bilmirəm”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları