Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-10 13:34:00
    Nadir İsrafilov: İdarəetmənin funksiyalarını işlək hala gətirmək barədə düşünməliyik...”  

Təhsil bir sistem olaraq idarə olunur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi məsələləri kifayət qədər öz əksini tapıb. Sistemə müvafiq olaraq, təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.  

 

Son zamanlar müəlim-şagird münasibətlərində baş verən müxtəlif hadisələrdə daha çox təhsil müəssisələri qınaq obyekti olsa da, şagird və valideynlərin məsuliyyət payını gündəmə gətirənlər də az deyil. Müasir dövrdə təhsil müəssisələrində fəaliyyətin təşkili və idarə olunması daha da aktuallaşaraq müstəsna əhəmiyyət kəsb edən amillərdən biridir. Səmərəli idarəetmə planlaşdırma, təşkil etmə, rəhbərlikvə nəzarət funksiyalarının necə yerinə yetirilməsindən daha çox asılıdır. Son onillikdə isə idarəetmə funksiyalarına daha iki funksiya – tənzimləmə və əlaqələndirmə funksiyaları da əlavə olunub.

 

Əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" nda üçüncü strateji istiqamət  təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutulur. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.

 

Kiçik bir xatırlatma edim ki, idarəetmə - qarşıya qoyulmuş məqsəd və vəzifələri həll etmək üçün idarəetmə subyektlərinin müvafiq obyektlərə təsir göstərməsi ilə bağlı fəaliyyət növüdür. Məktəbi idarəetmə dedikdə, pedaqoji proses iştirakçılarının məqsədyönlü qarşılıqlı təsiri başa düşülür. İdarəetmənin struktur ünsürlərinə idarəetmə subyektləri və obyektləri, habelə onlar arasındakı qarşılıqlı münasibətlər daxildir.

 

İdarəetmənin metodları dedikdə, qarşıya qoyulmuş məqsədə çatmaq üçün idarəetmə obyektinə edilən təsir yolları, vasitələri başa düşülür. İdarəetmənin ümumi metodları hansılardır? “Müşahidə metodu”; “Müsahibə metodu” ; “Tələb metodu” ; “Təlimatlandırma metodu” ; “İctimai rəy metodu”; “Rəğbətləndirmə metodu”; “Cəzalandırma metodu”; “Sosial-psixoloji metodlar” və s.

 

İdarəetmənin funksiyalarından və metodlarından danışarkən, indi gəlin görək, hamımız mı bu məsələləri lazımi səviyyədə həyata keçiririk? İdarəetmənin ən zəruri funksiyalarından biri olan planlaşdırmanın məqsəd və vəzifələrini, onun strateji, taktiki və cari hədəflərini düzgünmü müəyyənləşdiririk? Və ya planlaşdırdığımız işləri lazımi səviyyədəmi təşkil edirik? Təşkiletmədə səlahiyyət və cavabdehlik bölgümüz varmı? Təşkil olunan işlərə rəhbərlik nə dərəcədə həyata keçirilir,  qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əzmkarlıq göstərmək və zəruri resursları lazımı istiqamətdə cəmləşdirməyə rəhbərlik etmək səriştəmiz kifayət edirmi? İcraata nəzarət mexanizmlərimiz hansılardır və bunlar nəzarəti həyata keçirməkdə nə dərəcədə effekt verir?

 

Suallar çoxdur. Cavab isə birdir. İdarəetmənin funksiyalarını işlək hala gətirmək barədə dünməliyik.Yəni, ən əsas məsələ idarəetmədə yol verdiyimiz boşluqlardır. Ona görə də bu boşluqlar aradan qaldırılmalıdır. Cəmiyyət inkişaf etdikcə təhsil, təhsil inkişaf etdikcə cəmiyyət inkişaf edir. Təhsil cəmiyyətin inkişafına uyğunlaşdırılmalıdır, yoxsa, cəmiyyət təhsillə uzlaşdırılmalıdır? Bu da günümüzün suallarından biridir...