Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 15:46:00
Ermənistan məktəblərində koronavirus tüğyan edir

Ermənistanda təhsil müəssisələri distant tədrisə keçidin müzakirəsini aparır.  AzEdu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son günlər bu ölkədə koronavirusa yoluxmada sürətli artım təhsil müəssələrinin işini pozub.


Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin qeyri-infeksion xəstəliklərin qarşısının alınması şöbəsinin rəhbəri Romella Abovyan bildirib ki, məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində 1563 işçi və uşaq koronavirusa yoluxub.

O, əlavə edib ki, məktəblərdə təkcə koronavirusa görə deyil, həm də kəskin respirator infeksiyalara görə şagirdlərin dərsə gəlməməsi müşahidə olunur.
 

"Yalnız İrəvandakı məktəblərdə 1098 nəfər virusa yoluxub. Bir çox məktəblər distant təhsilə keçir, çünki yoluxmuşların sayı şagird və müəllimlərin sayının 10%-ni ötüb", - o bildirib.

 

Abovyan əlavə edib ki, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə gündəlik müzakirələr aparılır.

 

“Distant təhsilə tam keçidə ehtiyac yarandıqda biz təkliflə çıxış edəcəyik”, - deyə Romella Abovyan  vurğulayıb.

 

Təhsil Nazirliyindən bildirilib ki, distant tədrisə keçmək üçün 108 məktəbdən 48-i tam, qalanları isə qismən keçid üçün müraciət edib. “Ermənistanda müəllim və tələbələrin 10%-i koronavirusa yoluxsa, məktəblər tam distant təhsilə keçə bilər”, - nazirlik bildirib.

 

Qeyd edək ki, hazırda ölkədə 396 885 koronavirusa yoluxma faktı təsdiqlənib, son 24 saat ərzində 2 811 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya zamanı xəstəlikdən 8108 nəfər ölüb (son 24 saat ərzində +6).